Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:13

Şəhriyar del Geraninin onluğa düşmüş qısa pyesi


Şəhriyar del Gerani
Şəhriyar del Gerani

-

- Ya bunu yalayacaqsan, ya da adam kimi farsca su istəyəcəksən!

- Ab bede man, biradər, ab bede...

- Xoob, it kimi əhilləşirsən yavaş-yavaş. Amma it səndən mərifətlidi. Yarım ilə qavrayır. Sən 4 ildi hələ indi-indi qırıldadırsan!

Gənc yazar Şəhriyar del Geraninin "Anamın kitabı" müsabiqənin onluğuna keçmiş pyesi

Şəhriyar del Gerani

AYİŞƏ NECƏ GÜLÜR?..

İştirak edirlər:

Mahur Ər – tarix müəllimi, 26 yaşında

Pinar – naşir, Mahurun arvadı, 37 yaşında

Ayişə - Mahurun qızı, 7 yaşında

Alp Arslan – jurnalist, 30 yaşında

Behzad Şan – bənna, 28 yaşında

Amir Məlikpur – hakim

1.

(Təbriz. Mahurun evi. Saat 11 radələri. Pinar aynanın qarşısında özünə düzən

verir. Evin yan tərəfində qəbiristanlıq var. Pəncərə açıq. Qar yağır. Musiqi

mərkəzində Feridun Düzağaç “Düşlər Sokağı”. Mahur pəncərədən

qəbiristanlığa baxır. Ayişə hicabını əlində tutub ağlayır)

Mahur. Bax sənə nə göstərirəm

Pinar. Qarı deyirsənsə görmüşəm. Və cənabe-möhtərəminizə xatırladım ki,

sizi yuxudan mən oyatmışam zati-aliləri. Qar isə ta obaşdandan yağır.

Mahur. Bu qədər danışınca bura gəlsənə!

(Pinar hələ də özünə düzən verir. Mahura sarı dönür. Barmaqlarının ucunda

pəncərəyə yaxınlaşır. Dönüb yenidən aynaya baxır, qayıdıb qaşlarını

tumarlayır, yenidən pəncərəyə sarı gedir)

Pinar. Hə, nə var yenə?

(Mahur qəbiristanlıqda qartopu oynayan uşaqları göstərərək – bax, gör

qəbirlərin üstündən qarı necə götürüb bir-birlərinə atırlar. Hələ o (əlini bir az

sola tərəf yönəldib göstərir) başdaşına qısılan tosuna bir bax, utanmaz!

(Pəncərədən qəbiristanlıq yaxşı görünür. Bu dəm uşağın birinin

“tosun”a sıxdığı qartopu başdaşına dəyir. Qəbiristanlıq aydın

görünür. Çünki çox yaxınlıqdadı. Qartopu dəyən məzar

Mahurun dostu Aydəmirin məzarıdı. İraq-İran müharibəsində

şəhid olan minlərlə azərbaycanlıdan yalnız biri)

Mahur. Hmmm, axmaq balaca. Sənin atdığın qartopu onu necə yaraladı heç

bilməzsən!

Pinar. Nökərinəm ağa, bəsdi. Aydəmir çoxdan ölüb. Unut. Ovundur özünü!

Mahur. Sən də bilməzsən heç. Aydəmiri güllə öldürə bilməzdi. Qəti bilməzdi.

Onu qar topası öldürdü.

Pinar. Bu nə ovqatdı axı səhər çağı? Darıxmaqlı musiqi bir yandan,

qəbiristanlıq o biri yandan! İşimiz vardı əcəb! Ayişə ağlayır, heç soruşmursan

neyçün?!

Mahur. Pinar, başa düşürsənmi? O uşağın atdığı qartopu əslində “pak və

müqəddəs” saydığınız əbləhlərin millətin beyininə atdığı “cihad” virusudu.

Pinar. Mən o əbləhləri heç də müqəddəs saymıram, xəbərin olsun. Nə də,

sənin nə danışdığını qanmadım düzü...

Mahur. Qanmadınsa demək müqəddəs sayırsan. Yaxşı, bəs Ayişə niyə

gülmür?

Pinar. Ona görə ki, vəziyyət gülməli deyil!

Mahur. Bəs o başdaşının vəziyyəti necə? Səncə gülməli deyil?

Pinar. Başdaşı...başdaşı... nə qədər olar axı, biz bu xarabanı dəyişəcəyik ya

yox?

Mahur. Niyə dəyişirik ki? Bəyəm qəbiristanlıqdan uzaqlaşanda ölümdən

uzaqlaşırıq? (istehzayla gülümsəyir)

(Pinar aynanın qarşısına qayıdır.)

Pianar. Məncə kifayət qədər dərin söhbət deyil. Həvəskar yazıçıların hekayə

cümləsini xatırlatdın (gülür)

(Üz-gözünün bəzəyini silir, saçlarını pırtlaşdırıb dodaq boyasıyla aynaya

“qızın ağlayır” yazıb otağına keçir. Mahur pəncərədən baxmağa davam

eləyir. Ayişə kiriyir. Aynanın qarşısına keçib ayağının altına stul qoyur.

Anasının dodaq boyasıyla yazdığını əliylə qarışdırır. Mahur Ayişənin yanına

gəlir)

Mahur. Qızım, niyə ağlayırsan?

Ayişə. Daha ağlamıram!

Mahur. Bəs niyə ağlayırdın?

Ayişə. Daha ağlamıram!

Mahur. Bəs güzgünü niyə buladın?

Ayişə. Daha ağlamıram, ona görə!

(Musiqi davam eləyir. Telefon zəngi. Mahur dəstəyi qaldırır. Alp arslanın

səsi...)

- oyanmısan?

- yox!

- gecdi, bəlkə oyanasan...

- yenə nə olub?

- mitinq!

- harda?

- Saat meydanında!

- niyə?

- ona görə ki, sən hələ də yatmısan!

(danışıq kəsilir. Qudok səsi... Mahur əsəbi halda Pinarın otağına gedir)

- Bu qız niyə ağlayırdı axı? Məgər mən onun ağlamağına qulaq asmaq üçün

zülm çəkirəm? Məgər mən onu göz yaşı tökmək üçün böyütmüşəm?

- Xeyr ustad, ona görə zülm çəkirsən ki, qızın da bizim kimi bu sovxada

böyüsün və məmnuniyyətlə bədbəxt olsun. Və ona görə böyütmüsən ki, o da

bizim kimi bu viranədə böyüsün və yüksək şövqlə bədbəxt olsun. Mən də

ona çalışmışam ki, o da bu cəhənnəmdə kifayət qədər bədbəxtlik tapsın.

Bütün cümlələr bədbəxtliyə aparır! O da ona görə ağlayır ki, bu məmləkətdə

yalnız göz yaşlarıyla inqilab eləmək mümkündü, o da evin sakit bir

küncündə!

(Pinar çılğın və əsəbi tövrlə cavab verdi. Sonra ərinin boynuna sarılıb onu

bərk-bərk öpdü.)

Mahur. Nə inqilab? Dəli olmusan?

Pinar. Məktəbə hicabsız gələnlərin hamısını salıb bir otağa ağızlarını

qıfıllayırlar. Valideynləri gəlmədən buraxmırlar. Həm də cərimə

yazırlar. Yeri gəlmişkən, çoxdandı sən də şallaq yemirsən...

2.

(Səhnə işıqlanır. Saat meydanı. Adamlar təşviş içində. Polislərin müdaxiləsi.

Behzadın qışqırıqları “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun”!

Mahurun qışqırıqları “Bakı, Təbriz, Urmiya, hamı gəlsin haraya”! Alp

Arslanın qışqırıqları “Mən azadlıq köləsiyəm, meydanlarda öləsiyəm”! Hər

şüardan sonra onlarla adamın şüarı təkrar etməsi. Polisin təzyiqi.

Qarşıdurma...)

Kənarda dayanmış iki orta yaşlı kişinin dioloqu:

biri - Xeyli fəlsəfi...

o biri – kifayət qədər müdrik...

biri – Xeyli dərin adamlarmış...

o biri – Həm də poetik...

3.

(Səhnə işıqlanır. Mahur, Behzad, Alp gözləri bağlı, qolları qandallı, ayrı-ayrı

otaqlarda dindirilmədə. Mahurun müstəntiqlə dialoqu)

- Nəyin çatmır ay oğraş?

Mahur. Qızımın gülüşü!

- Soruşuram nəyin çatmır, hoqqabazlıq eləmə! Nə ulaşırsız küçələrdə? Niyə

camaatı rahatsız edirsiz? Xalq sizin çaqqal-çaqqal ulaşmağınızdan evində

istirahət eləyə bilmir! Heç bilirsən nə qədər şikayət olunub sizdən?

Mürtədlər!

Mahur. Yalansa sənin arvadını... (Müstəntiqin yanındakı boynuyoğun

Mahurun ağzının üstündən təpiklə vurur. Mahur stolqarışıq arxası üstə yerə

sərilir)

(Mahnı səsi. Humayun Şəcəryan “Ba Setareha”...)

Behzadın müstəntiqlə dialoqu

- şərəfsiz alçaq! Nə atdanıb-düşürsən ortalıqda? Evində kişi

tutmusan?

- hə, kişi tutmuşam, sənin bacınla gəlmişdi!

Müstəntiqin yanındakı yekəpər dəyənəklə Behzadın boynunun

arxasından zərblə vurur. Behzadın sifəti qarşısındakı stola çırpılır və qalxmır)

(təkrar həmin mahnının səsi...)

Alp Arslanın müstəntiqlə dialoqu

- Qızının başın tutan şərəfsiz!

- Mən isə Alp Arslan... Tanışlığımıza şad oldum, ağa!

Müstəntiq ayağa qalxıb onun uzun qıvrım saçlarından tutur. Fırladıb stuldan

salır. Alp tək dizi üstə yerə gəlir. Müstəntiq əlini çəkir. Sağ ayağı

olmadığından sağ tərəfi üstə yıxılır. Müstəntiq: - “şikəst oğraş, arvadını necə

doyuzdurursan bu cüssəylə”?!

(təkrar bayaqkı mahnı ucalır)

4.

(Səhnə işıqlananda hər 3 dustaq bir kamerada. Saçları, saqqalları uzanıb. 6

aydan artıqdı istintaq davam eləyir.Səhnənin işığı sönür. Yenidən

işıqlananda hərəsi bir küncdə nəsə danışırlar. Amma, heç biri o birinə qulaq

asmır. Səhnənin işığı təkrar sönür. Yenidən işıqlananda Alp uzanmış

vəziyyətdə, Mahur isə gəzişir).

Behzad ayaq barmaqlarını sayır – sağdan sola, soldan sağa. Qəfil qışqırır:

- Artıq ayaq barmaqlarımın sayı 20 olmuş!

Mahur. 5-i artıqdı!

Behzad. 5-i yox, 8-i!

Mahur. 5-i!

Behzad. Yox!

Alp. Dostlar, eşidin məni...

Behzad. Yox!

Mahur. 5-i!

Alp. Dostlar!

sakitlik. Qapının arxasından gözətçinin səsi gəlir – üzünüzü

divara çevirin!

(Hər üçü üzü divara dayanır. Qapının gözlüyü açılır.)

Gözətçi. kimin nə istəyi var?

Behzad. Tualetə istəyirəm həci ağa.

Gözətçi. Hələ vaxta var, saat 17-di, 2 saat da döz!

Alp. Susuzluqdan dilim yanır!

Gözətçi. Kafər! Ramazan ayıdı! İftara 3 saatdan artıq vaxt var!

Mahur. Qəvvat! Özün saqqızı öküz kimi gövşəyirsən! Murdar ağzının

marçıltısı qulağımı deşir!

Gözətçi. Tfu sənə, lənətə gəlmiş yəhudi mürdəşiri!

(Mahuru kameradan çıxardırlar. Bu yerdə Mahur çox acizdi. Onu qaranlıq

yerə pərçimləyirlər. Bu oyuqda o ancaq ayaqüstə qala bilir. Yalnız yerində

fırlanmağa imkan var. Otura da bilmir. Oturmaq istəyəndə dizləri divara

dəyir. Başının üstündə havalandırma cihazı var. Dırıltı səsi beynini deşir)

5.

(bayaqkı mahnı səsi ucalır. İnqilabçı gənclərin həbsindən illər keçib. Səhnə

işıqlananda Alpla Behzad söhbət eləyir)

Alp. Mən intihar edəcəm!

Behzad. Mən tək qalmayacam, əmin ol, o sabundan mən də çoxdan dadmaq

istəyirəm!

Alp. Mən intihar etməklə yalnız bədənimin bir hissəsini ödürmüş oluram.

Sağ ayağımın günahını uca rəbbimiz şəxsən özü ödəyəcək. Yeri gəlmişkən,

günahım da səninkindən az olacaq! (gülür)

Behzad. Demək ki, biz səndən daha çox əzab çəkmişik! Amma, bir söz

soruşum. Demə ki dəli olmuşam. Amma...

Alp. Nə amma?

Behzad. O vaxtı müstəntiq sənə deyəndə ki, bu cüssəylə arvadını...

Alp. Necə doyuzdururam? Hə?

Behzad. Hə... Amma... bağışla, cavab verməyə də bilərsən...

Alp. Seksdə ayaq ən sonuncu bədən üzvüdü, biradər!

Behzad. Dostum, ayıb deyilsə əgər, bəs... bəs bu mövzuda arvadın nə

fikirdədi?

Alp. Biradər, mənim arvadım yoxdu. Bunu geci-tezi

bilməliydin. Görüşdüyüm qadın var. O da sənin xanımındı.

Bildiyim qədəriycə xeyli də məmnundu...

(Behzad hirslə Alpın üstünə cumur. Təxminən çaqqal kimi onu didişdirir.

Səs-küyə gözətçi gəlir. Behzadı kameradan çıxardırlar. Alp onun arxasıyca

bağırır)

Alp. Şərəfsiz! Cındır! Sən burda iki ayaqla güclüsən. Ancaq, arvadının

yanında maymaqsan, oğraşsan. Eşidirsən? Oğraş! Sənin yerinə olsaydım o

məzmunsuz ayaqlarımı dalıma soxardım! Çünki onlar heç nəyə yaramırlar!

Sən bizim şüar deyənimizsən. Başa düşürsən? Şüar deyənimiz! Burda kişi

kimi yatmağa sənin şərəfin çatmaz! Çünki sən ancaq bağırmağı bacarırsan,

bağırmağı..ı..ı...

6.

(Mahur hələ də təkadamlıq kameradadı. Qapını döyür. Gözətçi gəlir)

- nə lazımdı?!

Mahur. Su...

Gözətçi. Su? Bu hansı dildədi? Başa düşmürəm? Məni söyürsənmi axmaq?!

Mahur. Yalvarıram, su ver, su...

Gözətçi. Nə dediyini qana bilmirəm, farsca danış!

Mahur. Su ver, and olsun İmam Hüseynin qurumuş dodaqlarına,

susuzlamışam...

(Gözətçi gülərək onu ələ salır)

- farsca deməsən vermərəm. Bax elə indi əlimdə bir şüşə meyvə şirəsi var...

(Bunları deyə-deyə qapının aşağısından içəri su tökür)

- ya bunu yalayacaqsan, ya da adam kimi farsca su istəyəcəksən!

Mahur. Ab bede man, biradər, ab bede...

Gözətçi. Xoob, it kimi əhilləşirsən yavaş-yavaş. Amma it səndən

mərifətlidi. Yarım ilə qavrayır. Sən 4 ildi hələ indi-indi

qırıldadırsan!

(Mahur başını dizlərinin arasına alıb ağlayır. Fonda Şəcəryan,

“Havaye geryeh”. Mahurun divarla söhbəti)

“Deyim biləsən. Ki, sən heç də yaxşı divar deyilsən. Dünyada o qədər yaxşı

divarlar var ki... Məsələn, mənim evimdə. Foye ilə Pinarın otağını ayıran

divar səndən min yol yaxşı divardı. Mən bilirdim ki, o divarın o üzündə

mənim sevgili arvadım var. Ya ayaqlarını yatağın baş ucuna söykəyib uzanıb,

ya saçlarıyla oynayır, ya da kitab oxuyur. Amma, mən bilmirəm sənin o

üzündə kim var! Amma, mən bilmirəm mənim dostlarımla aramda sənin

kimi neçə dənə əclaf divar var! Mən sənə gəlməzdim, qəti gəlməzdim. Ona

görə gəldim. Ayişəyə görə. Ayişənin gülüşünə görə düşdüm bura! Haçansa

səni hördürən alçaq, çürük beyinlər çökəcək. Və mən azadlığıma qovuşacam.

İcazəsiz su içəcək, tualetə gedəcək, saçlarını darayacaq azadlığıma. Və o

zaman Ayişə bütün məsumiyyətilə güləcək”...

7.

(Səhnə işıqlanır. Məhkəmə binası. Hakimin otağı. Mahur çiyinləri bükülmüş

halda stola çöküb)

Hakim. Özünüzü necə hiss edirsiz?

Mahur. Ö-ö-ö-z-z-ümüzü? M-mən y-y-ya-alnız öz adıma d-danışa bbi-ilərəm.

3 ildən artıqdı d-d-ostlarımı g-göörmürəm...

Hakim. Bilirəm, xəbərim var. Mən təkcə sizin əhvalınızı soruşdum.

Mahur. Hmm, d-d-e-eməli b-bubuu “siz” m-ənə m-m-üraciət imiş. İllərdir

b-b-elə ç-ç-ç-ça-ça-ça-ağırılm-m-m-m-ıram, lap unutmuşdum.

Hakim. Mən çalışacam yaxın günlərdə siz dostlarınızla eyni kameraya

köçürüləsiniz. Amma, indi özünüzü toparlayıb alilənizlə danışmalısız.

Xanımınız mənə məktub ünvanlamış.

Mahur. Ç-ç-çox g-g-g-g-gə-gə-ərəksiz y-yerə!

Hakim. Əsla, qadınlar kişiləri belə də sevə bilir, gözləyə bilir. Qadın kişinin

səsiylə də ailə qura bilər. İndi sizin xanımınız üçün ərinin səsini

eşitmək kar birinin qəfildən Azan səsi eşitməsi kimi bir şeydi...

Mahur. M-m-məgər siz bu q-q-qə-ədər y-y-y-yaxşı adamsız?

M-m-əgər bu q-qə-ədər dü-dü-düüşünə bilən b-b-b-b-irisi b-bu

axmaq r-r-r-reejimin qulluqçusu ola bilər?

Hakim. Ssss... Sizin bu mənasız danışıqlar çox əbəs. (telefonu ona uzadır)

Buyurun zəng edin. Xanımınız sizin zənginizi gözləyir...

(Mahur tərəddüdlə hakimə baxır. Mahnı səsi. Mohsen Namju “ey Sareban”.

Mahurun Pianarla telefonda danışığı. Hakim bir neçə addım kənara çəkilib

jurnal vərəqləyir)

Pinar. bəli

Mahur. Pinar. (i-ni uzadaraq - Piinar – deyir)

- bəli Mahur... sən... Mahur (ağlayır) Bunu mənə necə eləyə bildin, bu qədər

alçaq ola bilməzdin!

- Ayişə h-h-h-anı? (kəkələyir)

- sən axmaqsan, rəzilsən, qatilsən!

- s-s-sa-kitləş, h-h-ardadı q-qızım?

- sən hələ də yaşayırsan, sağsan, mən isə...

- D-danışa bi-bibi-lmirəm. M-m-mən d-danışmağı u-unutmuşam. Ne-ne-neçə a-aydı bi-bi-bir k-k-kəlimə də olsun d-da-danışmıram.

- bax, bax, dilin də tutulub, bax, hələ nələr olacaq bir Allah bilir, sən bizi,

məni, Ayişəni başsız qoyub getdin. Bax, görsən tanımazsan məni! Lənətə

gələsən!

- M-m-ənə q-q-qı-qızımın ş-ş-şəklini g-g-gö-öndər, Allaha x-xatir, gü-gü-lən

yerdə ç-çək şəklini, gü-gülən... Ha-hakimdən xahiş edəcəm, ona g-g-g-öndər,

m-m-mənə ve-ve-verəcək. Arxayın ol...

- Qurban olum sənə Mahur, sevirəm səni, qurban olum, görüşəcəyik, mütləq

görüşəcik. Möhkəm ol. Səni gözl...

(Mahur telefonu qapadır, başını stola dayayıb yumrğunu dizlərinin üstə

düyünləyir)

Hakim. Mahur ustad, şahlar bilirsizmi nə zaman böyük görünür? Əlbəttə

bilirsiz. O zaman ki, kölələrin çiyinləri üstə qalxırlar. Və sizin kimi çiyinlərinə

qıymayan şəxslər, köləliyi qəbul etməyənlər isə bədənlərini dörd divar

arasında çürütməyi üstün tuturlar. Sadəcə möhkəm olmağı

bacaracaqsan. Daşlaşmaq! Xilasın yolu yalnız bundadı! Daş

olsan divarla dostlaşacaqsan. Daş olsan özünü divara hörməyi

bacaracaqsan...

Mahur. Xi-xilas! Axı o y-y-yoxdu, y-yox!

8.

(səhnə işıqlanır. Kamerada 3 nəfər görünür. Mahur qızının şəklinə baxıb

donuq baxışlarla nəsə düşünür. Ayişə şəkildə gülümsəyir. Behzad əlində

kağız parçasıyla oynayır. Nə isə düzəltdiyi görünür)

Alp. Mənim üçün ayaq düzəlt, ayaqqabısı olmasa da olar.

Behzad. Sənin ayağının sümükləri indi azad və məsud qarışqalar tərəfindən

yeyilməkdədir.

Alp. Azad qarışqalar? Güldürmə məni! İnsanı azad olmayan bir məmləkətin

qarışqası da kölədir!

Behzad. Bu qədər pafoslu olmağa məcbur deyilsən. Bir az da olsa həyata düş.

11 ilini divarlara yedirtmisən. İndi qarışqalardan qorxursan? Yoxsa

qarışqalardan azadlıq umursan? Azadlıqda qalan məşuqun da başqasına ərə

gedib. Azadlıq sadəcə xəyanətlərin ümumi adıdır dostum.

Alp. Hə, yəqin o ərə getdiyi kişinin 4 ayağı var. (gülümsəyir)

Mahur. M-m-ənim g-g-özlərim zəifləyir. K-k-or olacam deyəsən.

Behzad. Mənim fikrimi bilmək istəsən bu səadətdən savayı bir şey deyil

Mahur əfəndi. Yəni, nəticə olaraq heç nə dəyişmir. Ya baxdın heç nə

görmədin, ya da baxmadın və heç nə görmədin, tafotu yoxdu. Sənin yerinə

olsaydım bu dəqiqə kor olmağı seçərdim.

Mahur. B-b-bəs qı-qı-zım?

Behzad. Unut hamını. Biz burdan sağ çıxmayacağıq dostum. Qızın isə səni

çoxdan unudub. 11 il zarafat deyil. Qadınlar unutqan olur. Birini sevib ərə

gedəcək mütləq. Və beləcə hər şey unudulacaq. Dünya təkcə sənin dövrəndə

fırlanmır!

9.

(Mahurun evi. Pinar kitab oxuyur. Ayişə Universitetdən qayıdır)

Ayişə. Ana, necə görünürəm?

Pinar. Gözəl

Ayişə. Elə təkcə gözəl?

Pinar. Yox, çox gözəl!

Ayişə. Axı bu azdı! Bəs xoşbəxtliyim hiss olunmur?

Pinar. olunur qızım. Nə olmuş belə?

Ayişə. Heç nə, elə-belə soruşdum.

Pinar. Bax, sənin atan həbsdədi. Aşiq olmaq qadağandı, bilirsən!

Ayişə. ....

Pinar. başa düşürsən nə dediyimi?

Ayişə... (məyus halda otağına keçir)

10.

(Daha 2 il keçir. İllərin keçməsini saatın əqrəblərinin sürətli hərəkətləri

göstərir. Eyni zamanda manitorda Şaftalı ağacının ilin fəsillərinə uyğun

görüntüsü dəyişir. Bu cür vaxt keçiminin göstəricisi ta əvvəldən belə

simvolik verilir. Yaxud bir qızcığaz şəkillərdə böyüyür. İlk fotoda ağlayır.

Şəkillər dəyişdikcə üz cizgiləri gülümsəyən sifətə yaxın mimika alır...)

11.

(Gözətçilər gəlir. Kameradan dustaqları çıxarıb aparırlar. Səhnə işıqlanır.

Məhkəmə zalı. Hakim müttəhimlərə söz vermədən hökmü oxuyur. Uzun –

uzadı nitqin sonunda “azadlığa buraxılsınlar” – deyir. Və Mahura

yaxınlaşaraq əlini onun çiyninə qoyub

– xilas həmişə var, ustad, həmişə. Yetər ki... (susur. Heç nə əlavə etmədən

zalı tərk edir.)

Mahur onun iti addımlarla gedən ayaq səslərini duyub uca səslə addım

səslərinin azaldığı tərəfə:

- Əfəndim Məlikpur, m-mən onu g-g-örmürəm! Başa düşürsüz?

Görmürəm... (ağlayır)

(Səhnə işıqlanır. Təbriz. Mahurun evi. Mahur divanda uzanıqlı

vəziyyətdə. Pinar yanında oturub. Ayişə bir az aralıda. Əynində

təzə paltarı. Əlində hicabı yellədir.)

Mahur. D-d-e g-görüm onun b-bo-oyu nə q-q-qədərdi?

Pinar. Məni ötüb keçib (gülümsəyir)

Mahur. B-bə-bə-əs əynində nə var?

Pinar. Student geyimi, indi studentlərin uniforması var Mahur, açıq yaşıl

rəngdə.

Mahur. S-s-sa-açları necədi?

Pinar. Bahoo, saçlarını heç soruşma, belinə düşüb. Şabalıdı saçları var. Lap

həsəd aparıram (qadınlara xas işvəylə dodaqlarını büzür. Ayişə anasının bu

mimikasına özünü saxlaya bilmir, gülür. Cingiltili gənc qız gülüşləri otağı

bürüyür. İstənilən quş utanardı bu gülüşün səsindən.

(Bunu tam olaraq pafossuz anlamalı və oynamalı)

Mahur. O, g-g-ülür?

Pinar. Aha, gülür, özü də necə... Eşidirsənmi?

Mahur. Eşidirəm, g-gülür, o gülür. P-pi-inar...

Pinar. (onun nə dediyini başa düşmür) Canım ustadım, nə dedin?

Mahur. (təkrar sual edir) S-so-soruşuram ki, o, necə gülür?

Pinar. (qəfil gözləri dolur. Məyus görünür)

Mahur. Məni eşidirsənmi?

Pinar. Aha, eşidirəm...

Mahur. O, n-n-ne-ecə g-g-ülür?

Pinar. ...

(Pinar əlini ağzına tutub ağlayaraq otaqdan çıxır. Ayişə aynanın qarşısına

keçir. Dodaq boyasıyla “qızın gülür” yazır. Pinar otağa daxil olur. Ayişənin

əlindən hicabı alıb yazını güzgüdən silir. Sonra hər ikisi dodaq boyasına

bulaşmış hicaba baxıb uca səslə gülüşürlər...)

(fonda Firedun Düzağaç – “Düşlər sokağı”...)

Pərdə qapanır...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG