Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:34

"Gündəlik Azərbaycan": "Özünü polisdən qoru!"


“Bakı-Xəbər” qəzetindəki “Hacı Məmmədov uzun müddət Elmar Hüseynovdan danışmayacaq” başlıqlı məqalədə Hacı Məmmədovun “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı məhkəmədəki etirafı şərh olunub. Müəllifə görə, təhlillər göstərir ki, Hacı Məmmədov mərhum jurnalisti sabiq nazir Fərhad Əliyevin sifarişi ilə öldürtdüyünü deyəndən sonra azı bir günlük fasiləyə gedəcəyini əvvəlcədən bilirmiş. Belə olmasaydı, o, Fərhad Əliyevin adını günün sonunda yox, birinci yarısındakı məhkəmə iclasında çəkərdi. Deməli, hər şey əvvəlcədən hazırlanıb və ən azı, bir günlük fasilə iki məqsəd üçün seçilib. Birincisi, şok məlumatın ictimai rəydə effektini yoxlamaq, ikincisi isə, açıqlamadan sonra yaranmış yeni şəraitdə Hacı Məmmədovu əks mövqelərdən qaldırılan suallara hazırlaşdırmaqdır.


“Yeni Azərbaycan” qəzeti xəbər verir ki, sabah ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayza regiona səfər edəcək. Amerikalı diplomat əvvəlcə Yerevanda, sonra isə Bakıda danışıqlar aparacaq. Amerikalı həmsədr səfər çərçivəsində hər iki ölkənin rəsmilərilə görüşəcək, münaqişənin həllinə dair Minsk Qrupu həmsədrlərinin təkliflərini müzakirə edəcək. Yalnız bundan sonra həmsədrlər Fransa paytaxtında toplaşaraq, münaqişənin həllinə dair danışıqlar prosesində sonrakı addımlarını müəyyən edəcəklər.


“Gündəlik Azərbaycan” qəzetindəki “Özünü polisdən qoru!” başlıqlı məqalədə bildirilir ki, üç gün öncə Azərbaycan polisinin “qəhrəmanlığı” silsiləsinə daha bir fakt əlavə olunub. Vətəndaşın döyülərək öldürülməsi missiyasını bu dəfə Mingeçevir Şəhər Polis Şöbəsi öz üzərinə götürüb. İyulun 25-də II qrup əlil, Qarabağ müharibəsi veteranı Rasim Əlişovun Mingəçevir Şəhər Polis Şöbəsinin binasında ölməsini polis rəisi infarktla əlaqələndirsə də, qohumları mərhumun bədənində işgəncə izlərinin aydın göründüyünü bildirir. Müəllif yazır ki, bu tipli hadisə ölkə polisində birinci dəfə deyil ki, baş verir. Amma bütün baş verənlərə görə bir nəfər də olsun polis rəisi cəzalandırılmayıb. Ölkədə gerçək bir cəzasızlıq mühiti hökm sürür və bu da cinayətkarlığa stimul verən ən əsas amillərdən biridir.


“Üç nöqtə” qəzetindəki “Ölkədə pul qıtlığı gözlənilmir” başlıqlı məqalədə müəllif yazır ki, Milli Bank son günlər mətbuatda dövriyyədə olan pul kütləsinin qıtlığının yaranmasına dair yayılan məlumatların əsassız olduğunu bildirir. Milli Bankın Mətbuat Xidmətinin rəhbəri Kamran Nəzirlinin sözlərinə görə, ölkədə pul qıtlığı ilə bağlı heç bir problem yoxdur. Tələbata uyğun olaraq dövriyyədə lazım olan qədər pul kütləsi var. «Dolların məzənnəsi manata nisbətən kəskin aşağı düşə bilərmi» sualına isə Kamran Nəzirli belə cavab verib: «Bu, gözlənilmir».


XS
SM
MD
LG