Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:38

«Gəlirlər, baxırlar, gedirlər…»


Seldən sonra 4 saylı bina çat verib. 6 Avqust 2006
Seldən sonra 4 saylı bina çat verib. 6 Avqust 2006

«Gecə saat 3-4 olardı, bir göy çatladı ki, dedim yəqin zəlzələ oldu. Ondan sonra da yağış durmadan yağmağa başladı. Dayanmadı, yağdı-yağdı, çay daşdı, səhər çıxdım həyətə ki, ay qız gəl gör çayda nə səs var. Əsas Qoxmuğa ziyan dəydi, camaatın toyuq-cücəsini, əkin-biçinini apardı». Üstündən düz bir həftə keçsə də, indi də Şəkidə adamların çoxu Rəxşəndə xala kimi iyulun 25-də baş verən daşqından, Şəkinin necə susuz qalmasından danışır. Düzdü, bir neçə gün əvvəl Şəkidə şəhərin özünə lili də olsa içməli su verilib. Ancaq rayonun ziyan dəymiş kəndlərində camaat hələ də selin gətirdiyi çətinliklər içində yaşadıqlarını deyir.


Taksi sürücüsü Əhəd məni əvvəlcədən xəbərdar elədi ki, daşqından sonra yollar bərbad olduğundan indi sürücülər Qoxmuq kəndinə qiyməti qaldırıb. «Yolları görürsüz, gedib-gəlmək olmur».


Qoxmuq kəndində əvvəllər 4 saylı binada yaşamış 16 ailə binanın qarşısına toplaşıb nahar edirdi. Deyirlər ki, çay daşan gün bina yarasız vəziyyətə düşəndən sonra bir həftədir ki, 16 ailə səhərdən-axşamacan küçədədir.


«Gündüz saat 11 idi. Bir sel gəldi ki... Yaxşı ki, gündüz idi, axşam olsaydı, nə edərdik». Sakinlər ərazinin sanitariya baxımından yararsız hala düşdüyünü və insan sağlamlığı üçün təhlükə törətdiyini deyirlər. «Uşaqlarımızın çoxu, özümüz də xəstəyik. Hər tərəf çirkab, mikrobdur». 4 saylı binanın sakinlərinə kirayə ev veriləcəyi deyilir, amma hələ ki, bir yenilik yoxdur.


Şəki rayon icra hakimiyyətində yaradılmış Mülki Müdafiə Qərargahının rəisi Valeh Ələkbərov isə deyir ki, hökumət dəymiş ziyana görə 2 milyon yeni Azərbaycan manatı ayırıb. «Qoxmuqdakı bina tam təmir olunacaq. Adamlar təmirdən çıxan evlərinə qayıdacaqlar. Səlahiyyətli komissiya da bir neçə gün sonra qərar verəcək. Camaata demişik ki, harada istəyirsiniz, nə qədər istəyirsiniz, kirayə qalın, vəsaiti icra hakimiyyəti ödəyəcək».


Qoxmuq kəndinin sakinləri isə gözləyir: «Gözləyirik ki, gəlib nəsə deyəcəklər. Ancaq hələ ki, gəlirlər, baxırlar, gedirlər… Nəsə eləyən yoxdur».


XS
SM
MD
LG