Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:25

-

«Bizim yol» qəzeti bu sərlövhə altında dərc etdiyi yazıda Rusiyaya qarşı qoyulan beynəlxalq sanksiyaların Azərbaycana təsirini təhlil edir.

Məqalədə deyilir ki, sanksiyaya məruz qalan banklar arasında Azərbaycanla sıx əməkdaşlıq edən maliyyə qurumları da var:

Rusiyanın ikinci ən böyük bankı sayılan «Bank VTB» ASC-nin səhmlərinin bir hissəsi Dövlət Neft Fonduna (DNF) məxsusdur. DNF bu bankın 3 faiz səhm paketinin alınmasına 500 mln. ABŞ dolları sərf edib.

Sanksiyalar tətbiq edilən iki bankda – «Qazprombank» və «Bank VTB»-də Dövlət Neft Fondunun valyutalarının bir hissəsi rus rublunda depozit şəkilində yatırılıb. Belə ki, «Qazprombank»da 78.8 milyon, «Bank VTB» ASC-də isə 49 milyon manat dövlət əmanətimiz var. Avropa Birliyinin sanksiyası Azərbaycan dövlət vəsaitləri hesabına qoyulan bu investisiyalara necə təsir göstərəcək?

DNF: «BU DƏYİŞİKLİKLƏR QISAMÜDDƏTLİ TİTRƏYİŞ YARADA BİLƏR»

Dövlət Neft Fondundan «Turan»a bildiriblər ki, VTB-nin səhmləri ARDNF-nin investisiya siyasətinə uyğun olaraq uzunmüddətli gəlirlilik və investisiya portfelinin daha çox şaxələndirilməsi üçün alınıb:

««VTB Bank»ın dayanıqlılığı və kredit qabiliyyətini nəzərə alaraq hesab edirik ki, sanksiyalar, eləcə də onlarla bağlı məhdudiyyətlər investorlar, əmanətçilər və kreditorlar qarşısında öhdəliklərə təsir etməyəcək. Bu dəyişikliklər qısamüddətli titrəyiş yarada bilər, amma ARDNF-nin investisiya strategiyası uzunmüddətlidir, bu səbəbdən sanksiyaların investisiyalarımıza ciddi təsirini gözləmirik».

SANKSİYA VTB-NİN KREDİT PORTFELİNİ DARALDACAQ

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov isə «Bizim Yol»a bildirib ki, sanksiyalar Azərbaycanın maliyyə sektoruna ciddi təsir göstərəcək:

«Xüsusilə, Dövlət Neft Fondu Rusiya ilə daha sıx əməkdaşlıq edir, vəsaitlərinin bir hissəsini rus rublunda yatırıb, daşınmaz əmlak alıb, banklarından birinə şərik olub. Sanksiyadan sonra «VTB Bank»ın kredit portfeli daralacaq. Nəticədə Dövlət Neft Fondunun bu bankdan gələn gəlirlərinin azalmasına səbəb olacaq. Digər tərəfdən, bankın Azərbaycandakı fəaliyyətinin daralması, ölkənin iqtisadi fəallığına təsir göstərəcək».

R.Həsənov əlavə etdi ki, sözügedən bankın Azərbaycandakı filialı ən sərbəst fəaliyyət göstərən maliyyə qurumudur:

«Mərkəzi Bank tərəfindən son zamanlar keçirilən sərt pul-kredit siyasətində bu bank tam sərbəst fəaliyyət göstərirdi. Ciddi sənədləşmə tələb etmədən vətəndaşlara rahat kredit təşkil edən banklardan biridir. Sanksiyalardan sonra bankın imkanları daralacaq. Çünki eyni qadağalar Azərbaycandakı nümayəndəliyə də şamil ediləcək. Ümumiyyətlə, bunların hər biri iqtisadiyyatda domino effekti yaradır. Yaxın və uzaq perspektivdə Azərbaycan iqtisadiyyatına mənfi təsirlərini görəcəyik».

Günün bütün mövzuları

XS
SM
MD
LG