Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:06

-

“Baxın... Bura əkin sahəsi olub. Torpaqları tamamilə daşınıb. Gecəylə torpağı maşınlara yükləyib aparırlar. Səhər oyanıb görürsən ki, sahədə torpaq qalmayıb”.

Azərbaycanın şimal bölgəsindəki torpaqlar paytaxta daşınır. Bu iddiada bulunan, Şimal Bölgəsi Üzrə Təbiəti Mühafizə Cəmiyyətinin sədri Nizami Şəfiyevdir. Onunla Xaçmazın Çılğır kəndindəyik. Torpağı daşınmış əraziləri göstərir. Deyir, bu ərazilərdəki kənd təsərrüfatına yararlı torpaqlar paytaxta daşınanaq iri bağ sahələri olanlara satılır:

"50-100 MAŞIN GİRİR SAHƏYƏ, TORPAQLAR YÜKLƏNİR, APARILIR BAKIYA"

“Görürsünüz?... Tək buralar deyil. Belə bir yer Şabranın Ağalıq kəndində də var - keçmiş “Konstitusiya sovxozu”nun ərazisində... Kənddən Quba istiqamətinə gedəndə yolun şimal hissəsində 4 hektar sahənin əkin üçün yararlı bir metr qalınlığında torpağı Bakıya daşıyıblar”.

Ekoloq iddia edir ki, bütün bunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbələrinin gözü qarşısında baş verir. O, belə hallardan şikayət edir, Nazirlik isə “fakt təsdiqini tapmadı” deyib işi bağlayır:

“Bir də görürsən, bir gecədə 50-100 maşın girir sahəyə, 3 eskalator da gəlir, qazırlar yükləyirlər maşınlara, aparırlar. Elə vaxt olur ki, bir gecədə 2-3 saat ərzində 2-3 hetar ərazinin torpağını yükləyirlər. Bu işlə balaca adamlar məşğul olmur, əlbəttə ki, imkanlılar, əli hər yerə çatanlar edirlər bunu... Hər şey ekologiya şöbəsinin gözü qarşısında baş verir.

"BU TORPAQLAR BAKIDA YARARSIZ HALA DÜŞÜR"

- Bu torpaqları niyə daşıyırlar?

- Buradan ucuz alıb aparıb Bakıdakı iri bağların sahiblərinə satırlar. Ancaq bir şeyi anlamırlar ki, Xaçmazın, Dəvəçinin iqlimi ilə Bakının iqlimi uyğun gəlmir. Buradan aparılan torpaqlar getdikcə təsirini itirir, bir neçə ildən sonra istifadəyə yaramır”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyir, belə hallar şimal bölgəsində yox, daha çox cənib bölgəsində qeydə alınır:

“Onda da icra hakimiyyətinə xəbərdarlıq olunur. Bundan başqa, biz yoldakı yük daşınmalara nəzarət etmirik. Kiminsə maşınını saxlayıb apardığı yüklə maraqlanmaq kimi səlahiyyətimiz yoxdur”.

Nazirlik sözçüsü ekoloqla razılaşmır:

“Nizami müəllim deyir, belə işlər ekologiya şöbələrinin gözü qarşısında baş verir. Qətiyyən belə deyil. Rayonlardakı yerli ekologiya şöbələri belə hallara qarşı tədbirlər görür. Ancaq çox vaxt torpağı elə adamlar özləri satırlar. Əsasən də dağlıq ərazilərdə yaşayanlar... Kimsə öz torpağının üst qatını satırsa, Nazirliki ona nə deyə bilər axı?..”

Çılğır sakini Azad Hüseynov

Çılğır sakini Azad Hüseynov

TORPAQLARIN ÜST QATI İMKANSIZLIQDAN SATILIR

Elə Çılğır kənd sakini Azad Hüseynov özü bu yaxınlarda pay torpağının üst qatının daşındığını deyir. Ancaq öz razılığı ilə:

“İmkansızlqıdan satdıq. Pay torpaqlarıdır, verilib, onsuz da istifadə edə bilmirik, Bakıdan gəlirlər, istəyirlər, məcbur olub satırıq. Su yox, gübrə yox, texnika yox... O torpaqdan nə dolanışıq gəlir, nə ruzi...”

Həmkəndlisi Səttar Babayev isə ötən yay pay torpağının üst qatını satmaqla bütün qışı evinin istiliyini təmin edib:

“Puluna odun aldım, bütün qışı evimi isitdim. Başqa bir neçə problemim vardı, həll etdim”.

BİR GÜN TƏBİƏT CƏZALANDIRACAQ...

Ekoloq Nizami Şəfiyev torpaqların üst qatının daşınmasının zərərlərindən danışır:

“Bu torpaqlar kənd təsərrüfatı üçün olduqca yararlıdır. Daşınıb aparılır və şimal bölgəsində yararsız torpaqlar sürətlə azalır. Yaxın gələcəkdə bu bölgədə bir qarış da yararlı torpaq qalmayaq. Başqa tərəfdən, daşınan torpaqların yerində xəndəklər yaranır. Təsəvvür edin ki, hektarlarla ərazi xəndəklərə çevrilir. Bu xəndəklərə sular yığılır və bataqlıqlar əmələ gəlir. Bataqlıq artdıqca müxtəlib həşəratlar da artır. Bu hal hətta xəstəliklərin yaranmasına da səbəb ola bilər”.

Bax, bu xəndəklərin sayı artdıqca bir gün təbiət hamını cəzalandıracaq: torpağı satanı da, alanı da, buna göz yumanı da... Ekoloq belə düşünür...

Şərhləri göstər

XS
SM
MD
LG