Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:02

Vəkilləri və müdafiə komitəsi Yadigar Sadıqovu axtarır


Müsavat başqanının müşaviri Yadigar Sadıqov

Müsavat başqanının müşaviri Yadigar Sadıqov

-

Müsavat başqanının müşaviri Yadigar Sadıqovun Şüvəlan təcridxanasından hara aparıldığı bəlli deyil.

Yadigar Sadıqovun müdafiə komitəsinin sədri, hüquqşünas Elman Fətahın AzadlıqRadiosuna verdiyi məlumata görə, bir gün əvvəl Yadigar Sadıqov Şüvəlan təcridxanasından Salyana - «Xələc» həbsxanasına aparılmaq adı ilə çıxarılıb, amma hazırda onun harada olduğu bəlli deyil.

«İyulun 22-də Yadigar Sadiqovun Apellyasiya Məhkəməsi başa çatıb. Qərarın təcridxanaya təqdim edildiyi gün Yadigar bəy Cəza Çəkmə Müəssisəsinə köçürülməli idi. 1 həftədir Şüvəlan təcridxanasının rəisi həm bizə, həm də Yadigar bəyin özünə məlumat verib ki, bölgü üzrə Yadigar bəy qeydiyyatda olduğu yerə yaxın olan, Salyanda yerləşən «Xələc» həbsxanasına düşüb. Dünən, avqustun 2-də saat 12-də Yadigar Sadıqovu Xələcə aparırıq adı ilə Şüvəlan təcridxanasından çıxarıblar. Ancaq «Xələc»ə aparmayıblar. Hara apardıqları haqda nə vəkilləri, nə ailəsi məlumatlandırılmır».

Elman Fəttah Yadigar Sadıqovla bağlı yaranan vəziyəti ciddi qanun pozuntusu sayır.

«Cəzaların İcrası Məcəlləsinə görə məhkum edilmiş şəxsin yer dəyişməsi halı ilə əlaqədar onun yaxınlarına, vəkillərinə dərhal məlumat verilməlidir».

(maddə 16.1. Cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkumun razılığı ilə onun ailəsinə və ya yaxın qohumlarından birinə, yaxud məhkumun göstərdiyi şəxsə ona təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri və azad edilməsi barədə məlumat verməlidirlər.) və məhkum edilmiş şəxs cəzasının yaşayış yerinə yaxın müəssisədə çəkməlidir. (maddə: 65.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzalarını bir qayda olaraq yaşayış yerinə yaxın ərazidə yerləşən cəzaçəkmə müəssisələrində çəkirlər.)

Müdafiə komitəsi Yadigar Sadıqovla bağlı yol verilən pozuntuya son qoyulmasını və onun harada olması ilə bağlı ən qısa zamanda ictimaiyyətə rəsmi məlumat verilməsini tələb edir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən AzadlıqRadiosuna bazar günü olduğundan bu barədə məlumat verə bilməyəcəklərini deyiblər.

«Biz bu barədə sizə ancaq bazar ertəsi məlumat verə bilərik» deyə xidmətin əməkdaşı bildirib.

Yadigar Sadıqov 2013-cü ilin iyununda həbs olunub. 2014-cü il yanvarın 13-də Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. Yadigar Sadıqov ittihamları qəbul etmir, siyasi fəaliyyətinə görə həbs edildiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG