Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:05

Dağıstan azərbaycanlıları Dərbənd icra başçısının müdafiəsinə qalxdılar


Qurban Qurbanov
Qurban Qurbanov

-

Rusiyanın Dağıstan Respublikasında ən böyük milli azlıqlarından olan azərbaycanlılarla yerli hökumət arasında qarşıdurma yaranıb.

Bundan bir qədər əvvəl Dağıstan lideri Ramazan Abdulatipov bacarıqsız və korrupsiyalaşmış icra başçılarına qarşı tədbirlər sırasında 1998-ci ildən bəri Dərbənd rayonunun rəhbəri olan Qurban Qurbanovun da vəzifədən kənarlaşdırılacağını elan etmişdi.

Lakin iyulun 30-da sayları 300-lə 1000 arasında təxmin edilən yerli azərbaycanlılar icra hakimiyyətinin binası qarşısına toplaşaraq bu qərara etirazlarını bildirdilər.

Etirazçılardan biri deyirdi ki, Abdulatipovun Qurbanovu vəzifədən çıxarmaq haqqı yoxdur, çünki o, bu vəzifəyə xalq seçkisi yolu ilə gəlib və hakimiyyət müddəti yalnız gələn il başa çatır.

Qurbanovu dəstəkləyən ikinci, daha kiçik etiraz aksiyası Məmmədqala kəndində keçirilib.

KÖNÜLLÜ İSTEFAYA GETMƏK İSTƏMİR

58 yaşlı Qurbanovun özü iyulun 30-da etirazçılar qarşısında çıxış edərək deyib ki, vəzifədən könüllü şəkildə getmək niyyətində deyil. Həmin günün axşamı ona təzyiq göstərmək üçün gəlmiş naməlum mərkəzi hökumət rəsmiləri ilə görüşdən sonra Qurban Qurbanov xəstəxanaya aparılıb. O, təzyiqlərə boyun əyməyib və istefa ərizəsini imzalamayıb.

Təsdiq olunmamış xəbərlərə görə, Abdulatipov Qurbanovun yerinə bu vəzifəyə yenə də azərbaycanlı olan Azadi Rəhimovu gətirmək istəyir. Azadi Rəhimov 12 il Dağıstanın ədliyyə naziri vəzifəsində işlədikdən sonra ötən həftə öz postundan uzaqlaşdırılmışdı.

Dərbənd şəhəri
Dərbənd şəhəri

Azərbaycanlılar Dağıstanın rəsmən tanınmış 14 etnik qrupu arasında 6-cı yerdədirlər və respublika əhalisinin 4.5 faizini təşkil edirlər. Lakin 2010-cu ildə keçirilmiş ümumrusiya əhalinin siyahıya alınmasına görə, azərbaycanlılar Dərbənd rayonunda ən böyük etnik qrup olmaqla əhalinin 58 faizini təşkil edirlər. Bu rayonda ikinci böyük etnik qrup ləzgilərdir (18 faiz). 120 min sakini olan və gələn il 2000 illik yubileyini qeyd etməyə hazırlaşan Dərbənd şəhərində isə azərbaycanlılarla ləzgilər hər biri əhalinin 35-36 faizini təşkil edirlər.

Qurbanovlar ailəsi yerli siyasətdə əhəmiyyətli rola malikdir. Qurbanovun atası Səid 1962-ci ildən 1991-ci ilədək Kommunist Partiyası Dərbənd Rayon Komitəsinin birinci katibi olub. Səid Qurbanov 2006-cı ildən 14 nəfərdən ibarət respublika prezidentliyi şurasının üzvü idi. Onun qardaşı Məhəmməd ötən ilədək Dağıstanın Azərbaycan Respublikasındakı nümayəndəsi idi. Onu bu vəzifədən Abdulatipov çıxarıb.

Dərbənd rayonu Azərbaycanla birbaşa həmsərhəd olmasa da, Bakı bu regionda əhəmiyyətli rol oynayır və bu rolunu genişləndirmək niyyətindədir.

DƏRBƏNDDƏ ƏN NÜFUZLU SİYASƏTÇİ – İLHAM ƏLİYEV

2010-cu ildə Rusiyanın iki təhlilçisi iddia edirdi ki, Azərbaycan prezidenti İlham Əliyev Dağıstanın cənubunda ən nüfuzlu siyasətçilərdən biri sayılır. İlham Əliyevin üçüncü müddətə prezident seçildiyi 2013-cü ilin oktyabr seçkisi ərəfəsində Abdulatipov Azərbaycanda yaşayan Dağıstan etnik icmalarını (ləzgiləri, avarları və saxurları) səslərini Əliyevə verməyə çağırmışdı.

Dərbənddə küçələrdən birinə Heydər Əliyevin adının verilməsinə qarşı etiraz – iyun 2013
Dərbənddə küçələrdən birinə Heydər Əliyevin adının verilməsinə qarşı etiraz – iyun 2013

Bəzi Dağıstan şərhçiləri Azərbaycanın Dərbəndi tarixən öz şəhəri hesab etməsi kimi iddiaları Bakının itirilmiş torpaqları qaytarmaq arzuları kimi qiymətləndirirlər.

Xüsusən də ləzgi əhalisi 2013-cü ilin baharında Dərbəndin küçələrindən birinə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin adının verilməsini bələdiyyə şurasının Azərbaycan Respublikasına yersiz və xoşagəlməz xidməti kimi tənqid edib. Ləzgilər hesab edirlər ki, elə Qurbanov da Bakının dediyi ilə oynayır.

Azərbaycanın bu regiondakı iqtisadi rolunun artması onun həm də siyasi nüfuzunu artırmış olur.

Dərbəndin 2000-ci yubileyi ərəfəsində Azərbaycan bu rayonda futbol stadionundan, üzgüçülük hovuzundan, tennis kortlarından və otellərdən ibarət olimpiya kompleksini tikib təhvil verməyi planlaşdırır.

Bundan əlavə, Qurbanov mart ayında Dağıstanın baş naziri Abdusamad Gamidova məlumat vermişdi ki, Azərbaycan investorları rayonda konserv zavodu, saxsı kafel kombinatı, sement zavodu və loqistika mərkəzinin tikintisini planlaşdırırlar.

Abdulatipov 2013-cü ilin iyulunda Qurbanovu kənd təsərrüfatı rayonu kimi tanınan Dərbəndə investisiyalar cəlb edə bilmədiyinə görə tənqid etmişdi.

XS
SM
MD
LG