Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:26

«Bizimki» ədəbi elektron dərgisinin artıq 3 min oxucusu var


Səməd Səfərov və Aysel Novruz "Azadlıq" radiosunun Bakı Bürosunda, 28 iyul 2006

Səməd Səfərov və Aysel Novruz "Azadlıq" radiosunun Bakı Bürosunda, 28 iyul 2006

«İz» mədəniyyət proqramı bu dəfə virtual ədəbiyyatdan söz açır. Azərbaycanda gənclərə ünvanlanan ilk ədəbi elektron dərginin yaradıcılarından biri – Səməd Səfərov və dərginin fəal müəlliflərindən Aysel Novruz proqramın qonaqları olublar.


AZADLIQ: İndi sizləri daha yaxından tanıyaq. Lütfən, «Elektron dərgi» nədir» sualını cavablayın...


SƏMƏD SƏFƏROV: Mən Moskvada metallurgiya menecmenti üzrə təhsil alıram. Ədəbi yaradıcılıq hobbimdir. Elektron dərgi deyərkən, adi veb-sayt nəzərdə tutulur.


AYSEL NOVRUZ: Mən musiqişünas olacağam. Fransada təhsil alıram. 3 ildir oradayam. Sualın 2-ci hissəsinə gəlincə, kağız dərgilərdən bir fərqimiz də odur ki, müəlliflərin üzünü görmür, hətta heç tanımırıq da. İnternetə qoşul, veb-səhifəyə gir, sonra istəyirsən, yazılarını, şərhlərini göndər, istəyirsən, sadəcə, oxu və tanış ol...


AZADLIQ: İndi söyləyin görək, az oxunursunuz, ya çox? Axı saytda girişlərin sayını izləmək mümkündür...


SƏMƏD SƏFƏROV: Sayğaca baxarkən, 3-cü sayımızdan sonra artıq 3 min nəfər oxucumuzun varlığından danışa bilərik. Azərbaycan üçün pis rəqəm deyil.


AYSEL NOVRUZ: Hətta demək olar ki, normadan artıqdır. Başlanğıcı daha azsaylı bir rəqəmlə təsəvvür edirdik.


AZADLIQ: Dərgiyə «Bizimki» adını qoymaq kimin ağlına gəlib? Digər şəxs əvəzliklərindən çəkinirsiniz yoxsa? Təbii ki, Səməd bəy cavab verməlidir bu suala...


SƏMƏD SƏFƏROV: Yox, çəkinmirik, sadəcə, ad qoymaq çox uzun çəkdi. Həbib Müntəzirin ideyası idi bu dərgi. O, Almaniyada yaşayır. Çox düşünüb-daşınıb «Bizimki» adının üstündə dayandıq.


AYSEL NOVRUZ: Yazışmaya çoxları, o sıradan mən də qatılmışdım. Əvvəlcə «Bizimki» adını bəyənmədim. İndi ürəyimcədir: zəifli-güclülü biz gənclər müxtəlifik. Önəmlisi budur ki, bu bizik.


AZADLIQ: Son sual, dostlar: elektron ədəbi dərgidə «qonorar» söhbəti də olacaq? Axı hansı yazar qonorardan qaçar, hə?


SƏMƏD SƏFƏROV: Bizi Yeni Qvineya adalarında da oxuyurlarsa, bundan böyük qonorar olmaz. Hər yerdən, söhbət xarici ölkələrdən gedir, müəlliflərimiz var. Üstəlik, sayları artır...


AYSEL NOVRUZ: Əsərim varsa, Allahdan ən böyük qonorarım da odur. Maddi sıxıntım olsa, bəlkə yazılarıma görə pul almaq da ağlıma gələrdi. Bir coğrafiyada deyil, bütün coğrafiyada oxunmaq-tanınmaq-ünsiyyət saxlamaq imkanımız var. Bundan böyük qonorar olar?!



«Bizimki» dərgisindən (www.bizimki.net) ədəbi örnəklər:


Oqtay Hacımusalı


Yerin altında
İnsanlar daha da
Səmimidirlər
Orda əzab da
Yoxdur
Zülm qənimidirlər
Nə rüşvət var
Nə iyrənc məddahlıq
Nə yoxsul var, nə kasıb
Elə hamı 250 manata
Yuxarıdakı hayatdan da
Yaxşı həyata
Sahib olur
Təkcə 250 manata


Yadigar Cəfərli


Aparın, atın məni
meşələrə, çaylara,
Torpaqlara qum səpin,
Külək sovsun, aparsın,
Yerdə izim qalmasın.
Qalmasın qəbrimin
qara daşlı ünvanı.
Basmasın o daşları
qaratikan kolları.



Əbdul Fəqir (Məktəblilər üçün sinifdənxaric oxu)




Uşaqlıqda çox kasıb olmuşam, mənim qardaşım. Açığı desəm, heç indinin özündə də o qədər varlı deyiləm ki, işə bir az tez çatmaqdan ötrü özümü metronun qabağında dayanmış mikroavtobuslara soxanda hansısa tanışın mənə doğru fanar kimi işıldayan gözləri ilə rastlaşıb, mənzil başında onun əvəzinə də bir «nizami» ziyana düşəndən sonra nə qədər tələssəm belə, xəyalən yolumu bu cür gözəl dünyada belə bir ziyankar züryəti qoyub gedənlərin sümüklərinin rahatca uyuduğu qəbiristanlıqlar tərəfdən salmayım.



XS
SM
MD
LG