Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:41

Xaricdə işləyən azərbaycanlılar necə təqaüd alacaqlar?


Xaricdə işləyən azərbaycanlılar arasında məcburi sosial sığortayla bağlı maarifləndirmə aparılmasına ehtiyac var

Xaricdə işləyən azərbaycanlılar arasında məcburi sosial sığortayla bağlı maarifləndirmə aparılmasına ehtiyac var

Şöhrət Nəbiyev bir neçə ildir ki, dolanışıq ardınca Rusiyaya gedib. Çörək pulunu Moskva bazarından çıxartsa da, məcburi sosial sığortaya cəlb olunmayıb. Bu isə o deməkdir ki, Şöhrət təqaüd yaşına çatanda dövlətdən sosial müavinət ala bilməyəcək.


Amma Şöhrət kimi əmək miqrantları işlədikləri dövlətdə məcburi sosial sığorta haqqı ödəsələr, vətənə qayıdanda təqaüdlə təmin oluna biləcəklər. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu onlara bu imkanı yaradır. Fond Aparatının rəhbəri Əjdər Cəbiyev deyir ki, onlar Azərbaycan vətəndaşlarının daha çox üz tutduğu ölkələrlə danışıqlar aparırlar. Hazırda isə Baltikyanı ölkələrlə müzakirələr gedir: «Biz bu ölkələrlə müzakirələr edirik ki, bu ölkədə sosial sığorta haqqı ödəyən vətəndaşlarımız pensiyalarını vətəndə rahat ala bilsin».


Əjdər Cəbiyev deyir ki, onlar Türkiyəylə belə bir razılaşmanı artıq həyata keçirirlər. Azərbaycanlıların daha çox üz tutduğu Rusiyayala imzalanan müqaviləni isə Azərbaycan parlamenti ratifikasiya edib, qalıb Rusiya Dumasının qərarı.


Cənab Cəbiyev əmin edir ki, xarici ölkələrdə məcburi sosial sığorta haqqı ödəyən Azərbaycan vətəndaşları ödədikləri məbləğə uyğun təqaüd alacaqlar: «Vətəndaşın çalışdığı dövlətdə pensiya haqqı nə qədədərdirsə, bizdən də o qədər pul alacaqlar. Bu pul Azərbaycanın büdcəsindən verilməyəcək, müqavilə bağlanan ölkə vətəndaşın pensiyasını bizə ödəyəcək və biz də ona verəcəyik. Yəni mexanizm belədir».


Amma İqtisadi Tədqiqatlar Mərkəzinin ekspert Rövşən Ağayevin fikrincə, bunu reallaşdırmaq çətin olacaq. Çünki bəzi ölkələrdə Azərbaycan vətəndaşları məcburi sosial sığorta haqqı ödəmirlər: «Təbii ki, Azərbaycanda olduğu kimi Rusiyada da gizli iş yerləri var. Azərbaycanda olduğu kimi Rusiyada da işləyənlərin əksəriyyətinin əmək müqaviləsi yoxdur, bu baxımdan problemlər yaranacaq. Amma ideyanın aktuallığı kifayət qədər mühümdür».


Dövlət Sosial Müdafiə Fondunun məsul işçisi Əjdər Cəbiyev isə ümid edir ki, vaxtı çatanda təqaüd almaq istəyənlər məcburi sosial sığorta haqqı ödəməyə maraq göstərəcəklər. Rusiyada işləyən Şöhrət Nəbiyev də onun kimi əmək miqrantları arasında məcburi sosial sığortayla bağlı maarifləndirmə aparılmasına ehtiyac var.


Günün bütün mövzuları

XS
SM
MD
LG