Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:51

-

Qalaxudat Qubanın dağlıq ərazisindəki qədim kənddir. Sakinlərin çoxu qışda qışlaq, yayda yaylaq deyib, mal-qara saxlayıb. Qalaxudatlılar indi bu adətlərindən uzaq düşüblər. Həm də bir il deyil, iki il deyil... Deyirlər, kəndlə əlaqəsi olmayan adamlar burada torpaq alıb özlərinə rahat həyat düzəldirlər.

BƏLƏDİYYƏ SƏDRİNİN MÜAVİNİ İCARƏYƏ GÖTÜRDÜYÜ TORPAQDAN ƏLİNİ ÜZÜB

Qalaxudat Xınalıq Bələdiyyəsinin və Xınalıq İcra Nümayəndəliyinin inzibati ərazisinə daxildir. Akif Bayramov Xınalıq Bələdiyyəsi sədrinin müavinidir. Ona icarəyə verilən torpaqların bir neçə il əvvəl necə əlindən çıxmasından danışır:

Akif Bayramov

Akif Bayramov

«2006-cı ildə – Quba-Xınalıq yolu çəkiləndə dedilər ki, yolun bir hissəsi mənim icarəyə götürdüyüm sahənin ortasına düşür. 2-3 il yerdən istifadə edə bilmədim. 2010-cu ildə bir nəfər gəldi, alaçıq qurdu, çayxana açmaq istədi. Yaxınlaşıb dedim ki, bura mənim sahəmdir. Cavab verdi ki, torpağı bizə bələdiyyə verib».

Akif Bayramov məəttəl qalıb ki, özü bələdiyyə sədrinin müavini ola-ola, torpağın başqasına verilməsindən vaxtında xəbər tutmayıb:

«Bələdiyyə sədri onlara müqavilə versəydi, protokollaşdırmalıydı, mən də imza atmalıydım. Getdim icra başçısının birinci müavininin yanına. O da arxayın etdi ki, get, narahat olma, torpaq sənindir, çayxananı ordan yığışdıracaqlar».

Ancaq kəndli çox get-gəldən sonra anlayıb ki, deyilənlər boş vəddən başqa bir şey deyil və torpaqdan əlini üzüb.

QARIŞ-QARIŞ YOXA ÇIXAN TORPAQLAR...

Gülmalı Gülmalıyev bu kənddə doğulub, böyüyüb, yaşa dolub. Torpaqların, yaylaqların qarış-qarış yoxa çıxması da gözü önündə baş verib:

Gülmalı Gülmalıyev

Gülmalı Gülmalıyev

«Siftə o dağın dibində doqqaz deyilən yerdə olub kənd... Sonra düşüb gəliblər bura... 1950-ci illərdə bizim torpağımız Xınalıqla indiki Bostankeçən kəndinin arasında idi. «Qumpara»lar (kəndlərarası sərhədləri bildirmək üçün nişanə təpəciklər – red.) hələ də qalır. İndi onlar (Xınalıq nəzərdə tutulur – red.) torpaqları mənimsəyə-mənimsəyə gəlib keçiblər bu tərəfə».

Gülmalı Gülmalıyevin sözlərinə görə, Qalaxudat torpaqları sürətlə Xınalığa keçir. Səbəb də odur ki, bələdiyyə, icra nümayəndəliyi həmin kənddə yerləşir. Elə torpaqları alver predmetinə çevirən də bələdiyyənin, icra nümayəndəliyinin işçiləridir:

«Hamı oradandır, bizə baxan yoxdur. Yaylaqları satıb sovurublar, ixtiyarımız yoxdur o yaylaqlara getməyə. Müqavilə ilə başqalarına satılıb. Örüş də qalmayıb, hamısını satıblar. Kəndin qoyunları kəndin içində gəzişir, o təpənin dalında yatır, otlamağa örüş tapmır».

«VERDİKLƏRİ TORPAQDA HEÇ NƏ BİTMİR»

Kəndlilər hər ailəyə 30 sot torpaq verildiyini deyirlər. Verilməyinə verilib, ancaq yararsız sahələrdən verilib:

«Verdikləri torpaqda heç nə bitmir. Yalnız biçənək kimi istifadə edə bilirik».

Akif Bayramov:

«Guya bizim istifadəmizə 1250 hektar sahə veriblər. Əslində, həmin sahələri başqa-başqa adamlara satıblar».

Başqa kənd sakini (adını açıqlamaq istəmir):

«Elə min hektarını Xınalıq zəbt edib. Çünki idarə orda, bələdiyyə orda, kənd soveti orda... Bizdənsə bir kənd kimi xəbəri olan yoxdur. Üstəlik, əlimizdə qalan pay torpaqlarından da hər gün onların qoyun sürüləri gəlib keçib gedir, minlərcə qoyunun tapdağı altında torpaqlarımız zay olur».

İndi bu kənddə barmaqla sayılası ailə qalıb. Kəndlilərin dolanışığı mal-qara, qoyun-quzu saxlayıb, çoxaldıb satmaqdan çıxır. Örüş yerləri olmadığından olan-qalan mal-qaranı da satıb başqa kəndlərə köç edirlər.

XINALIQ BƏLƏDİYYƏSİ NƏ DEYİR

Xınalıq bələdiyyəsinin sədri Kamal Ağayev narazılıqları eşidib təəccübünü gizlətmir:

- Nədən narazıdırlar? Mən bələdiyyə sədri seçiləndə onlara 200 hektar örüş sahəsi ayırdım, pulsuz istifadə edirlər. Örüş sahələri necə əllərindən alına bilər?.

- Deyirlər, 1253 hektar torpaq sahələri olub. Elə min hektarını Xınalıq kəndi zəbt edib...

- 1253 hektar sahələri var, heç kəs də gəlib onların sahəsini zəbt etməyib. 200 hektar sahə verilib. Kənd örüşü kimi təmənnasız verilib onlara... Digər örüş sahələrinə gəlincə, 150 hektar bir yerdədir, 140 hektar başqa yerə, 150 hektar da bir başqa yerdə... Qalanı da özəl pay torpaqlarıdır. Xınalıq sakini gəlib Qalaxudat torpağında məskunlaşmayıb, ya da torpaq icarəyə götürməyib. O torpaqları üç nəfər qalaxudatlı icarəyə götürüb, qalanları da özəl pay torpaqlarıdır və özlərindədir. Mümkün deyil ki, Xınalıq sakini gəlib Qalaxudat ərazisində yaylaq icarəyə götürsün. Xınalıq sakinlərinin örüşü Qalaxudatdan çox kənardadır. Aralıqda özəl pay torpaqları var. O pay torpaqlarını necə basıb keçib gəlib bunların örüşünü zəbt edə bilərlər, axı?

- Belədirsə, qalaxudatlılar niyə şikayətlənirlər?

- Şəxsən mənə də bir dəfə şikayətləniblər. Ancaq sizə dedikləri kimi, yaylağa, örüş sahələrinə görə yox... Onların narazılığı bundan idi ki, o vaxt torpaqlar düzgün paylanmayıb, torpaqların dövlət aktları düz deyil.

Bir qədər də Qalaxudat haqqında. Kənddə dağ turizminin müxtəlif növlərinin inkişafına geniş imkanlar var. 2013-cü ildə kənd yaxınlığındakı Kam dağlıq massivinin tədqiqi nəticəsində şimal yamacda boulderinq (qayayadırmanma) üçün perspektivli qaya divarları (200 m) aşkar olunub. Qalaxudat və Qrız kəndlərini birləşdirən yolun kənarında geniş, enli qaya divarı da böyük əhəmiyyət daşıyır. Qayaların hündürlüyü 15-20 m-ə yaxındır, ətəklərdə çadır düşərgələri salmaq üçün yerlər var.

XS
SM
MD
LG