Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:33

İran parlamentində azərbaycanlı millət vəkillərinin etiraz çıxışları


İran parlamenti, 9 noyabr 2005

İran parlamenti, 9 noyabr 2005

İranın rəsmi xəbər agentliklərinin verdiyi məlumata əsasən, İran parlamentinin Təbrizdən olan deputatı Əkbər Ələmi parlamentdə iyulun 25-də etdiyi çıxış zamanı Mahmud Əhmədinejadın Azərbaycan əyalətlərindəki kadr siyasətini kəskin tənqid edib. O, Şərqi Azərbaycan vilayətinə niyə universitet təhsili belə olmayan bir adamın vali təyin olunduğunu sual edib və son zamanlar Azərbaycan vilayətlərindəki narazılıqların məhz naşı kadrların təyinatının nəticəsi olduğunu deyib.


Əkbər Ələmi ölkədə siyasi korrupsiyanı tənqid edərək prezident Əhmədinejadın seçki kampaniyasına və onun qələbəsi münasibətilə təşkil olunmuş şənlik mərasimlərinə xərclənən 327 milyon dollar vəsaitin haradan alındığı və nə cür, kimin nəzarəti altında xərcləndiyini soruşub. O, daxili işlər naziri Mustafa Purməhəmmədinin bu suallara rəsmi şəkildə cavab verməsini tələb edib.


Ələmi və Kəleybər mahalından olan millət vəkili Ərsəlan Fəthipur isə İran hökumətinin Bəzz qalasına yürüşün qarşısını almaq üçün atdığı addımların qeyri-qanuni olduğunu söyləyib.


Azərbaycanlı millət vəkillərinin verdiyi məlumata görə, iyunun 29-30-da və iyulun 6-7-də Kəleybərdə yolların bağlanması nəticəsində 100-dən çox abituriyent universitet imtahanlarına qatıla bilməyib.


Deputatlar İran hökuməti qarşısında bir neçə sual qoyub:


- Kəleybər mahalında hərbi vəziyyətin elan edilməsi, yolların bağlanması, şəhərə gediş-gəlişin məhdudlaşdırılması, yerli əhali və şəhərin qonaqlarına əziyyət verilməsinə səbəb nə idi?


- Həmin günlərdə şəhərlərarası marşrut sürücülərdən alınan cərimələr hansı hökm əsasında kəsilib?


Millət vəkilləri yerli məmurların və hüquq-mühafizə əməkdaşlarının xalqla qeyri-əxlaqi, qeyri-qanuni davranışa görə nə zaman məsuliyyətə cəlb olunacaqları barədə də soruşublar.


Qeyd edək ki, İran İslam Respublikasının parlamentində hakimiyyətə qarşı bu kimi açıq çıxışların edilməsi nadir bir haldır.


Günün bütün mövzuları

XS
SM
MD
LG