Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:11

İ. Qəmbər müsavatçı gəncin saxlanmasına münasibət bildirib


İsa Qəmbər
İsa Qəmbər

-

«Avtoritar rejimlərin məğlubiyyəti qaçılmazdır və Əliyev rejimi də məğlubiyyətə məhkumdur».

Müsavat başqanı İsa Qəmbərin Fərəc Kərimlinin həbsi ilə bağlı iyulun 24-də facebook səhifəsində verdiyi bəyanatında belə deyilir:

«Müsavatçı gənc Fərəc Kərimovun həbsi avtoritar Əliyev rejimi ilə demokratik qüvvələr arasında mübarizənin həlledici mərhələyə daxil olmasının daha bir sübutudur. Biz haqq və ədalət, azadlıq və ləyaqət yolunda olduğumuz üçün qələbə bizimlə olacaq. Avtoritar rejimlərin məğlubiyyəti qaçılmazdır və Əliyev rejimi də məğlubiyyətə məhkumdur. Müsavatın, demokratik qüvvələrin, gənclərin qələbəsi labüddür və bu qələbənin qarşısını heç bir qüvvə ala bilməz. Kim nə deyir desin, özünüzə və yolumuza bir an belə şübhə etməyin, gənclər!», deyə İsa Qəmbər bildirir.

Fərəc Kərimlinin iyulun 23-də ağır vəziyyətdə olan anasını Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirən zaman mülkigeyimli şəxslər tərəfindən başına torba keçirilərək naməlum istiqamətə aparıldığı deyilir.

Yaxınlarının axtarışları heç bir nəticə verməyib. Yalnız günün sonunda məlum olub ki, Fərəc Quliyevi Daxili İşlər Nazirliyinin əməkdaşları saxlayıb.

Bu haqda AzadlıqRadiosuna nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məlumat verib. Onun dediyinə görə, Fərəc Kərimli narkotik ittihamı ilə saxlanıb.

Fərəc Kərimli Müsavat Gənclər Təşkilatının üzvü, partiyanın rəsmi internet səhifəsinin idarəçisidir. Fərəc Kərimlidən əvvəl, iyulun 17-də onun böyük qardaşı Sirac Kərimli də tutulub. Ona da qarşı narkotik ittihamı irəli sürülüb və 3 aylıq həbs edilib.

Kərimli qardaşlarının atası Müsavat üzvü Raqif Kərimli övladlarına qarşı irəli sürülən ittihamların qurama olduğunu və onların həbsinin siyasi fəaliyyətləri ilə bağlı olduğunu deyib. Kərimovlar ailəsi Laçın rayonundan məcburi köçkündürlər və Bakıda yataqxanada yaşayırlar.

XS
SM
MD
LG