Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:49

-

“Ciyərləri xəstə körpə, xanımım və özüm... Yenə Bakı... Yenə skamyalar.... yayı birtəhər yola verərik, bəs qışda neyləyəcəyik, bilmirik".

AzadlıqRadiosunun "Qaynar xətt"inə müraciət edən Əhməd Hümbətov 4 il əvvəl 11 illik həbsini başa vurub azadlığa çıxanda ilk gecələdiyi məkan küçə olmuşdu. Getməyə yeri olmayan keçmiş məhbus parklardakı skamyaları özünə çarpayı seçmişdi. Yoldan keçən bir tibb işçisinin ürəyi dözmür, Əhmədi işlədiyi xəstəxanaya götürür və şöbə həkimindən xahiş edir ki, palatalardan birində ona müvəqqəti bir çarpayı ayrılsın. Ancaq çox çəkmir ki, bundan xəbər tutan baş həkim şöbə həkimini danlayır və Əhməddən xəstəxananı tərk etməyi tələb edir. Məhz belə vaxtda ona AzadlıqRadiosunun “Qaynar xətt”inə zəng vurmağı məsləhət görürlər. Bir zəng Əhmədin həyatında bəzi dəyişikliklərə səbəb olur. Şəxsiyyət vəsiqəsi əldə edir, təqaüdünə qovuşur. Üstəlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onu Şamaxıdakı əlillər evinə yerləşdirir. Bunlar 4 il əvvəl baş verir.

YENƏ ÜZÜ KÜÇƏLƏRƏ...

Bu gün Əhməd küçəyə özü ilə daha iki nəfəri “daşıyıb”. Yaşadığı əlillər evində ailə qurduğu qadını və 2 yaşlı qızını...

Ötən 4 il ərzində Əhməd Hümbətovun başına az iş gəlməyib. O, yaşadığı əlillər evində əlillərə göstərilən münasibətdən, menyudan, geyimdən tutmuş hər şeydən yazır. Prezident Administrasiyasına, Baş Prokurorluğa, Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinə.. Yazdıqlarının nəticəsində yüeni ailəsi ilə əlillər evinin qapısı arxasında qalır. Kirayə ev tutur, süd, qatıq satıb həm kirayəhaqqını ödəyir, həm də xəstə qızının dava-dərmanlarını alır. Bəs sonra başına nə gəlir? Əhməd niyə yenidən küçəyə sığınmalı oldu? Bu barədə özü danışır:

“Nəmişlikdə yaşadığımızdan uşağın ciyərləri sıradan çıxdı. Mən onu xəstəxanaya yerləşdirməli oldum. Pulumuz olmadığına görə uşağa baxmırdılar. Mən də qucağımda qızdırmalı halda olan uşağa yardım göstərilməsi üçün səs-küy salırdım. Qaldığımız evin sahibi həmin xəstəxanada həkim işləyirdi. Baş həkimin tapşırığı ilə bizi evdən çıxartdı, qaldıq yenə küçənin ümidinə”.

Arxiv fotosu

Arxiv fotosu

"DEDİM, DUALARINIZI ÖZÜNÜZƏ SAXLAYIN, UŞAĞA DƏRMAN VERİN"

Əhməd Hümbətov deyir, baş həkimin xətrinə dəyən bu olub ki:

“Dedim, bu nə bəladır adamların başına açırsınız? Şprisdən, pambıqdan tutmuş hər şeyi xəstəyə pulla verirsiz. Pulum yoxdur deyə, həkimlər uşağa yaxın düşmürlər. Birdəfəlik xəstəxananın qapısına yazın yapışdırın ki, pulsuzlara giriş qadağandır. İşçisinə tapşırdı ki, sənin evində kirayədə qalır, çıxart, getsin özünə başqa ev tapsın”.

Əhməd Hümbətovun sözlərinə görə, Şamaxı xəstəxanasında pulu olmayan xəstələrə həkimlər tərəfindən yalnız dua düşür:

“Uşaq qızdırmalı, əldən gedir, şöbə həkimi də sanki heysiyyatımla oynayır. Deyir, Həcc ziyarətində olmuşam, namaz qılıram, oruc tuturam. Uşağının sağalması üçün çoxlu-çoxlu dualar edirəm. Dedim, ay həkim, olmaz ki, duadansa elə xəstəyə dövlətin ayırdığı havayı dərmanlardan verəsən?”

"O BİR BƏLADIR Kİ..."

Şamaxı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elxan Məmmədov deyir, Əhməd Hümbətov yeri olmadığına görə xəstəxanaya sığınıb:

“Əhməd həbsxanadan çıxandan sonra Şamaxıdakı əlillər evində yaşayırdı. Orada da evlənmişdi. Əlillər evindən çıxandan sonra getməyə yeri olmadığına görə gəlib xəstəxanaya sığınmışdı. Ər-arvad yalandan deyirdilər ki, uşaq xəstədir, onun hesabına xəstəxanada qalırdılar. Biz uşağı hərtərəfli müayinə etdik, gördük sağlamdır. Ona görə də xəstəxanadan çıxartmalı olduq. Çünki xəstəxana sığınacaq deyil. Onu qısa müddətdə Şamaxıda hamı tanıyır – şər-xatanın biridir, hamıdan yazır, özü də əsassız...”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şamaxıdakı 1 saylı ixtisaslaşdırılmış ruhi əsəb əlilləri üçün internat evinin baş həkimi Çingiz Mehrəliyev bir qədər əvvəl “Qaynar xətt”ə bildirmişdi ki, hələ bir il əvvəl Əhməd Hümbətovun sosial adaptasiya müddəti bitdiyinə görə o, internat-evdən çıxarılıb.

Görünən isə odur ki, bir ailənin səhəri Bakı parkarında açılır. Üzvlərindən biri 2 yaşlı qızcığazdır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG