Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:21

Həlak olan hərbçilərin ailələrinə sığorta haqqı ödənəcək


Son 4 gündə cəbhə bölgəsində həlak olan 12 hərbçinin hər birinin ailəsi 11 min manat sığorta haqqı alacaq. Fins.az-ın məlumatına görə, bu barədə «Azərsığorta» ASC-nin İdarə Heyəti Sədrinin 1-ci müavini Aftandil Hacıyev bildirib.

Onun sözlərinə görə, hazırda həlak olmuş hərbçi «ailələrinin acıları yeni olduğundan onlara sığorta haqqında məlumat vermək yerinə düşməz». Aftandil Hacıyev deyir ki, bir müddət sonra Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və «Azərsığorta» şirkətinin nümayəndələri tərəfindən bu barədə olanların vərəsələrinə məlumat veriləcək:

«Ödənişin verilməsi rəsmiləşdirmə tələb edir. Müvafiq sənədlər təqdim edildikdən sonra ödəniş vərəsələrə təqdim ediləcək».

Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, 2014-cü ilin yanvar-iyun ayları ərzində «Azərsığorta» tərəfindən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə 7 milyon 452 min manat sığorta haqları toplanıb, 3 milyon 400 min manat sığorta ödənişi həyata keçirilib. Ötən il ərzində isə, 17 milyon 61 min manatlıq sığorta haqları toplanıb, 6 milyon 858 min manat sığorta ödənişləri həyata keçirilib.

«Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» ölkə qanununa görə, hər bir hərbi qulluqçusunun həyatı dövlət tərəfindən 110 manat ödənilməklə 11 min manat məbləğində sığorta edilir. Hərbçi yaralandıqda, əlillik dərəcəsi aldıqda, ona qanuna müvafiq sığorta haqqı ödənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG