Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:41

«Kino neft-zad deyil ki, qazaq ... çıxsın»


«Bəyin oğurlanması» filmindən kadr
«Bəyin oğurlanması» filmindən kadr

-

«İz» proqramı bu sayını 2 Avqust – Milli Kino Gününə həsr edib. Ölkənin üzdə olan kinematoqrafçılarından bir qrupu AzadlıqRadiosunun suallarını cavablandırıb:

1) 5 ballıq sistemlə Azərbaycan kinematoqrafının son bir illik fəaliyyətini necə qiymətləndirərdiniz?

AZƏRBAYCAN KİNOSU «3»LƏ «5» ARASINDA...

Rejissor Elçin Musaoğlu: «3» verərdim. Bəlkə də «4» . Qoy «4» olsun. Bir az hərəkət var...

Kinoşünas Aydın Kazımzadə: «5» verərdim! Yəqin dinləyicilər təəccüblənəcəklər. Ona görə bu qiyməti verdim ki, indi Azərbaycan kinosuna güclü cavanlar gəliblər. Əgər bu cavanlar müxtəlif beynəlxalq müsabiqələrdə iştirak edirlərsə, elə bunun özü böyük işdir. Hətta mükafat alanı da olur. Bu, Azərbaycanın böyük uğurudur. Əvvəllər belə şey görməmişik, axı... Kinomuzda inkişaf var. Düzdür, kinostudiyanın binası tələblərə cavab vermir, onu bərpa edəcəklər. Bu avadanlıqla da cavanların işləməsi, film çəkməsi alqışlanmalıdır.

Rejissor Tahir Əliyev: 5 ballıqda «5» nəyi göstərir, «1» nəyi göstərir, – deyə bilmərəm, amma nisbi atəşkəs elan edirəm – «3» verirəm və «Allah xeyir versin» deyirəm. Bir də, Azərbaycan kinosunu çox da divara dirəməyək ki, bizə nə isə verməlisən. Neft-zad deyil ki, gedək qazaq, neft çıxsın... Azərbaycan xalqı kinematoqrafik xalq olmadığına görə, ondan nə isə gözləmək çətindir. 3 ildən, 5 ildən bir dünya çapında səs salacaq film gözləmək olar, amma hər çəkdiyimizdən yaxşı nəticə gözləmək doğru olmaz.

Əli İsa Cabbarov
Əli İsa Cabbarov

Rejissor Əli İsa Cabbarov: İki yerə bölərdim: Məmurların fəaliyyətinə «3», rejissorların fəaliyyətinə «5» verərdim. Məmurların pis idarəçiliyini görürük. Rejissorlar isə bütün bu maneələri aşa bilirlər. Bax, Elçin Musaoğlunun filmi Venesiya festivalına, Asif Rüstəmovun filmi Karlovı-Varıya dəvət alıb. Bütün bunlar sanki menecment qüsurlarının acığına baş verib. Menecmentdə – idarəçilikdə çox böyük qüsurlar var.

2) Son bir ildə və öncə, təbii ki, dünya kinematoqrafında, nələr yadda qalmağa layiqdir?

«DÜNYA İNDİ BİR AZ DƏLİ OLUB»

Elçin Musaoğlu: Mən dünya kinosunda nə baş verdiyini görməmişəm. Festivala getmiriksə, filmləri bir il sonra görürük. İndi Venesiyaya gedəndə nə baş verdiyini görəcəyəm. Çünki «A» kateqoriyalı festivallara məşhur filmlər gəlir. Dünya indi bir az dəli olub. Normal filmlər çəkilmir. Lezbiyanlar, geylər haqqında film çəkilir və festivallarda da belə filmlərə üstünlük verilir. Azərbaycan kinosunda nə baş verir, bilmirəm. İlyarımdır öz işimlə məşğulam. Çəkilən filmləri də görməmişəm. Tək gördüyüm «Çölçü»dür.

Aydın Kazımzadə: Dünya kinosuyla maraqlanmağa vaxtım da yoxdur. Azərbaycan kinosunun tarixini yazmağa başım qarışıb. Arxivlərdə çalışıram. Ortaya qəribə şeylər çıxır – 30-cu, 40-cı illərlə bağlı. Odur ki, dünya kinosuna vaxt ayıra bilmirəm. Azərbaycan kinosuna gəlincə, «Sahə» filminin adını çəkərdim. Getdi «Oscar»a çıxdı... Uğurlu filmdir. Cavanlardan Fariz Əhmədovu bəyənirəm. Getdi Moskvada da oxudu, gəldi. Elçin Musaoğlunun «40-cı qapı» filmini bəyənirəm. İndi də birini çəkib – «Nabat». Azərbaycan kinosu 88-ci ildən sonra ölməyə başlamışdı. Bu cavanlar onu diriltdilər...

Tahir Əliyev: Sevdiyim rejissor Nuri Belge Ceylan-ın «Qızıl Palma budağı» alması məni sevindirdi. Mən o filmi gözləyirdim. Türkiyədə təhsil alanda da, Ceylan-ın menecerlərindən öyrənmişdim ki, yaxşı bir film çəkir, adı «Kış uykusu» («Qış yuxusu») dur. Doğrudan da, yaxşı film alındı. Asif Rüstəmovun filminin Karlovı-Varı festivalına getməsi də məni sevindirdi. İnanıram ki, bu film rezonans yaradacaq.

Əli İsa Cabbarov: Asif Rüstəmovun «Axınla üzüaşağı» filmi çox güclü filmdir. İnsanları biganə qoymayan filmdir. Dünya kinosunda Trier-in «Nifomanka»sı yadımda qalıb.

3) Azərbaycanın 2 kinematoqrafçılar birliyi var. Bu, kinonun vəziyyətinə necə təsir göstərib?

ANA BİR OLAR!

Elçin Musaoğlu: Sizcə, uşağın 10 anası olsa yaxşıdır, yoxsa 1? (gülüşmə) Dayələr çox ola bilər. Ana bir olmalıdır.

Aydın Kazımzadə: Nə yaxşı ki, ikincisi yaradıldı. Yaradılmasaydı, kinomuz yelkənsiz gəmiyə bənzərdi... İttifaqın rəhbərliyini Lətif Səfərov başladı, Həsən Seyidbəyli uğurla davam etdirdi. Təəssüf ki, Rüstəmin başı qarışdı. O, böyük sənətkardır. Buna söz yox! Biznesə başı qarışdığına görə, ittifaqın 300 nəfərdən artıq üzvünü başsız qoydu. İldə bir-iki dəfə gəlirdi. Ətrafında müəyyən adamlar vardı, onlardan başqa onu heç kim görmürdü. Belə olmazdı. Nə yaxşı ki, Şəfiqəni sədr qoydular. Çox sevinirik biz. Şəfiqə mərd qadındır. Heç vaxt intriqa aparmır. Bu da çox vacib şərtdir. Yeni ssenarilər müsabiqəsinə, yeni filmlərin cavanlara verilməsinə başlandı. Bu ittifaq hələ öz sözünü deyəcək.

AZƏRBAYCAN KİNOSUNU BİR TƏŞKİLAT İDARƏ EDİR

Tahir Əliyev: Fikrimcə, bu təşkilatların heç biri ictimai fikrə təsir göstərəcək gücdə deyillər. Nə maliyyələri, nə çərçivələri buna imkan verir... Ümumilikdə Azərbaycan kinosunu bir təşkilat – Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsi idarə edir. İstənilən halda, Beyrəyin qılıncının altından keçməlisən. Belə isə, kino ittifaqının ya köhnəsinin, ya təzəsinin nazirliyə nə təsir etmək qüvvəsi var ki?

Elçin Musaoğlu
Elçin Musaoğlu

Yəni heç biri ciddi qüvvə deyil. Biri iflic vəziyyətdə qalıb. O birisindən də kimlərsə imtiyazlar qazanırsa, Allah canını sağ eləsin...

Əli İsa Cabbarov: Birincisi 2 birlik deyil, 5 birlik var. O birilər QHT-dirlər. İkincinin yaranması qalmaqallı olduğundan bu iki təşkilat gündəmdədir. Mənim də təmsil olunduğum təşkilat həm tarixinə görə qədimdir, həm də üzvlərinin sayına görə böyükdür. Aradan müəyyən vaxt ötüb, kəskin qarşıdurmalar yumşalıb və insan olub-keçənlərə başqa cür yanaşır. İndi fikirləşirəm ki, yeni ittifaqın yaranmasıyla bir rejissor çox xərc tələb edən xəstəlikdən qurtulubsa, bu özü müsbət işdir. Əgər o adam bizim üzvümüz olsaydı, ona kömək edə bilməzdik. Dövlətlə konfliktlərimiz var, axı. Bir neçə yaşlı kino işçisi təqaüd alıb. Təşkilatın yaradılmasını kim sifariş versə də, fikirləşirəm ki, yaranıb – lap yaxşı . Bu, artıq məndə etiraz doğurmur. Uğurlar! Bizim fəaliyyətimizə onlar mane olmur.

4) Bu bir ildə öz yaradıcılığınızdan nə yadda qaldı?

BOŞ KƏNDDƏ LAMPA YANDIRAN QADIN – NABAT

Elçin Musaoğlu: İstədiyim filmi çəkdim. 5 ildir ki, heç nə çəkmirdim – «40-cı qapı»dan sonra. Təkliflər vardı, amma mən çəkmək istədiyim filmi çəkmək istəyirdim. Başqalarının yazdığı filmi çəkə bilmərəm. Ona görə də, bu qədər gözləmək lazım gəldi. 5 ilə kifayət qədər qocalırsan. O ideyalar ki, 5 il əvvəl gəlmişdi, onlar 5 ildən sonra sənə zəif görünür. Vaxtında çəkməlisən. «Nabat» filmini çəkməsəydim, iki il sonra həmin ssenari xoşuma gəlməzdi. Amma bu gün çox şadam ki, «Nabat»ı çəkmişəm. Bu filmin indi çəkilməyi çox vacib idi. Filmdə müharibədən yox, onun əks-sədasından danışıram. Onun adamlara, kəndə, balaca bir qadına – Nabata təsirindən danışıram. Əslində, indi dünyada baş verənlərə baxsaq, Ukraynada, Gürcüstanda, Fələstində – hər yerdə Nabat kimi analar var. Ana da bütün həyatını bir övladına həsr edir və onu itirir... Bəs sonra nə üçün yaşasın? Nabat gəlir kəndə və görür ki, kənd yoxdur... Hər 3 gündən bir kəndə süd gətirən Nabat qərara gəlir ki, vaxtilə dədə-babası yaşamış bu kəndi yaşatsın, ona nəfəs versin. Hər gün boş kənddə lampa yandırır. Düşmən tərəf fikirləşir ki, kənd köçməyib – ora gecələr atəş açır. Bizim tərəfsə düşünür ki, artıq ora düşmən girib... Mənim üçün ekstremal situasiyalarda insanın yaşantısı maraqlıdır, nəinki müharibə, parta-part...Odur ki, bəzi KİV-lərin yazdığı kimi, bu film Qarabağ müharibəsinə deyil, analara həsr olunub. Filmdə Nabatın simasında Azərbaycan anasını və təbii ki, dünya anasını göstərmək istədim. Analar hər yerdə anadır.

«SİNEMA ÖLKƏNİN İMİCİDİR»

Mən ən azından sevinirəm ki, Venesiya festivalının 71 yaşı var və Azərbaycan ora yol açdı. Demək, biz film çəkə bilərik. Hamı çalışmalıdır ki, çəkiliş qrupu normal işləsin və filmin yaradıcıları düşüncələrini çatdıra bilsinlər. Filmdə hər şey olmalıdır, ancaq o zaman film olur. Sən normal film çəkirsənsə, həzz alırsansa, film xarici ölkəyə gedəndə, festivalda göstəriləndə, həmin enerji ətrafa ötürülür. Sinema ölkə üçün imicdir – bu, dəqiqdir! İranın timsalında biz buna şahid oluruq. Sinema ölkənin siması, sifəti, mədəniyyətidir. Ən azından filmə görə ölkəyə hörmət edirlər. Elə bir festival yoxdur ki, İran iştirak etməsin. Venesiyada iki İran filmi var...

«QARDAŞIM, İNANDIN MƏNƏ – ONDA İCAZƏ VER ÇƏKİM!»

Film böyük komandadır və üzvlərini rejissor seçməlidir. Və bir də, dövlət pul ayırırsa, rejissora inanırsa, həmişə deyirəm: Qardaşım, inandın mənə? İndi icazə ver çəkim. Çünki həmişə deməkdən yorulursan ki, inan mənə! İnan mənə! Vallah, yaxşı olacaq! Rejissora pul verdinsə, əl çək ondan, qoy filmini çəksin! Filmə pul xərclənməlidir.

Aydın Kazımzadə: Sevinirəm ki, ikicildlik Azərbaycan kinosu ensiklopediyasının birinci cildi tamamlandı. Nazirlik baxır. İkinci cild üzərində iş başlayacaq. Bu, məndən bir yadigar qalacaq. Sonra «Azərbaycanfilm» kinostudiyasının 90 illiyi ilə bağlı sifarişi yerinə yetirdim. 700 səhifəlik kitab yazdım. O da çapa getməlidir. Ən çox xoşuma gələn nədir? Rəhmətə gedən sənətkarlar barədə Dövlət Film Fondu tərəfindən mənə imkan verilib ki, hər il bir kitabça yazım. Adı da «Azərbaycan kinematoqrafçıları»dır. Dövlət Film Fondunda gözəl bir ənənə var. Rəhmətə gedən sənətkarların yubileylərini keçiririk. Mən aparıcılıq edirəm həmin tədbirlərdə. əlimdə başqa işlər də var. Dayandı yoxdur məndə...

Tahir Əliyev
Tahir Əliyev

Tahir Əliyev: Əlimərdan bəy Topçubaşov haqqında çəkdiyim «Parisdən məktublar» filmi mənim kino fəaliyyətimdə ən yaxşı yerlərdən birini tutdu. İctimai təsiri də oldu. Bakıda təqdimatı keçirildi, sentyabrın sonlarında Parisdə olacaq. Film fransız dilinə çevrilib. Mənim üçün çox böyük uğur oldu. Bu film ruhuma gur işıq saçdı.

«LAYİHƏLƏRİMİ BOYKOT EDİBLƏR»

Əli İsa Cabbarov: Tenderdə udduğum bütün layihələri boykot ediblər... vəsait ayrılmır. Üzümə deyirlər ki, o ittifaqdan çıxsan, istehsalata buraxıla bilərsən... Təsisçilərindən biri olduğum «Fokus» jurnalının maliyyələşdirilməsi dayandırılıb. Ona görə də, heç bir yaradıcılıqdan söz gedə bilməz... Bu yaxınlarda bir dərgidən kino resenziya yazmaq sifarişi almışam. İndi onu yazıram ki, haradansa gəlir olsun...

5) Bir il sonrakı Kino Gününü nə ilə qarşılamaq istərdiniz?

«SAĞLAM OLMAQ İSTƏYİRƏM!»

Elçin Musaoğlu: Rejissorun istədiyi nədir? Təzə film çəkmək! Mən fatalistəm. Düşünürəm ki, qismətimdə nə yazılıbsa, o da olacaq. Mən nə mümkündürsə, cəhd edirəm. İnanın ki, nazirlikdə mənim qədər çox ssenarisi olan rejissor yoxdur. 6 ssenari vermişəm.

Aydın Kazımzadə: Çox istərdim ki, sağlam olum. Kino Günündə köhnə dostları görmək, bir-birimizi təbrik etmək xoşuma gəlir. Kino Günü mənim üçün ikiqat bayramdır. Həm peşə bayramımızdır, həm də bu tarixi mən tapıb sübut eləmişəm, axı. Mən sevinirəm ki, tapdığım, sübut etdiyim tarix əbəs olmadı. Ulu öndər tərəfindən sərəncamla təsdiq olundu. Ona görə də, özümə sağlamlıq arzulayıram ki, bu bayramları görə, insanlarla görüşə biləm...

AZƏRBAYCAN KİNOSUNDA PLANLA YAŞAMAĞIN MÜŞKÜLLÜYÜ...

Tahir Əliyev: Azərbaycan kinosunda planla yaşamaq bir az çətin məsələdir. Çünki iş heç də həmişə planla getmir, hər şey münasibətlərdən asılıdır... İndi həddən ziyadə istedadlı adamı ortabab birinin sözü ilə silə bilərlər... Biz belə şeylərə öyrəncəliyik. Amma ümidlə yaşayırıq və arxaya baxanda 10 ilin Kino Günü necə gəlib-keçib, – heç hiss etməmişik. Gələn il də növbəti kino günlərindən biri olacaq. Elə bir ciddi dəyişiklik gözləmirəm...

Əli İsa Cabbarov: Təbii ki, növbəti Kino Gününü öz filmimin premyerası ilə qarşılamaq istərdim (gülür).

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG