Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:06

«Mərkəz»: «Manat bahalaşacaq»


«Gündəlik Azərbaycan» qəzeti yazır ki, «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırış vərəqi alıb. Çağırış vərəqəsində göstərilən ərizənin nəylə bağlı olması barədə heç nə deyilmir. Qəzetin «Müxalifət politoloqların «çərçivə sazişi» təklifi ilə razılaşır» başlıqlı başqa bir məqaləsində isə, Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT-in Minsk Qrupu həmsədrlərinin açıqladığı prinsiplərə bir qrup politoloq və ictimai xadimin münasibəti şərh olunub. Müəllif müxalifət nümayəndələrinin də politoloqların yaydığı bəyanata münasibətini öyrənib. Müsavat Partiyasının başqanı İsa Qəmbər məsələnin politoloqların təqdim etdiyi variantda müzakirəsini mümkün sayıb. AXCP sədri Əli Kərimlinin də fikrincə, politoloqlar həmsədrlərin açıqladığı «çərçivə sazişi»nin prinsiplərinə haqlı düzəlişlər təklif edib.


«Mərkəz» qəzetindəki «Manat bahalaşacaq» başlıqlı məqalədə dolların ucuzlaşması, Azərbaycan manatının isə bahalaşması prosesi şərh olunur. Müəllif yazır ki, mütəxəssislər bu amili Azərbaycan manatının möhkəmlənməsi kimi qiymətləndirir. Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırovun dediyinə görə, Milli Bank bazarda manat kütləsini artırmaqla manatın bahalaşma, möhkəmlənmə sürətini tənzimləmək istəyir. Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə isə, son zamanlar manatın bahalaşmasının əsas səbəbi ölkənin valuyta bazarında olduqca böyük həcmdə valyuta satışının olması ilə bağlıdır. Bahalaşma prosesinin nə vaxt dayanacağına gəlincə, Sabit Bağırovun fikrincə, biz manatın möhkəmlənmə prosesini hələ bir neçə il müşahidə edəcəyik. Müəllif onu da qeyd edir ki, manatın bahalaşmasının qarşısını almaq və bu istiqamətdə gedən prosesləri tənzimləmək üçün Milli Bank sərt pul-kredit siyasəti həyata keçirir.


«525-ci qəzet»in əməkdaşı dünən Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən İslam Konfransı Təşkilatı İcraiyyə Komitəsinin fövqəladə iclasını şərh edib. Müəllifə görə, iclasda müzakirə olunan məsələlərin yekunu olaraq imzalanan bəyanatın real olaraq Livanda sülhə nə dərəcədə töhfə verəcəyini söyləmək çətindir. Ən azı o səbəbdən ki, İslam Konfransı Təşkilatı hələ də beynəlxalq arenada real söz və qətiyyət sahibi olan bir qurum deyil və onun demək olar ki, bütün qərarları daha çox deklarativ xarakter daşıyır. Fikrini əsaslandırmaq istəyən müəllif təşkilatın Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı qəbul etdiyi onlarla sənədin aqibətini xatırladır.


«Xalq Cəbhəsi» qəzetinin əməkdaşı sadə Azərbaycan vətəndaşlarına «Nazirlər Kabinetinin fəaliyyətindən razısınızmı?» sualı ilə müraciət edib. Vətəndaşların böyük əksəriyyətinin cavabı birmənali olub. Onların fikrincə, indiki Nazirlər Kabineti və bir çox icra başçıları dəyişdirilməlidir və bu islahat zamanı sadə vətəndaşların da istəyi nəzərə alınmalıdır. Bir qrup vətəndaş isə Nazirlər Kabinetinin prezidentin iradlarından nəticə çıxaracağına və bu sahədə bir çox qüsurların yaxın zamanda aradan qaldırılacağına ümid edir.


XS
SM
MD
LG