Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:17

Cəmil Quliyev: «Azərbaycan kinosu çağdaş standartlardan geri qalıb»


Kinorejissor Cəmil Quliyevlə söhbət, 3 avqust 2006

Kinorejissor Cəmil Quliyevlə söhbət, 3 avqust 2006

AZADLIQ : Bir kino həvəskarından eşitdiyim sualı Sizə ünvanlamaq istəyirəm: mədəniyyətin hər hansı sahəsinə, o sıradan kinematoqrafa ildə bir gün ayırıb bayram etmək sənətə nə verir və dolayısıyla cəmiyyətə nə verir?


CƏMİL QULİYEV : Hər şey sənətçilərin özündən asılıdır və hətta hər gün bayram üçün əsas tapmaq olar. Müxtəlif festivallar, yarışmalar, təqdimatlar, simpozium və seminarlar elə bayram deyilmi? Və bir gün – Milli Kino Günü – sakinlərimizin kinematoqrafla ilk tanışlığının növbəti dəfə xatırlanmasından, sadəcə, kino işçilərinin bayramından başqa bir şey deyil. Cəmiyyətə – kinoseyrçilərə isə onların fəaliyyətini kənardan dəyərləndirmək qalır və kinematoqraf bütün problemləri ilə gündəmdən düşmür.


AZADLIQ : Cəmil bəy, dünya kinosunda nələr baş verir. Siz – kino sənətçiləri olub-bitənlərdən necə xəbər tutursunuz?


CƏMİL QULİYEV : Əsasən Ümumdünya Kompüter Şəbəkəsi – bu «sevimli hörümçək» vasitəsi ilə. O biri yandan kinovideo məhsullarının ölkəmizə sürətlə çatdırılması da öz nəticəsini göstərir. Hərçənd, o məhsulların qanuni, yaxud qanunsuz yollarla və kimlər tərəfindən çatdırılması da ayrıca problemdir və burada qayda yaratmaq uyğun dövlət qurumlarından asılıdır. Dünya kinematoqrafında nələr baş verdiyindən xəbər tutmaq üçün ədəbiyyatın da rolu danılmazdır və bəlkə daha böyükdür. Bu sahədə problem aktuallığını saxlayır. Nəinki tərcümə ədəbiyyatını tapmaq, hətta yabançı dillərdə çıxan kitabların əldə edilməsi də böyük problemdir. Yenə nə yaxşı ki, İnternet var!..


AZADLIQ : Ünlü Oskar mükafatları Akademiyası bu il ilk dəfə Azərbaycana da səsləndi və ölkəmizi «əcnəbi filmlər» nominasiyasına qatılmağa çağırdı. Buna həmkarlarınızın və Sizin reaksiyanız necə oldu?


CƏMİL QULİYEV : Sevincdən çox ağrı ilə qarşıladıq həmin xəbəri. Azərbaycan kinosu çağdaş standartlardan geri qalıb. Həm səsyazma texnikası, həm də çəkiliş və montaj avadanlığı baxımından. Peşəkarlığın yüksəldilməsinə ehtiyacı da dana bilmərik. Bir sözlə, yaxın vaxtlarda «Oskar» almağımız xam xəyal kimi görünür. Ancaq kinostudiya müasir avadanlıqla və maliyyə ilə təmin olunarsa – bu yöndə işlər gedir – «Azərbaycanfilm» kino fabrikinə çevrilərsə, «Oskar»a aparan yol qısalar.


AZADLIQ : Cəmil bəy: bir il sonrakı Kino Günü hansı halda, sözün əsl mənasında, üz güldürərdi? İlk növbədə də seyrçilərin üzünü...


CƏMİL QULİYEV : Ən azı builki tempi qorusaq, «kino fabriki» ideyasını gerçəyə çevirsək, sənətkarlığımızı artırsaq – durmadan-yorulmadan düşünüb-yaradıb-çalışsaq, gələn il üzümüz güləcək. Yoxsa, yenə xatirələrə dalacaq, «filan vaxt belə işlər görmüş, gözəl filmlər çəkmişdik» qəbilindən üstüörtülü və açıq gileylərə təslim olacağıq. Ancaq potensialımıza, özəlliklə gənclərin perspektivinə-bacarığına, inamına güvənməyə dəyər. Üzümüz gülmək üçün darıxıb.


XS
SM
MD
LG