Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:56

İyulun 22-də Xızıya səfər edən prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident Xızının inkişafda olduğunu vurğulayıb:

«Xızı o qədər də böyük rayon deyil, əhali də 15 min civarındadır. Buna baxmayaraq Xızının sosial-iqtisadi inkişafı üçün bütün lazımi tədbirlər görülür. Biz bu tədbirləri ardıcıllıqla görürük ki, bütün insanları narahat edən məsələlər öz həllini tapsın». Bunu prezident İlham Əliyev iyulun 22-də Xızıya səfəri zamanı deyib.

Prezident qeyd edib ki, magistral yoldan Xızıya gözəl bir yol çəkilib. «Bu yol əvvəlki dövrdə o qədər də yaxşı vəziyyətdə deyildi. İndi ən gözəl standartlara uyğundur. Altıağac kəndinə qədər gedən yol əsaslı şəkildə tikiləcək. Digər yol layihələri indi həllini gözləyir və o məsələlər də həll olunacaq. Şurabad kənd yolu da tikilməlidir. Bu məqsədlər üçün də vəsait ayrılacaq».

Xızının turizm potensialından danışan dövlət başçısı bildirib ki, burada çox gözəl təbii şərait var - gözəl dağlar, təmiz hava:

«Bu gün mənə yeni layihə təqdim olundu. Gözəl otelin tikintisi nəzərdə tutulur. Yəni bu sahədə əlavə tədbirlərin görülməsi rayonun iqtisadi potensialını artıracaqdır. Çünki ilk növbədə yol olmalıdır, infrastruktur layihələri icra edilməlidir. Hər rayon üçün onun spesifikasına uyğun olaraq iqtisadi inkişaf planı da nəzərdə tutulur, o cümlədən Xızı üçün.

İlham Əliyev bildirib ki, Xızı rayonunda kənd təsərrüfatının inkişafı üçün çox önəmli addım atılıb. Suvarma layihəsinə start verilib və bu layihənin reallaşması Taxtakörpü su anbarının tikintisindən sonra mümkün olub. «Taxtakörpü su anbarının tikintisi ölkədə son vaxtlar qeyri-neft sektorunda infrastruktur layihələri arasında bəlkə də ən böyüyüdür, kənd təsərrüfatının inkişafı üçün xüsusi əhəmiyyətə malikdir».

«Siyəzən, Şabran və Xızı rayonlarında böyük həcmdə yeni torpaq sahələri dövriyyəyə buraxılacaq. Xızı rayonunda isə doqquz min hektar torpaq su ilə təmin ediləcək. Hazırda Xızı rayonunda suvarılan torpaqların sahəsi üç min hektardır. Yəni indikindən üç dəfə çox torpaq suvarılacaq. Beləliklə, fermerlər üçün əlavə imkanlar yaranacaq. Fermerlər gərək o torpaqlardan səmərəli şəkildə istifadə etsinlər. Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, yerli icra hakimiyyəti birlikdə bu işlərlə məşğul olmalıdırlar ki, biz bu torpaqlarda əkiləcək məhsulların nomenklaturasını müəyyən edək. Əminəm ki, yaxın vaxtlarda artıq bütün lazımi şəbəkə qurulacaq. İndi boru xətləri və kanallar tikilməlidir ki, hazırda səhraya bənzəyən o torpaqlar artıq gülüstana çevrilsin. Bax, budur bizim konkret gördüyümüz işlər.

Bizim ümumi inkişafımız göz qabağındadır. Azərbaycan öz sürətli inkişaf dövrünü yaşayır və ölkədə böyük quruculuq işləri aparılır. İqtisadiyyatımız artır, sosial məsələlər həll olunur. Ölkədə sabitlik və vətəndaş həmrəyliyi hökm sürür. Bir sözlə, bu gün Azərbaycan məhz görülən işlərə görə dünya miqyasında diqqət mərkəzinə çevrilib. Biz bu işləri ardıcıllıqla görürük. Hər bir istiqamət üzrə bu işlər konkret proqram əsasında aparılır, o cümlədən rayonların inkişafı və Xızı rayonunun gələcək inkişafı ilə bağlı bizdə heç bir şübhə yoxdur. Daha da böyük işlər görüləcək, insanlar daha da yaxşı yaşayacaqlar».

Günün bütün mövzuları

XS
SM
MD
LG