Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:32

Avqustun 10-da İlham Əliyev Salyan və Lənkərana gedəcək


Prezident İlham Əliyevin Şamaxıya səfəri, 26 aprel 2005

Prezident İlham Əliyevin Şamaxıya səfəri, 26 aprel 2005

Avqustun 10-da prezident İlham Əliyev Salyan və Lənkərana səfər edəcək. Salyan Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ölkə başçısı Heydər Əliyev adına muzey və parkın açılışında iştirak edəcək, daha sonra tikilməkdə olan Olimpiya Kompleksinə baş çəkəcək.


Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Hüseynov isə bildirir ki, ölkə başçısının gəlişilə bağlı şəhərdə bir neçə ay əvvəl başlanan abadlıq işləri qismən də olsa başa çatdırılıb. Cənab Hüseynov rayonda elə bir ciddi problem qalmadığını desə də, sakinlər bunun əksini bildirirlər. Salyan sakini Emil Məmmədov bildirir ki, aparılan abadlıq onların ürəyincə olsa da, işsizlik, elektrik enerjisinin verilməsində fasilələr, su və qazla bağlı problemlər insanları daha çox narahat edir. Bundan başqa, Kür çayının daşmasından əziyyət çəkənlər onlara verilməli olan kompensasiyanı da ala bilmirlər: «Qadınlar səhər tezdən marşrutlarla Bakıya süd-qatıq daşımaqla ailələrini dolandırmaq məcburiyyətindədirlər. İş yerləri olmadığından rayonun kişi əhalisi çayxanalarda domino oynamaqdan bezib».


Prezidentin səfərilə bağlı son bir həftədə rayona elektrik enerjisinin müntəzəm verildiyini deyən Emil Məmmədovun sözlərinə görə, bundan əvvəlki günlərdə şəhərə 10-12 saatdan artıq enerji verilməyib.


Yaz-payız mövsümlərində Kürün daşqınlardan zərər çəkdiyini bildirən Salyan şəhər sakini Narxanım Bədəlova isə bildirir ki, həyat yoldaşı problemlərin həllilə bağlı dəfələrlə Bakıya gedib-gəlsə də, heç bir nəticə əldə edə bilməyib. Xanım Bədəlova onu da əlavə edir ki, rayonda gənclər iş tapmaqda çətinlik çəkirlər.


Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Hüseynov isə deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, tikilməkdə olan Olimpiya Kompleksi elə iş yeridir. Elektrik enerjisinin verilməsində fasilələrə gəldikdə, cənab Hüseynov bunun səbəbsiz olmadığını deyir: «Salyan işıq pulunu ödəməkdə axırıncı yerlərdən birini tutur. Pul verməkdən deyil, ödənişdən danışırlar. İşıqla bağlı rayonda heç bir problem yoxdur. Bir də hazırda kabelləşmə sistemi aparıldığından elektrik enerjisinin verilməsində müəyyən fasilələr var, başqa heç nə...»


Günün sonunda prezidentin Lənkəran şəhərinə gedəcəyi gözlənilir. «Xəzər-Lənkəran» futbol klubunun yeni tikilən stadionunun açılışında iştirak edəcək ölkə başçısının növbəti gün Diaqnostika Mərkəzi, toxuculuq fabriki və Xalq Yaradıcılığı Mərkəzinin açılışında olacağı, Heydər Əliyev parkına və şəhər bulvarına da baş çəkəcəyi gözlənilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG