Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:35

Gəncə-Bakı yolunu kəsən sakinlər təmiz hava istəyirlər[Video]


-

Gəncədə köçkünlərə salınan yeni qəsəbədə addımbaşı polis postları qurulub. Buna səbəb bir neçə gün öncə sakinlərin Gəncə-Bakı yolunu kəsməsi və etiraz aksiyası keçirməsidir.

Alüminium zavodundan çıxan zərərli tullantıların küləkli günlərdə evlərə dolması burada yaşayan 1500 ailənin narazılığını doğurub.

Kəlbəcərdən köçkün düşən Səidə Nəcəfovanın dediyinə görə, qəsəbəyə köçəndən bəri şikayətlərini dəfələrlə uyğun qurumlara çatdırsalar da, etirazlarına məhəl qoyulmayıb:

«O üzdən yolu kəsib etiraz edirdik ki, bizi gətirib burada qırırlar. Zəhərdən aman yoxdur. Biz cəhənnəm, körpə uşaqlar var, axı. O tərəfdən zibilin tüstüsü, burdan da zavodun iyi. Tüstünü nə təhər buraxırlarsa, gecə saat 12-dən sonra istidən ölürəm. Kondisionerimiz yoxdur, pəncərəni açınca, zəhər evə dolur. İndiyədək çox müraciət etmişik, baxmayıblar. Çarəsizlikdən yolu kəsdik».

TOZDAN PƏNCƏRƏ AÇMAQ OLMUR

Alüminium zavodu köçkünlərə salınmış qəsəbənin önündə yerləşir. Qəsəbə salınarkən, Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da zavod tullantıların zərərli təsirini aradan qaldırmaq üçün qumdan və ya su süzgəclərindən yararlanmağa kəskin ehtiyac olduğunu vurğulamışdı. Ancaq sakinlərin fikrincə, ötən yarım il müddətində bununla bağlı heç bir iş görülməyib.

Adının açıqlanmasını istəməyən sakin:

«Gecə pəncərəni açırıq, his-pas içəri dolur. Belə yerdə yaşamaq olar? Körpə var, xəstə var...».

Sakin Nəsir Həmidov zəhərlə mübarizənin bir yolunu tapıb – hər gün əlində bel alaraq ağac əkib yaşıllıq salmağa cəhd göstərir. Amma o da gileylənir ki, zəhərli tullantılar yaşıllıqların da inkişafına mane olur:

«Axşam olanda kükürd qoxusu gəlir».

Yeni qəsəbənin köçkün sakinlərinin gileyi bitmək bilmir. Onların dediyinə görə, qəsəbənin arxa tərəfində yerləşən zibilliyin də üfunəti evlərə hopur. Zibil yandırılanda, qoxu dözülməz olur:

«Xəstə adamlarıq, hamımız qırılırıq. Tozdan pəncərə açmaq olmur. Qırmızı tozdur. Gecə də zavodun iyini buraxırlar. Nədirsə, kükürd yanıq iyi gəlir. Qaçqınları bura qırmağa yığıblar. Bura yaxşı torpaq idisə, niyə bizi bura yığdılar? Buraya gələn yox idi deyə, qaçqınları bura yığdılar».

YARIMMETR QALINLIĞINDA TORPAQ TÖKÜLÜR

Sakin Fərrux Xəlilov:

«Bir tərəfdən zibilin iyi, o biri tərəfdən zavodun qoxusu-tozu... Zibildən də çox zavodun iyi bizi məhv edir. Burda bir iş yeri də yoxdur. Qaz yox, isti su yox, toz ordan, zibilin iyi burdan... Burada yaşayış yoxdur. Qazı çəkiblər, amma vermirlər».

Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin Gəncə şəhər bölməsinin sədri Süleyman Abbasov deyir ki, sakinlərin narazılığı ilə bağlı toplanıb müşavirə keçiriblər və tədbir görüləcək:

«Qəsəbənin əks tərəfi var. Orada zibil poliqonu olub, oraya tökürlərmiş zibilləri. İndi tökülmür. Kimsə yoldan keçincə, oraya od vurur. Ondan narazılıq edirlər. Yeni zavod artıq yeni texnologiya ilə işləyir, tullantısı olmur. Amma əlaqədar təşkilatlar toplanıb, müşavirə keçirərək söz veriblər ki, bunun qarşısı alınacaq».

«Gəncə Azəralüminium» ASC-nin direktoru Akif İbişovun dediyinə görə, artıq bir ildir ki, 141 hektar ərazidə 50 sm qalınlığında torpaq tökülür: Yaxın illərdə zavodun qırmızı tozu havaya qalxmayacaq, torpaq qatı ilə tam örtüləcək.

Şərhləri göstər

XS
SM
MD
LG