Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:26

Mesaj yazanda rusca yaz, Lena başa düşmür...


Yaşar Bünyad
Yaşar Bünyad

-

Rusiyada yaşayan şair Yaşar Bünyadın bu şeiri gənc yazar Həmid Piriyevin bir neçə gün qabaq "Oxu zalı"nda çap edilmiş "Rusiyada yaşayan yaxın qohumuma elektron məktub" şeirinə cavabdır.

Yaşar Bünyad

ELEKTRON MƏKTUBA CAVAB

Lap yaxşıyam...

Hər şey əvvəlki kimidi.

Utanırsan deməyə "Sovetski"dən Xırdalana köçmüsən?

Əşşi, öyrəşərsiz... Mən öyrəşən kimi.

Orucluqdan sonra toylar çoxalır, dünən pul göndərdim anamın adına

Bankda qızlar anamın adını, soyadını əzbər bilir.

Sən deməmiş sovqat hazırlayıb vermişəm "provodnikə" - alarsan

Konfet, salo, iki şüşə araq və siqaret - razı qalarsan.

Anama demə, bəlkə gəlmədim...

Yollardan, geri dönməkdən bezmişəm

İynə-dərmanına pensiyası çatmırsa, fikir etməsin,

Elə sən də...

Utanma qardaşından

pulu kiminçün qazanırıq.

Dədəm evdən bayıra buraxmazdı -

Kristal zala, kaktuslu bulvara gedin

Opera teatrına,

Qəbələ festivalına apar yazıq arvadı

Klassikləri dinləyib dincəlsin.

Bozbaş pıkçersə baxın

Mırtdı vallah, burdakılar da “perevod”la baxıb mırtdaşırlar...

Hamı Fəlakətin gününə düşüb, onun kimi danışır.

Vatçapına quzu kəsim, mesaj yazanda rusca yaz

Lena başa düşmür, hirslənir

dublyonkanı bəyəndi Hacı?

Bəs Sənubər bacı, geyir şubanı?

Sağlıqla...

Bir kəlmə də Qarabağdan yazmamısan, yəni... qaytardılar?!

Təki elə olsun!

Yeməyinə fikir ver, anamdan muğayat ol,

Ürəyi istəsə göndər Yesentukiyə

Xərci mənlik - ölməmişəm!...

Amma...

bir az şor, Şamaxı şoru göndərsən...

XS
SM
MD
LG