Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:27

Yaşıl Teatrın fəaliyyətə başlaması üçün «yaşıl» işıq nə vaxt yanacaq?


Hazırda Yaşıl Teatr fəaliyyətə başlamaq üçün maliyyə gözləyir, 3 Avqust 2006
Hazırda Yaşıl Teatr fəaliyyətə başlamaq üçün maliyyə gözləyir, 3 Avqust 2006

Deyəsən, bu yay da vaxtilə Bakıda əhalinin sevimli istirahət yerlərindən biri olan Yaşıl Teatrın qapıları bağlı qalacaq. Prezident bu teatrın bərpası ilə bağlı hələ keçən il tapşırıq vermişdi. Həmin tapşırığa görə, şəhərin ən mənzərəli yerində, Dağüstü Parkın aşağısında yerləşən Yaşıl Teatr bu yay istifadəyə verilməliydi.


Hazırda teatrda fəhlələr işləyir. Onlar köhnə daş döşəmələri çıxarıb, tullantıları maşınlara yükləyirdilər. 16 ildir qapısı bağlı olan teatrın direktoru Eldar Xəlilov deyir ki, bu gedişlə teatrın nə vaxt fəaliyyətə başlayacağını deyə bilməyəcək.


12 hektar ərazisi olan, 2100 yerlik Yaşıl Teatrın bərpadan sonra hansı vəziyyətdə olacağını direktor özü də təsəvvür edə bilmir. Çünki ortada konkret iş yoxdur.


Teatrın təsərrüfat şöbəsinin müdiri Firuz Zeynalovsa deyir ki, ərazinin genişləndirilməsi də mümkündür: «Ola bilsin ki, buranı böyütsünlər. Oturacaqların sayı çoxalsın».


Ancaq teatrın əməkdaşları bərpadan elə də ürəklə danışmadılar.


Azərbaycan estradasının qocaman ulduzlarından olan Oqtay Ağayev ötən əsrin 60-cı illərini - Yaşıl Teatr fəaliyyətə başladığı günləri xoş anlarla xatırlayır. Çünki özü də uzun illər bu teatrın səhnəsində oxuyub: «Həmin səhnədə elə mahnılar oxuyurdum ki...Yadıma gəlir, ora Türkiyədən, Rusiyadan müğənnilər gəlirdi».


Mədəniyyət yazarı Seymur Elsevərsə deyir ki, dövlətin kiçik yardımı belə teatrın işə düşməsinə təkan ola bilər: «Yaşıl Teatr alternativsiz, heç bir teatra bənzəməyən və yaxşı perspektivi olan teatrdır. Rentabelliyə gəldikdə isə dövlət tərəfindən dotasiya ayrılsa, müəssisə konsertlərini bərpa edəcək və işə düşəcək. Çünki keçmiş təcrübədən görünür ki, bu teatr özünü yaşada bilər». İndiliksə Yaşıl Teatr fəaliyyətə başlamaq üçün maliyyə gözləyir.


Bakıda vaxtilə kinoteatrların da açıq yay zalları vardı. İndi bunların da heç biri işləmir. Mədəniyyət Nazirliyindən bildirdilər ki, hələ kinoteatrların bağlı zallarının bərpası planlaşdırılır. Açıq zalların bərpası isə planda yoxdur.


XS
SM
MD
LG