Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:18

Elnaz Eyvazlıdan hekayə: "Namuslu fahişə"


Azerbaijan - Azeri poet Elnaz Eyvazli
Azerbaijan - Azeri poet Elnaz Eyvazli

-

"- Axı mən belə istəmirdiiiim! Mən belə deməmişdiiiim!!!!!! Hanı sənin üstündə adam öldürdüyün namusun, qəhbəəəəə!!!! - var gücü ilə bağırıb dizləri üstə yerə düşdü."

Elnaz Eyvazlı

NAMUSLU FAHİŞƏ

- Dünən gecə yenə doğramışdı özünü...

- Yenəə?

- Həə...

- Yerə soxum boyunu...

- Hmm...həftə səkgiz, mən dokquz, gündə damar kəsəllər?! Ölmür də ee...gecə təcili yardım maşını gəlmişdi.

- Bunun nə qədər qanı varmış? Camaat qan artırmaxdan ötrü min hokqa çıxarır...

- Gəlir...

- ...

Gülzar sarıqlı qolunu qoynuna sıxıb bayaqdan onun qeybətini edən qonşu arvadların yanından keçəndə salam verdi. Hündür taxta hasarlı həyətinə girib qapını bağladı.

Gülzarın heç kəsi yox idi. Daha doğrusu, olmamış olmazdı, ancaq itirib-axtaranı yox idi. Hündürboy, möhkəm bədənli, qarayanız gözəgəlimli qadın idi. Qapqara saçlarını həmişə qısa kəsdirər¸ üz-gözünə də heç nə çəkməzdi. Bər-bəzəksiz, sadə görkəmli bu qadın yayda həmişə ayağına barmaqarası yüngül şəpik, əyninə də qolsuz köynəklə şalvar ya da dizinin gözündən yubka geyərdi.

Evinin arxasında qazılmış dərədən camaat zibillik kimi istifadə edirdi. Həyətinin zibilliyə baxan çəpərindən içəridə əkilmiş yasəmən ağaclarının ətri zibilliyin üfunət qoxusuna qarışırdı. Yoldan keçən əl uzadıb bu güllərdən dərər, Gülzar buna görə heç kəsə söz deməzdi.

Heç kimə qaynayıb-qarışmırdı Gülzar. Bunu arzu edən də yox idi. Tək-bir qonşuya salam verirdi, onda da salam verdiyi adam ona qalırdı ki, qonum-qonşudan görən olmasın.

Axşamüstü küçədə oturan arvadlar o gün olmasın ki, Gülzardan danışmasınlar.

Gülzarın taxta hasarlı həyətinin taxta qapısını yalan olmasın, döyməyən kişi qalmamışdı. Müxtəlif yaşda, müxtəlif görkəmdə, müxtəlif təbəqədən olan kişilər...

İndi hamının “qəhbə Gülzar” kimi tanıdığı bu qadın namusuna sataşmaq istəyən kişini bıçaqlayıb kişi kimi “yatıb çıxmışdı”.

Gülzar türmədə qurduğu xəyallarını azadlıqda basdırdı. O, elə bilirdi ki, çölə çıxandan sonra onu sevənlərin, qapısına elçi düşənlərin sayı artacaq. Kişilər “namus üstündə yatan” qızın əri olmaq istəyəcək, fəxr edəcək onunla. Ancaq elə olmadı. Bütün qapılar Gülzarın üzünə bağlandı. Vaxtilə onu sevən, üstündə dava salan oğlanlar onun gözü qarşısında evlənib “kişi” oldular. Gülzar hər eşitdiyi “Vağzalı” sədası ilə arzularını bir-bir dəfn etdi. Ürəyi sevib-sevilmək eşqilə döyünən qız getdikcə başa düşürdü ki, əslində illər öncə öldürdüyü o kişi qarşısına insan şəklində çıxan taleyi, gələcəyi imiş. Öldürüb cəzasını da ömrünün axırına qədər çəkəcəkdi.

Gülzar yatdığı ilk adama özünü satmamışdı. Onda hələ bu işi para-pul qazanmaq üçün görmürdü. Heç, bəlkə, indi də bunun üçün etmirdi. Onu sevgisinə inandıran oğlan yavaş-yavaş qızın ürəyinə yol tapmışdı. Gülzar da inanmışdı ki, onu yenə də sevmək olar, sevinmişdi sevildiyinə. Bir də onda ayılmışdı ki, iş işdən keçib. Onu pəjmürdə olmağa qoymamışdı oğlan. Ona sahib çıxacağına söz vermişdi. Bir müddət sonra isə Gülzar “Vağzalı” səsindən diksinmişdi. Diksinib ayılmışdı. Ayılıb anlamışdı ki, bu hava heç vaxt onun üçün çalınmayacaq. Sonralar eşitdi ki, oğlan heç cür ailəsinə qarşı çıxa bilməmiş, hətta Gülzarın bakirəliyini özünün pozduğunu etiraf etməyə kişiliyi çatmamışdı. Kimi inandıra biləcəkdi? Toy gecəsi qapıda pusqu quranlara nə cavab verəcəkdi? Məhəllədə beş oğlanın arasına çıxanda başını necə dik tutacaqdı?

Kim inanardı ki, üzü türmə görmüş bu günahsız qızın siftəsini elə onun öz əri edib? Bütün bu suallardan qurtulmağın bir yolu vardı: Gülzarı sevə-sevə sevmədiyi bakirə bir qızla evlənib başı dik gəzmək.

İlk dəfə damarlarını da onda kəsmişdi. Sevgilisinin toyu gecəsi: “Qan istəyirsiniz, bu da qan,” – deyib ülgücü damarlarına çəkmişdi.

Uzun müddət özünə gələ bilməmişdi. İçindəki boşluqda boğula-boğula qapılmışdı özünə. Ancaq nə qədər olardı?

Günlərin bir günü bir başqası çıxdı rastına. Gülzar yaşadıqlarını danışdı ona. Hönkürə-hönkürə, hıçqıra-hıçqıra. O da Gülzarın başını sinəsinə sıxıb saçlarını oxşamış, alnından öpmüşdü.

- Unutduracam sənə yaşadıqlarını. Hər şeyi unudacaqsan...hamının əvəzinə sevəcəm səni...

Gülzar bütün itirdiklərinə şükür edib, “hər ziyanda bir xeyir var” düşünmüşdü. Ancaq bu dəfə də Gülzarın sevinci uzun çəkməmişdi. Bir səhər ona bütün dərdlərini unutduran, dəlicəsinə aşiq olan bu adamın qarnı burnunda arvadını qapısında görəndə yer Gülzarın ayaqları altından qaçmışdı. Bir də onda ayılmışdı ki, sevgilisi qan içində çabalayan Gülzarı bağrına basıb:

- Niyə bunu elədin? Niyə axı, Gülzar? – deyə hönkürür. Üz-gözü, əlləri qana bulaşan kişi bağıra-bağıra həyatın eninə-uzununa söymüşdü.

Ancaq nə bu söyüşlər, nə Gülzarın canına növbəti qəsdi taleyin daş qəlbini yumşalda bilməmişdi. Gülzar da bəxti kimi ürəyinə daş basıb ayrılmışdı adamdan. Nə onun göz yaşlarına, nə də verdiyi vədlərə baxmayıb çırpmışdı qapını üzünə.

Bu olaydan sonra özünə yer tapa bilməmişdi. Eyni qəsəbədə yaşadığı bu adamla, onun qohum-əqrəbası ilə üz-üzə gəlməyə gücü çatmayan Gülzar didərgin düşmüşdü el-obasından. Əslində, el-obanın ona bir isti-soyuqluğu da yoxdu, ara yerdə ev-eşiyindən olmuşdu...

İndi taxta qapılı taxta hasarın o üzündə nələr yaşadığın bir özü bilirdi, bir də Allahı. Qapını arxasınca örtəndə qonşu arvadın:

- Aleey, qadam ağzuva!!! – deməsini eşidən Gülzar yaralı qolunu özünə bir az da möhkəm sıxıb dişlərini qıcadı.

Əslində, elə həyətdən çıxanda da əlini qapının üstündən içəri salıb bağlayar, bayırdan qapısına qıfıl vurmazdı. Bəlkə də, həyatı boyu ümidləri qırılan qadın qapısına gələn “müştəri”lərin ümidini qırmaq istəmirdi...

Hamama keçib tək əllə üzünə su vurub əlini qısa kəsilmiş qara saçlarına çəkdi. Başını qaldırıb güzgüdə diqqətlə qapqara, kədərli gözlərinə baxdı. Salamat əlini əlüzyuyana dayaq verib bir xeyli beləcə dayandı. Göz yaşları yaş üzündə itdikcə Gülzar əlini əlüzyuyana daha möhkəm basıb əvvəl balaca uşaq kimi zarıdı, sonra dəmir sutökəni güzgüdəki sifətinə çırpıb çilik-çilik elədi:

- Axı mən belə istəmirdiiiim! Mən belə deməmişdiiiim!!!!!! Hanı sənin üstündə adam öldürdüyün namusun, qəhbəəəəə!!!! - var gücü ilə bağırıb dizləri üstə yerə düşdü. Yaralı qolunu bağrına basıb səsi gəldikcə uladı.

Gülzarın səsi şərqarışan vaxtın hüznünə qoşuldu. Küçədə oturan qonşu arvadlar qulaqlarına qırıq-qırıq dəyən səsi eşidib bir-birlərinə baxdı.

- Dəli şoğərib...

***

Səhəri gün günorta “Zil” markalı yük maşını arxasını taxta hasarlı həyətin taxta qapısına dayadı. Gülzar sürücü ilə köməkləşib əşyalarını maşına daşıdı. Sonra həyətinin taxta qapısına qıfıl vurdu. Bir dəstə yasəməni sinəsinə sıxıb maşına oturdu. Heç kim onun hara köçdüyünü bilmədi...

Uzun müddət Gülazırn yaşadığı evə köçən olmadı. Kişilər küçədən keçəndə hələ də ümidlə taxta hasardan içəri boylanırdılar. Qapısının ağzından keçənlər torpağa hopub qaralmış qan ləkəsinin başına fırlana-fırlana keçirdilər, sanki ayaqlamağa ürəkləri gəlmirdi...

XS
SM
MD
LG