Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:45

İsrail-Livan qarşıdurmasına iki baxış


İlqar İbrahimoğlu və Yevda Abramov "Azadlıq" radiosunun Bakı Bürosunda, 29 iyul 2006

İlqar İbrahimoğlu və Yevda Abramov "Azadlıq" radiosunun Bakı Bürosunda, 29 iyul 2006

Yaxın Şərqdə yenidən böhran dərinləşməkdədir. Azərbaycan hökuməti Livana humanitar yardım etməyi planlaşdırır. Eyni zamanda Azərbaycan rəsmiləri bildiriblər ki, onlar hər iki tərəfin qarşıdurmanı dayandırmasını istəyirlər.


«Azadlıq» radiosunun Bakı Bürosunda bu mövzuda keçirilən müzakirədə millət vəkili Yevda Abramov baş verənləri «terrorçuluqla mübarizə» adlandırdı: «Yaxın Şərq ölkələrində dünyanı lərzəyə sala bilən çox qorxulu terrorçu təşkilatlar var. Onları tərksilah etmək üçün İsrail, həmçinin bir sıra dövlətlər terrora qarşı birgə mübarizə aparır. Çünki İsrail qədər yer üzərində terrordan əzab çəkən ölkə yoxdur».


Müzakirədə iştirak edən Vicdan Azadlıqları Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu isə hesab edir ki, hazırda Livanda və Fələstində baş verənlər dinc əhalinin qırılmasıdır: «Son iki həftədə Livanda 650 nəfər dinc sakin dünyasını dəyişib. Əslində, münaqişəyə birinci başlayan tərəf elə İsraildir... Bir delfini xilas etmək üçün bəzən böyük dövlətlər otururlar, bir müşavirə qururlar. Amma bu münaqişəyə münasibəti mən anlaya bilmirəm... Sivil dünyanın bütün nailiyyətləri, beynəlxalq hüquq normaları, insan haqları hər baxımdan İsrailin bu təcavüzü vaxtı tapdıq altına alınıb.»


«Xalq qəzeti»nin əməkdaşı Səbuhi Məmmədli və «Gündəlik Azərbaycan» qəzetinin redaktoru Xalid Kazımlının da qatıldığı bu müzakirədə İlqar İbrahimoğlu həmçinin qeyd etdi ki, Azərbaycanda bir sıra partiyalar, hətta müxalifət partiyaları Livanı açıq şəkildə müdafiə etmək istəmirlər. Bu mövzuda söhbət düşəndə onların əksəriyyəti bildirirlər ki, Dağlıq Qarabağ münaqişəsi zamanı istər Suriyadan, istərsə də Livandan münaqişə zonasına erməni döyüşçülər gəlib.


İlqar İbrahimoğlu isə bildirir ki, Livanda yaşayan müsəlmanlar Qarabağ məsələsində heç vaxt ermənilərin yanında olmayıblar. Cənab İbrahimoğlu düşünür ki, Azərbaycan fələstinlilərlə, livanlılarla bir yerdə olmalıdır: «Biz həmişə deyirik ki, Azərbaycan toplumu türk toplumu ilə bir yerdə olmalıdır. Bunu illər boyu beynimizə aşılamışlar ki, türk toplumu neyləyirsə, sinxron hərəkət etmək lazımdır. Bu gün türk toplumu fələstinlilərlə, livanlılarla bir yerdədir».


Millət vəkili Yevda Abramov öz növbəsində, yəhudi olmasına baxmayaraq, Azərbaycanın Livana humanitar yardım etməsini alqışlayır: «Mən etnik mənsubiyyətimə görə yəhudiyəm, amma mən Azərbaycan vətəndaşıyam. Azərbaycan hüquqi, demokratik, dünyəvi bir dövlətdir. O, xarici siyasətində sərbəst və azaddır. Bu gün Livana humanitar yardım göstərirsə, bu, düzgün addımdır. Burada mən qəbahət bir şey görmürəm... Humanitar kömək lazımdır. Amma çox təəssüflər olsun ki, İlqar bəy öz şəxsi emosiyalarını boğa bilmir. Mən də Livanda körpələrin halına yanıram. Ancaq müharibənin qarşısını əvvəlcədən almaq lazımdır...»


DİNLƏYİN!


XS
SM
MD
LG