Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 05:53

«Son vaxtlar Azərbaycanı ya şadlıq evlərində görürəm, ya da cümə axşamlarında...»


Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, 19 İyul 2006

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, 19 İyul 2006

Azərbaycanın və keçmiş SSRİ-nin xalq artisti, dövlət mükafatları laureatı, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli «Tanınmışlar»ın qonağıdır. O, daha çox sadə insanlarla ünsiyyətdə olmağı xoşlayır. Son dövrlər cəmiyyətdə ziyalıların nüfuzunun aşağı düşməsindən narahatdır. Ən böyük arzusu isə Şuşada məktəb tikməkdir, istəyi isə məmurların millət üçün işləməsidir.


Fərhad Bədəlbəyli əslən Şuşalı olduğunu deyir: «Babam Üzeyir bəy Hacıbəyovun xalası oğlu idi. Üzeyir bəylə eyni vaxta anadan olublar və hər ikisi Qori Müəllimlər Seminariyasında oxuyublar». Babası da Seminariyanı bitirən digər məzunlar kimi Azərbaycanda maarifçilik işi ilə məşğul olur. «Hazırda Qafqaz Universitetinin yerləşdiyi bina Bədəlbəyin məktəbi olub. Mən çox şadam ki, indi həmin yerdə təhsil ocağı yerləşir, hansısa mağaza, şadlıq sarayı yox. Həmin binada Əfrasiyab Bədəlbəylinin Qəmər Almaszadə ilə toyu olub, həmin toyda Hüseyn Cavid masabəyi olub. Üzeyir bəy, Ceyhun Hacıbəyli tez-tez ora gələrdi. Onlar çox istedadlı insanlar idi və ən böyük arzuları da Azərbaycanı azad görmək idi». Bədəlbəylilər nəsli üçün sovet dövrü heç də hamar keçməyib. Deyir ki, 1937-ci il repressiyaları zamanı atasının iki qardaşı - Sərvəri və Davudu Sibrə sürgün ediblər. 25 il sürgün həyatı yaşayıblar.


«Əmim Əfrasiyab Bədəlbəyli 1940-cı ildə Şərqdə ilk baleti - «Qız qalası» baletini yaradıb. Bu gün də həmin əsər opera teatrının repertuarında uğurla yer alır. Atam isə Musiqili Komediya Teatrı yaradıb. Bədəlbəyin doğma qardaşı Əhməd Ağdamski uzun illər Azərbaycan səhnəsində qadın rollarını ifa edib. Bunun özü əslində çox böyük kişilik tələb edirdi».


Piano ifaçısı olmaqda maestro Niyazinin böyük rolu olub. «Uşaq vaxtı maestro Niyazi həmişə deyirdi ki, sən pianoçu olacaqsan və mən səninlə bir yerdə çıxış edəcəyəm». Elə belə də olur. Fərhad Bədəlbəylinin Filarmoniyada birinci konserti Niyazinin müşayiəti ilə baş tutur.


«Amma hələ də, Üzeyir Hacıbəyovun adı Musiqi Akademiyasına bərpa olunmayıb?»


«Üzeyir bəyin adını qaytarmaq üçün bizim Akademiyanın Bədii Şurasını iki dəfə müraciət edib. Bilirsiniz, Musiqi Akademiyası Üzeyir bəyin evidir. Üzeyir bəyi Musiqi Akademiyasından, Azərbaycandan ayırmaq olmaz».


Cənab Bədəlbəyli Azərbaycanda tarixən formalaşmış ənənələrin tez-tez pozulmasından şikayətlənir. «Bizdə xanların, bəylərin qeyrət məsələsi var idi. İndi siz görürsünüz böyük vəzifəli adamların uşaqları küçələrdə maşın qovurlar, restoranlarda kef çəkməklə vaxtlarını keçirirlər. Kitab az oxuyurlar. Fikrimcə, Bunu bərpa etmək mümkün deyil. Mən buna inanmıram».


Hansı kitabı oxumağı məsləhət görməsinə gəlincə isə Fərhab Bədəlbəyli İsmayıl Şıxlının «Dəli Kür» romanını oxumağı tövsiyə edir. «İndi televiziyaları Braziliya serialları, kulinariya ilə bağlı verişlər tutub. Heç olmasa ailə başçıları kitab oxusunlar…»


«İqtisadiyyat inkişaf edir. Mən qorxuram adamlar varlandıqca təhlükə daha da böyüsün. Mən ərəb ölkələrində tez-tez oluram. Etiraf edək ki, onlar son əlli ildə çox inkişaf ediblər. Yeni, möhtəşəm binalar tikilib, yollar çəkilib. Amma, onlarda nə opera var, nə romans var, nə teatr mövcuddur, nə gözəl rəssamları var, nə gözəl yazıçıları… Bizdə bütün bunların hamısı var. Gəlin bu pulları ağılla xərcləyək. Təbii ki, vəsaitlər birinci növbə də orduya xərclənməlidir. Ordumuz möhkəm olmalıdır. Mən arzulayardım ki, bizdə gözəl universitetlər olsun, uşaqlarımız getsin xaricə yaxşı universitetlərdə oxusunlar, amma qayıtsınlar. Mən istəyərəm ki, məmurların diktaturası olmasın, məmurlar millət üçün işləsin. Çox əfsuslar olsun ki, hələ buna nail ola bilməmişik. Biz hamımız bir yerdə fikirləşməliyik Azərbaycan hara gedir?»


«Şuşa yadınızda necə qalıb, Şuşanı xatırlayırsınızmı?»


«Süleyman əmi həmişə deyirdi ay uşaqlar, siz niyə Pribaltikaya gedirsiniz, Kislavodskiyə gedirsiniz? Gəlin Şuşaya evim də var, istirahət edin. Biz də cavan idik deyirdik ki, Şuşada nə var? Rayondur də... Gedərik ki, Avropaya, Rusiyaya…


Atamla iki dəfə Şuşada oldum. Birinci dəfə gedəndə Vaqifin məqbərəsi açılırdı. Qarlı da hava idi. Bax həmin o qarlı Şuşa hərdən bir yuxuma da gəlir. Şuşa bizim üçün ən böyük dərdi, ən böyük zərbədir. Şuşasız Qarabağı təsəvvür edə bilmirəm. Mənim ən böyük arzum Şuşada böyük bir məktəb tikməkdir. Qoy orada ermənilərdə oxusunlar, bizimkilər də…»


«Nə darıxdırır sizi?»


«Cəmiyyətdə ziyalıların nüfuzu çox aşağı düşüb. Buna görə, milləti qınamaq lazım deyil, ziyalıların təqsiri daha böyükdür. Son vaxtlar mən Azərbaycanı ya, zövqsüz şadlıq evlərində görürəm, ya da palatkalarda cümə axşamlarında... Bizim mənəviyyatımız dəyişir, özü də çox pis istiqamətə dəyişir. Varlı elitayla sadə adamlar arasında heç vaxt uçurum olmamalıdır. Bu uçurum olsa millət heç vaxt bir yerdə olmayacaq».


Sonda Fərdah Bədəlbəyli titullarını sadalayır: Azərbaycanın və SSRİ-nin xalq artisti, Fransanın fəxri ordeni, dövlət mükafatı laureatı… Amma, o, bütün bu titullarından imtina etməyə də hazırdır: «Mən bütün titullarımı verərəm təki sizinlə birgə Şuşada evimdə çay içim...»


DİNLƏYİN!


XS
SM
MD
LG