Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:02

-

"Sonuncu dəfə Telli Borçalı adlı birisi bizi hədələmişdi".

"Burada "Lider" TV-nin işçilərindən söhbət getmir. Orada istedadlı uşaqlar çoxdur. Mən onları da qınamıram, onlara əmr verilir ki, get "Parni İz Baku”nu təhqir elə! Onlar da, sadəcə, icraçıdırlar."

"ANS-ə getmirik. ANS də bizi təhqir eləyib".

"Nə oldu, indi biz səviyyəsiz olduq? Ölkə başçısı konsertlərimizə gələndə biz səviyyəli idik, indi yiyəsiz qalmışıq deyə tapdalamaq lazımdır bizi?"

"Planet Parni iz Baku” teatrının bədii rəhbəri Tahir İmanovun Aktual.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Tahir müəllim, Siz həmişə intellektual yumorla fərqlənibsiz. Son zamanlar insanların bayağı yumora meyilliliyi daha çox hiss olunur. İndi yeni yumor qəhrəmanları peyda olub və televiziyalar da onların təbliğatı ilə məşğuldular. Bu barədə nə deyə bilərsiz?

- Bunun cavabını Təhsil Nazirliyinin keçmiş rəhbərliyində tapmaq lazımdır. Onların fəaliyyəti nəticəsində təhsil sistemi iflic vəziyyətinə düşüb. Təbii, intellekti aşağı olan bir tamaşaçının yəqin ki, daha çox bayağı yumora, müsiqiyə meyli olar, nəinki intellektli yumor və səviyyəli musiqiyə. Təəssüflər olsun ki, təhsil sistemi çox bərbad vəziyyətdədir. Və mən indiki cənab nazirə yalnız səbr diləyə bilərəm. Çünki bunu aradan qaldırmaq çox çətin işdir. Tamaşaçının, cəmiyyətin intellektual səviyyəsini yüksəltməsi çox çətin məsələdir. Çünki 18 il ərzində insanların intellektual səviyyəsi çox aşağı düşüb. İndi televiziyalarda bayağı verilişlər populyarlıq qazanıb.


Ümumiyyətlə, bayağılıq, təəssüflər olsun ki, cəmiyyətimizdə hökmranlıq edir. Ölkə televiziyalarının hamısını bağlamaq lazımdır. Biabırçılıqdır, sadəcə. Bir az əvvəl dövlət radiosuna qulaq asırdım, Azərbaycan dilində duzgun danışa bilməyən insanları efirə buraxırlar. Əvvəllər belə şey olmayıb. Bu, Azərbaycan dilinə qarşı cinayətdir. Hər bir millət öz dilinə hörmətlə yanaşmalıdır. Ölkənin adını düzgün çəkə bilmirlər, "Azərbaycan” yerinə "Azerbican” deyirlər. Mən bilmirəm, bunu siz necə yazacaqsız. Bu, artıq cinayətdi. Yenə deyirəm, tək bayağı yumora yox, bayağı musiqiyə, bayağı verilişlərə üstünlük verirlər.

- Siz hər hansı problemlə bağlı iradınızı həmişə deyibsiniz. Ölkə telekanallarına da qarşı iradlarınızı bildirdiniz. Bəs, sizə hansısa TV-dən tənqid, yaxud efir qadağası olub?

- Misalçün, Lider televiziyası 2002-ci ildən bizə qadağa tətbiq edib. Əlbəttə ki, siz onlara zəng etsəz, onlar diplomatik şəkildə deyəcəklər ki, yox, nə danışırsız, Tahir İmanovun başı işləmir, ağzına gələni danışır, deyəcəklər. Onlar ölür intriqa üçün. 2007-ci ildə məni və bütün kollektivimizi təhqir eləmişdilər. Guya biz səviyyəsiz yumor göstəririk və bizim kimi səviyyəsiz kollektivi Heydər Əliyev sarayı, Opera və Balet Teatrı kimi yerlərə buraxmaq olmaz. Nə oldu, indi biz səviyyəsiz olduq? Ölkə başçısı konsertlərimizə gələndə biz səviyyəli idik, indi yiyəsiz qalmışıq deyə tapdalamaq lazımdır bizi? Ayıb deyilmi sizə? Qaldı, mən "Lider" kimi telekanala buraxılmamağıma görə xoşbəxt insanam.

Mən müxalifətçi olsaydım, iqtidar nəşrlərinə, saytlarına açıqlama verməzdim

- "Yeni Müsavat” qəzetinin əməkdaşı sizdən müsahibə götürmək istəyib. Amma "mən müxalifət qəzetinə müsahibə vermirəm" - demisiz. Bu nə dərəcədə düzgün yanaşmadır?

- Bəli, demişəm. Bu mənim haqqımdır, mən demokratik ölkədə yaşayıram. Sizin də qərar qəbul etməkdə haqqınız var. Bu, cinayət deyil ki?! Bu mənim seçimimdir və mən öz seçimimi etmişəm.

- Tamaşalarınızda ölkədəki çatışmazlıqları xüsusilə vurğulayırsız. Bu, siyasi əqidəsindən asılı olmayaraq, insanlarda sizə qarşı daha çox rəğbət oyadır. Hətta, müxalifətdə də sizi bəyənənlər az deyil, çünki bəzən elə onların fikirlərini incə yumorla ifadə edirsiz. Amma müxalifət qəzetinə müsahibə vermirsiz...

- Mənim öz mövqeyim var. Mən çalışmışam ki, həmişə bir əqidəyə qulluq edim. Mənim çox az yaxın dostum var. Çünki eyni əqidəli dostlar dairəsini tapmaq çox çətindir. Əgər sənin zövqü, həyat tərzi, siyasi baxışları müxtəlif olan bir çox dostun varsa, onda sən kişilikdən uzaq birisisən. (Ardı aşağı)

- Bu o qədər də məntiqli deyil axı?

- Xeyr. Mənim öz əqidəm, öz prinsiplərim var. Bu mənim şəxsi işimdi. Mən bu dövlətə və dövlətçiliyə xidmət edirəm. Mən Heydər Əliyev kursuna xidmət edirəm. Tək mən yox, bütün "Bakılı oğlanlar" bu əqidəyə xidmət edir. Mən cənab prezidentə qulluq edirəm. Dəfələrlə qeyd eləmişəm ki, cənab prezidentimiz bizim ən çətin vaxtlarımızda bütün KVN-çilərə dəstək olub. Biz yenə də onun dəstəyini hiss edirik. Mən bunu karyeramdakı hansısa irəliləyişə görə demirəm. Biz, onsuz da, bütün zirvələri fəth etmişik. Xahiş edirəm, bunu Aktual.az-da belə də yazın. Mən istəmirəm ki, hansısa bir müxalifətçi ilə münasibətə görə bu əlaqələr pozulsun, çünki mən beləyəm. Və əgər mən müxalifətçi olsaydım, iqtidar nəşrlərinə, saytlarına açıqlama verməzdim. Mən bu həyatda ancaq birtərəfli dostluğu seçirəm. Ya bir tərəflə dostluq edirəm, ya da ümumiyyətlə, dostluq eləmirəm.

- "Lider" TV də sizin kimi hakimiyyətin siyasi kursunu dəstəkləyir. Amma onlar sizi efirə buraxmırlar. Bu nəylə bağlı ola bilər?

- Mən düşünürəm ki, burada "Lider" TV-nin işçilərindən söhbət getmir. Orada istedadlı uşaqlar çoxdur. Mən onları da qınamıram, onlara əmr verilir ki, get "Parni İz Baku”nu təhqir elə! Onlar da, sadəcə, icraçıdırlar. Bu məsələ isə çox asan yolla həll olunur. Sadəcə, üzr istənilir və aradakı inciklik bitir. Amma onlar bunu eləməzlər, çünki üzr istəmək, bu başqa sort insanlara məxsusdur. Üzr istəmək də heç vaxt qəbahət sayılmır. Sadəcə, öz nöqsanlarını etiraf etməkdir.

Məmurlar bizi tapdalayır, təhqir edir, hədə-qorxu gəlirlər


- Bəs digər TV-lərlə durum necədir?

- ANS-ə getmirik. ANS də bizi təhqir eləyib. Mirşahin müəllimlə bu haqda danışmışdım. Özü ilə çox gözəl münasibətim var. Amma nə bilim, onlar da heç üzr istəməyiblər. Onlar bizim haqda çox nalayiq süjet vermişdilər.
Bilirsiz, problem nədədir? Mən onlara qarşı etiraz kampaniyası aparmıram, çünki bu mənim prinsiplərimə uyğun deyil. KVN-çilər ömür boyu, eyni səpkidə, eyni istiqamətdə çıxış ediblər. Bu səpkinin adı çox sadə, lakonikdir - satira janrı və cəmiyyətdə baş verən nöqsanları yumor prizmasından tənqid etmək, parodiyalar və s. Bu istiqaməti biz 95-ci ildən ilk konsertimizdə seçmişik və indiyə kimi bu yolla gedirik. Dəyişilən ancaq bir şey olub ki, vaxtilə konsertimizə ölkə başçısı, nazirlər gəlirdilər, indi gəlmirlər. (Ardı aşağıda)

Qaldı mənim onlara bir sualım var - ümummilli liderimiz Heydər Əliyev konsertlərimizə gələndə niyə susurdunuz, bizi tənqid etmirdiniz? Guya problemimiz yox idi onda? Mən sizi inandırım, o vaxt bizdə çox nöqsanlar var idi, çünki cavan və təcrübəsiz idik. Sonradan bu nöqsanları aradan yığışdırdıq və çıxışlarımız daha da mükəmməl oldu. Amma siz onda danışmırdız. Bax, onda da danışıb, bizə qadağa qoysaydınız, mən indi bu qadağalara təəccüblənməzdim, etirazımı bildirməzdim. Burda bir problem var - biz yiyəsiz qalmışıq. Bu dəqiqə yoldan keçən müğənni, tamaşaçı bizi tapdalamağa başlayır. Məmurlar bizi tapdalayır, təhqir edir, bizə hədə-qorxu gəlir, televiziyalar qadağa qoyur. Bax, vəziyyət belədir.

Hər məmurun 15 mühafizəçisi var

- Həmin məmurların icra etdikləri vəzifələr maraq doğurur...

- Mən ad çəkmək istəmirəm, bu bizim adımıza, sanımıza yaraşmaz. Biz o kişilərdən deyilik ki, KİV-də adamın dalınca danışaq. Nə lazımdır, görüşəndə üzünə deyəcəyik. Buna siz də, aktual.az -ın oxucuları da tam əmin ola bilərsiz, mən o insanlardanam ki, sözü üzə deyirəm, Allahdan başqa heç kimdən qorxmuram. Görsəm, mütləq üzünə deyəcəm. Sadəcə, etiraf edim ki, görmürəm, çünki indi hər məmurun 15 mühafizəçisi var. Əsas girişi qoyub, öz binalarına arxa girişdən girirlər, yəni onları tapmaq müşkül məsələdir. Məmurların qəbuluna düşmək çətindi. Gəlin etiraf edək ki, qabaqlar belə deyildi.

- Dediniz mügənnilər də sizi hədələyib?

- Sonuncu dəfə Telli Borçalı adlı birisi bizi hədələmişdi. Mən ona tamam başqa məqsədlə zəng edib verilişimizə dəvət eləmək istədim. O da bir ildən sonra başladı bizə hədə-qorxu gəlməyə - nə bilim, məni parodiya edən oğlanı belə edərəm, elə edərəm. Əlbəttə ki, bunlar boş sözlərdi. Heç nə edə bilməzlər. Çünki, hər bir aktyorun arxasında mən durmuşam. Mən və qanun durub. Azərbaycan Respublikasının qanunvericiliyi var. Əlbəttə ki, dövlətçiliyimiz, ölkə başçısı da durub. Burda qeyri-qanuni bir şey etsələr, bu, artıq cinayətdir. Bunu özünüz yaxşı bilirsiz. Bunlar ancaq sözlə deyə bilərlər. Çünki biz tənqidlə, təhqirin nə olduğunu yaxşı bilirik və onlar arasında sərhədi müəyyənləşdirə bilirik. Bizə cinayət işi də aça bilməzlər, şükürlər olsun ki, bizim ölkədə parodiyaya cinayət işi açılmır.

- Sonuncu "Analoqu Olmayan" olmayan konsertiniz sosial şəbəkələrdə geniş marağa və müzakirələrə səbəb olub. Fikirləriniz maraqlı olar...

- İndi əsas məsələ o videonu halallıq almadan Yutuba yerləşdirən adamı tapmaqdı. Sosial şəbəkədə onu yerləşdirən şəxsə deyirəm ki, o kişidirsə, məni tapıb cavabını verəcək. Onu halallıq almadan yerləşdirmək ən azından nakişilikdir. Camaat əziyyət çəkir, kinoteatrda onu verir, bir tikə çörək qazansın, bunlar da götürüb nakişiklik edirlər. Bu Yutubda olan video mənim fəaliyyətimə çox böyük zərbə vurdu. Mən bunu gizli saxlayıram ki, camaat gəlsin ora, biletini alsın. Onlar da götürüb bunu Yutuba qoyurlar. Olmaz axı belə. Mən bunu kinoteatrda nəyə görə göstərirəm? Oğurluq olmasın və bu, piratçılığa qarşı mübarizə üsuludur. Yaxşı videonu qoyarlar maksimum 5 dəqiqə, daha 20 dəqiqə olmaz axı.

- Konsertdə millət vəkillərini və dövlət məmurlarını parodiya etmisiz. Bununla bağlı cəmiyyətə vermək istədiyiniz mesaj maraqlıdır, yəni bu parodiya etdiyiniz şəxslərə sözünüz...

- KVN-nin incəliyi də elə ondan ibarətdir ki, tamaşaçı və tənqid atəşinə məruz qalan insan özü üçün bir nəticə çıxarsın. Bir sözlə, bu sənətə qiymət verən, baxan, izləyən hər bir kəs - həm tamaşaçı, həm obrazların qəhrəmanı özüyçün bir nəticə çıxarmalıdır. Bilirsiz, tamaşaçıların zövqünə, intellekt səviyyəsinə uyğun olaraq hərəsində müxtəlif təəssürat yaranır. Biz istəyirik ki, onlar istənilən səhnəciyə baxanda bizim göstərdiklərimizdən düzgün nəticə çıxarsınlar. Və çalışsınlar ki, bir də o səhvlər olmasın. Çünki o səhvlərdən ilk növbədə cəmiyyət əziyyət çəkir.


Biz çalışmalıyıq ki, Azərbaycanın rifahına və inkişafına töhvə verək.

- Sonuncu konsertlə bağlı ancaq Yutubda yerləşdirilən videodan söz açdınız. Amma yəqin ki, konsert proqramında digər maraqlı səhnələr də olub.

- Konsertimiz 3 saat davam edib və müxtəlif səhnələr göstərilib. Həmişə olduğu kimi, cəmiyyətdə baş verən proseslərə mövqeyimizi bildirmişik. Ənənəyə sadiq qalaraq televiziyaları da tənqid eləmişik. Televiziya kanallarında həm bayağı verilişləri, həm də normal demək olarsa (gülür), həmin verilişləri də tənqid etmişik. Müğənniləri də parodiya eləmişik.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG