Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:34

-

RUSİYA QƏRBİN SANKSİYALARINA CAVAB VERMƏYƏ ÇALIŞIR

Ukrayna hərbçiləri bildirib ki, hökumət qoşunları Rusiyayönümlü separatçıların əsas istehkamı olan Donetsk şəhəri yaxınlığında Avdiyivka şəhərini ələ keçiriblər.

Kiyevdən gələn xəbərlərə görə, Avdiyivka separatçılardan təmizlənib. Bu məntəqə Donetsk hava limanına və dəmiryolu stansiyasına çox yaxındır.

BBC xəbər verir ki, Donetsk ətrafında gedən şiddətli döyüşlərə görə MH17 sərnişin təyyarəsinin düşdüyü yeri araşdırmalı olan beynəlxalq ekspertlər bura gələ bilməyiblər.

Bəzi şərhçilər bildiriblər ki, beynəlxalq müşahidəçilərin hazırda bölgədə olması Kiyevin marağında deyil, belə ki bu, hökumət qoşunlarının şərqə doğru yürüşünü əngəlləyə bilər.

Donetskdəki separatçı rəsmilər zamanı son 24 saat ərzində şəhər ətrafında döyüşlərdə 19 nəfərin öldüyünü deyir.

Ukrayna rəsmilərinin məlumatına görə, hökumət qoşunları Donetsk regionundakı Şaxtyorsk və Torez şəhərləri üzərində də nəzarəti ələ keçiriblər.

Qoşunlar Luqansk regionunda da bir sıra məntəqələri ələ keçiriblər.

MOSKVA SANKSİYALARIN ZƏRBƏLƏRİNİ HİSS EDİR

Bu arada ABŞ Avropa İttifaqının ardınca Rusiyaya qarşı yeni, daha sərt sanksiyalarını elan edib.

ABŞ-ın yeni sanksiyaları Rusiya iqtisadiyyatının enerji, silah satışı və maliyyə kimi sahələrini hədəfləyir.

ABŞ vətəndaşları və ya ABŞ-da daimi yaşayanlar bundan belə Rusiyanın üç bankının – «VTB», «Bank of Moscow» and Rusiya Kənd Təsərrüfatı («Rosselkhozbank») banklarının xidmətlərindən istifadə edə bilməyəcəklər.

Avropa İttifaqının sanksiyaları isə Rusiyanın neft, müdafiə sənayesi malları və həssas texnologiyalarına şamil ediləcək. Göründüyü kimi, Britaniyanın israrlarına baxmayaraq, Rusiyanın qaz sektoru hələlik kənarda qalıb.

Moskvadan alınan xəbərlərdə deyilir ki, yeni sanksiyaların zərbələri artıq hiss edilməyə başlayıb. Rublun məzənnəsi enib, faizlər isə qalxıb.

«Əgər Rusiya indi tutduğu yolla getməkdə davam etsə, onun çəkdiyi ziyanlar da artmaqda davam edəcək», ABŞ prezidenti Barack Obama deyib.

RUSİYANIN ƏKS-HÜCUMU POLŞADAN BAŞLANIB

Rusiyanın Xarici İşlər Nazirliyi isə bu sanksiyaların iki ölkənin münasibətləri üçün dağıdıcı olacağını bəyan edib.

Moskva həmçinin Aİ-nin sanksiyalarını «düşüncəsiz» və «məsuliyyətsiz» adlandırıb və bildirib ki, bu, ilk növbədə Avropada enerji qiymətlərinin qalxmasına səbəb olacaq.

Rusiya sanksiyalara qarşı ilk əks-hücuma Polşadan başlayıb.

Moskva bu ölkədən meyvə və tərəvəzin idxalını qadağan edib.

Rusiya ümumilikdə Avropa İttifaqından ildə 2,7 milyard dollarlıq meyvə və tərəvəz alır və bu mənada Aİ-nin ən böyük idxalçısıdır.

Polşa Rusiyanın bu qərarının siyasi motivli olduğunu bəyan etsə də, Rusiya meyvə və tərəvəz idxalının sanitariya problemləri ilə bağlı qadağan edildiyini bildirir.

Sigmar Gabriel

Sigmar Gabriel

Almaniyanın iqtisadiyyat naziri Sigmar Gabriel jurnalistlərlə söhbətində deyib ki, Rusiyaya qarşı sanksiyalar Almaniya iqtisadiyyatına ciddi ziyan vuracaq.

Lakin o əlavə edib ki, «söhbət hərb və ya sülhdən gedəndə, iqtisadi siyasət başlıca amil olmur».

RAMZANA SANKSİYA PAYI DÜŞDÜ

Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının 87 hədəfinə indi Rusiyanın kəşfiyyat orqanlarının rəhbərləri, Çeçenistan prezidenti Ramzan Kadyrov və Krımdakı iki enerji şirkəti daxildir.

Britaniyanın BP şirkəti bildirib ki, yeni sanksiyalar onun Rusiyadakı biznesinə ciddi təsir göstərəcək. BP hazırda Rusiyanın neft nəhəngi «Rosneft»in səhmlərinin 20 faizinə sahibdir.

Bu gün çıxan Rusiya qəzetləri yeni sanksiyaların Moskvanı şoka saldığından yazırlar.

«Kommersant» qəzetinin məqaləsində deyilir ki, Kreml sanksiyaların bu həddə çatacağına son ana qədər inanmırdı.

Şərhləri göstər

XS
SM
MD
LG