Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:30

Azərbaycanda qeyri-rəsmi nikahın fəsadları…


Evlənənləri qeyri-rəsmi nikahdan çəkindirmək üçün maarifləndirmə işinin aparılması təklif olunur
Evlənənləri qeyri-rəsmi nikahdan çəkindirmək üçün maarifləndirmə işinin aparılması təklif olunur

İki il öncə Lənkəran sakini Samirə Məlikovaya el adətincə toy çalınsa da, evlilik indiyədək rəsmiləşdirilməyib. Samirə «Əvvəllər nikaha girmədiyimə əhəmiyyət vermirdim, amma sonra ailəmdə yaranan söz-söhbətdən peşman oldum ki, niyə yalnız dini kəbinlə razılaşdım» deyə peşmançılıq çəkir.


«Söz-söhbətə görə ata evinə getmək istəyəndə qaynanam dedi ki, istəyirsən get, amma heç nə aparmayacaqsan. Sənə verdiyimiz hədiyyələri də qaytar».


Lənkəranda bəziləri rəsmi nikahdan çox dini kəbinə üstünlük verirlər. İnsan Hüquqları üzrə Cənub Resurs Mərkəzinin sədri Esmira Turhiydə deyir ki, qeyri-rəsmi nikahda yaşayan qadınlar ərlərindən ayrılmaq istəyərkən məhkəmə çəkişmələrindən əziyyət çəkirlər: «Demək olmaz ki, yalnız savadsız adamlar qeyri-rəsmi nikaha üstünlük verir. Elə savadlı adamlar da evlənəndə dini kəbinlə kifayətlənir. Məhkəmədə isə qadınlar hüquqsuz vəziyyətə düşürlər».


Gənc Hüquqşünaslar Birliyinin sədri Ramil İsgəndərov isə deyir ki, təkcə Lənkəranda yox, Azərbaycanın bir çox bölgələrində nikahın hüquqi əhəmiyyəti barədə məlumatsızlıq hökm sürür. ABŞ səfirliyinin maliyyə dəstəyilə bu problemi araşdırdıqlarını bildirən cənab İsgəndərov maraqlı rəqəmlərlə üzləşdiklərini söyləyir. «Məsələn, Şəkidə 2005-2006-cı illərdə 532 rəsmi, 540 dini nikah bağlanıb. Lənkəranda 2006-cı ilin birinci rübündə 390 nikah qeydə alınıb, amma 1000-ə yaxın uşaq doğulub».


Hüquqşünas deyir ki, qızlarla erkən yaşda ailə qurduqlarından bəzi gənclər yalnız dini kəbinə üstünlük verirlər. Ramil İsgəndərov deyir ki, qeyri-rəsmi nikah bir çox hallarda qadının hüquqlarının pozulmasına, onun mülkiyyət bölgüsündən kənarda qalmasına gətirib çıxarır.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova da qeyri-rəsmi nikahların artmasından və bunun nəticəsində qadınların çoxsaylı problemlərlə üzləşməsindən narahatdır. Xanım Qəhrəmanova hesab edir ki, erkən yaşda qızların ərə getməsini dini baxımdan rəsmiləşdirən din xadimləri cinayət məsuliyyətinə cəlb edilməlidir. Komitə rəsmisi qadınların ailə qurarkən qeyri-rəsmi nikahdan çəkinmələri üçün maarifləndirmə işinin aparılması və psixoloji mərkəzlərin yaradılmasını mühüm hesab edir.


İyirmi üç yaşlı Samirə isə artıq nikahın hüquqi əhəmiyyətini anladığı üçün ailəsində evliliklərini rəsmiləşdirməyi tələb edir. O, kömək üçün Lənkərandakı qadın qeyri-hökumət təşkilatlarına da üz tutub. İnsan Hüquqları üzrə Cənub Resurs Mərkəzinin sədri Esmira Turhiydə isə deyir ki, onlar qadınların hüquqi cəhətdən maariflənməsi, nikahın əhəmiyyətini anlaması üçün fəallıqlarını artırmağa çalışırlar.


XS
SM
MD
LG