Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:59

Kino ulduzlarının fikri Qəzza məsələsində haçalandı


Penelope Cruz
Penelope Cruz

-

Amerikanın məşhur sənətçiləri daha çox İsraili dəstəkləyir, onların avropalı həmkarları isə, əksinə, daha çox, Qəzzaya hücumu pisləyirlər.

Amerikalı kino ulduzları, rejissorlar, məşhur televiziya aparıcılarının çoxu bu fikirdədir ki, İsrailin özünü müdafiə etmək, vətəndaşlarını Qəzzadan atılan raketlərdən qorumaq haqqı var.

Avropada isə bu günlərdə 100-dən artıq ispan aktyor və rejissoru, o cümlədən Oskar mükafatlı Javier Bardem, Penelope CruzPedro Almodovar bəyanat yayaraq İsraili “soyqırımda” suçlayıblar və bu ölkənin son hərəkətlərini rəsmən pisləməsi üçün Avropa Birliyinə müraciət ediblər. Onların fikrincə, “İsrail Fələstin torpaqlarının işğalına son qoymalı, 1967-ci ilin sərhədlərinə çəkilməli, mülki əhalini bombalamağa son qoymalıdır”.

Bunu “Hollywood reporter” yazır. Hamasın İsrailə raket atması və İsrail ordusunun Qəzzaya hücum etməsi 1300 nəfərəcən insanın ölümünə səbəb olub. Bunların 50-dən çoxu israilli, 1200-dən çoxu fələstinlidir.

İspan sənətçilərin bəyanatına cavab olaraq Avropa Yəhudi Konqresinin prezidenti Moshe Kantor bildirib ki, “özünü terrorçulardan qoruyan demokratik ölkəni sərt tənqid etmək əvəzinə İspaniyanın tanınmış şəxsləri öz ölkələrində sürətlə artan anti-semitizmlə mübarizə aparsalar daha yaxşıdır. İspaniya Avropada yəhudilərə nifrətin ən geniş yayıldığı ölkələrdəndir”. Moshe Kantor hesab edir ki, Yaxın Şərqdə və Şimali Afrikada yüz minlərlə insanın öldürülməsi, evindən didərgin salınması haqda danışmayıb, susub, İsrailə münasibətdə “soyqırım” sözünün işlədilməsi cahillik əlamətidir.

Son Qəzza kampaniyasından əvvəl də avropalı sənətçilər arasında açıq şəkildə İsrailin Fələstinlə bağlı siyasətini tənqid edənlər vardı.

"Rolling Stones" qrupunun vokalisti Mick Jagger
"Rolling Stones" qrupunun vokalisti Mick Jagger

Bu ilin mayında “Pink Floyd” rok qrupunun üzvləri Roger Waters və Nick Mason “Rolling Stones” qrupuna açıq məktub yazmış, onu İsraildəki konsertini ləğv etməyə çağırmışdılar. Onlar İsraili vaxtilə Aparteid rejiminin hakim olduğu Cənubi Afrika ilə müqayisə etmişdilər:

“İsrail hökuməti bu konsertlərdən öz ədalətsiz, irqçi siyasətini təmizə çıxarmaq üçün təbliğat kimi istifadə edir”.

“Rolling Stones”un vokalisti Mick Jagger boykot çağırışına fikir verməmiş, Tel-Əvivdəki konsert iyunda baş tutmuşdu. Bu həm də Fələstinin başlatdığı “İsrailin akademik və mədəni boykotu” kampaniyasının rədd edilməsi idi.

Hollywood məşhurları arasında böyük dəstəyə malik “Wiesenthal Center” təşkilatından ravvin Marvin Heir deyir ki, İsrailin Qəzza kampaniyasına “ikili standart”la yanaşılır:

“Əgər İsrail müharibəyə cəlb edilirsə, dünya buna başqa dövlətlərin iştirak etdiyi müharibələrdən fərqli yanaşır. Bu, qərəzin, önyarğıların, anti-semitizmin nəticəsidir. Bütün sorğular göstərir ki, bu gün Avropada yəhudilərə nifrət güclənib, ərəb ölkələrində isə anti-semitizm kəllə-çarxa çıxıb”.

O sual edir: “Əgər Amerikaya 4000 raket atsaydılar, Pentagon-un buna cavabı nə olardı? Prezident nə əmr verərdi?” Onun fikrincə, ABŞ prezident məhz İsrail rəhbərliyi kimi genişmiqyaslı hücum əmri verərdi.

Fələstində mülki əhali arasında itkiləri pisləyən, uşaq ölümlərinə etiraz edən amerikalı məşhurlarsa çox ehtiyatlı davranır, hərəkətlərinin anti-semitizm kimi yozulmasını istəmirlər. Pop ulduzu Rihanna bu yaxınlarda Twitter-dəki hesabında “Free Palestine” yazmış, bu post on minlərlə insan tərəfindən paylaşılmışdı .Amma bir neçə dəqiqə sonra müğənni postu pozmuş, onu daha neytral, hər iki tərəfi sülhə çağıran fikirlə əvəzləmişdi. Səbəb bəzi fanatların kəskin reaksiyası idi.

Məşhur “Daily Show” satirik şousunun aparıcısı Jon Stewart isə efirdə bildirmişdi ki, İsrailin siyasətinin nə dərəcədə humanist olduğunu sorğulamaq Həmasmeylli olmaq anlamına gəlməməlidir.

Yəhudi kökənli Amerika aktrisası Rosanne Barr isə Twitter-də anti-İsrail ritorikasına sərt reaksiya vermişdi.

“Onlar deyirlər ki, axırıncı yəhudini öldürməyincə İsrailə qarşı savaşı dayandırmayacaqlar. Bunu hər gün deyirlər. Təkrar-təkrar deyirlər. Əgər bu hədəni qulaqardına vurursunuzsa, bağışlayın məni, siz xəstəsiniz”.

XS
SM
MD
LG