Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:39

Temperatur 42 dərəcəni ötdüyü halda iş dayandırıla bilər


Avqustun 11-dən istilərin yenidən başlayacağı, ayrı-ayrı bölgələrdə temperaturun 40 dərəcəyədək qalxacağı gözlənilir

Avqustun 11-dən istilərin yenidən başlayacağı, ayrı-ayrı bölgələrdə temperaturun 40 dərəcəyədək qalxacağı gözlənilir

Nazirlər Kabinetinin şöbə müdiri Oqtay Haqverdiyevin sözlərinə görə, havanın temperaturu 42 dərəcəni ötərsə, iş günü qısaldıla, hətta strateji obyektlər istisna olmaqla bütün müəssisələrdə iş dayandırıla bilər. Amma bu cür isti bütün ölkədə yox, ayrı-ayrı regionlarda müşahidə olunarsa, qərarı Nazirlər Kabineti yox, yerli icra hakimiyyəti başçıları qəbul etməlidirlər.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Proqnozlar Bürosundan isə avqustun 9-da Naxçıvan Muxtar Respublikasında və bəzi aran rayonlarında havanın temperaturunun 42 dərəcəyədək yüksəldiyi bildirilir. Bununla belə, rayonlarda iş saatının qısaldılması və ya təcili-tibbi yardım həkimlərinin hazırlıq vəziyyətinə gətirilməsi üçün heç bir qərar verilməyib.


Bakıda və Abşeron yarımadasında isə temperaturun 38-40 dərəcə olduğu bildirilir. Hidrometeoroloji Proqnozlar Bürosunun rəhbəri Umayra Tağıyevanın sözlərinə görə, şəhərdə binaların və maşınların sıxlığı da temperaturun artmasına səbəb olur: «Günəş asfaltı, binaları qızdırır. Bu da istilik effektini kəskinləşdirir».


Nazirlər Kabinetindən deyirlər ki, kəskin istilər bir neçə gün davam edəcəyi halda, iş gününün qısaldılması haqda qərar verilə bilər. Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görəsə, avqustun 9-dan 10-a keçən gecə temperatur 5-6 dərəcə aşağı düşsə və şimal-qərb küləyi güclənsə də, ayın 11-dən istilər yenidən başlayacaq. Temperatur ayrı-ayrı bölgələrdə 40 dərəcəyədək qalxacaq. Avqustun ortalarından isə hava sərinləşəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG