Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:33

-

Tanınmış ispan yazıçısı Javier Marias “İndependent” qəzetində yazır...

Roman yazmamaq üçün 7 səbəb:

1. Bu gün dünyada həddən artıq roman yazılır və roman yazmaqla həddən artıq insan məşğuldur. Minlərlə roman çap edilir, minlərlə romanın çapındansa nəşriyyatlar imtina edir. Roman kütləvi məşğuliyyətə çevrilib, orta məktəb savadı olan hər kəs roman yaza bilər. Bundan ötrü ali savad, xüsusi treninq tələb edilmir.

2. Peşəsindən asılı olmayaraq hamı roman yaza bildiyi üçün bu janrda meyar itib. Hamı yazır: sosioloqlar, dilçilər, jurnalistlər, mühəndislər, müəllimlər, aktyorlar, keşişlər, evdar qadınlar, əsgərlər və keçiotaranlar. Görəsən, bu məşğuliyyət insanları qəribə şəkildə özünə çəkir, yoxsa bu, sadəcə, insanların, arzusunda olduqları əlavə bir bəzək əşyasıdır. Amma o da maraqlıdır ki, bütün peşə sahiblərinin əlinin yetdiyi bir şey necə arzuedilən bəzək əşyası ola bilər?

3. Roman yazmaqla varlanmaq çətindir. Çap edilən romanların yalnız 100-də 1-i – özü də bu optimist nisbətdir – müəllifinə yaxşı gəlir gətirir. Roman yazmaq elə bir məşğuliyyət deyil ki, müəllifin həyatını dəyişsin, ona o qədər pul qazandırsın ki, rahat təqaüdə çıxsın. Bir romanın yazılmasına aylarla, illərlə vaxt sərf olunur. Bu qədər vaxtı sərf edirsən və ortaya qoyduğun məhsulu da bilmirsən ki, oxuyan olacaq, ya yox. Üstəlik də indiki zəmanədə nə zadəganların, nə də evdar qadınların roman oxumağa vaxtı var.

4. Roman şöhrətə qovuşmağın asan yolu deyil. İndi insanlar televiziyaya çıxıb tanınırlar. Televiziyada isə yazıçılar getdikcə daha az görünür. Onları televiziyaya çıxaranda da əsərlərinə görə yox, ya təlxək, ya da axmaq “qismində” çıxarırlar. Televiziyanın məşhurlaşdırdığı belə yazıçıların yazdıqları da tez bir zamanda unudulacaq. Çünki onları məşhur edən əsərinin keyfiyyəti yox, geyim-keçimi, söhbətləri olacaq.

5. Roman yazmaq insanı əbədiyyətə qovuşdurmur. Çünki əbədiyyət deyilən şeyin özü artıq demək olar ki mövcud deyil. Əksər romanlar bir və ya bir neçə mövsüm oxunur, sonrasa kitab dükanlarının rəfindən də yox olur, tənqidçilərin də yadından çıxır. Yeni romanlar gəlir.

6. Roman yazmaqla eqo təmin edilməz. Auditoriyalarının reaksiyasını, hətta alqışlarını görmək imkanı olan rejissorlardan, rəssamlardan, musiqiçilərdən fərqli olaraq yazıçılar oxucularının sevincini, həzzini hiss etmir. Romanı çox satılanlar satış rəqəmləri ilə özlərini ovundura bilər, amma satış rəqəmlərinin özü də abstrakt bir anlayışdır. Axı televiziyada kulinariya verilişləri aparanların, gələcək barədə proqnoz verənlərin, meqastarların bioqrafiyasını yazan sarı mətbuat jurnalistlərinin də kitabları çox satılır. Təzə roman haqda hansısa tənqidçi rəy yaza, ya yazmaya. Yazanda da ona beş-üç nəfər əhəmiyyət verəcək.

7. Buraya romanın yazılması məşəqqəti, yazıçının həyatının mümkün çətinliyi də əlavə edilməlidir. Hamı kimi normal həyat yaşamamaq, özünü cəmiyyətdən təcrid etmək, reallıqla əlaqəni itirmək, içkiyə qurşanmaq, intihar…

Roman yazmaq üçün yeganə səbəb:

Roman yazmaq yazıçıya imkan verir ki, vaxtının çoxunu romanın xəyali dünyasında keçirsin. Bu həqiqətən də yaşamaq üçün ən yaxşı, ən azından ən dözüləsi yerdir.

Əsl romançı, əslində, romanında heç də hamının gördüyü gerçəkliyin şəklini çəkmir, qeyri-real olanı əks etdirir. Qeyri-real deyəndə fantastik, yaxud qeyri-mümkün olan nəzərdə tutulmur. O reallıq nəzərdə tutulur ki, baş verməli idi, amma verməyib. Baş vermə ehtimalı hələ də qalır. Baş verməsi daim mümkündür, məkanından, zamanından asılı olmayaraq. Buna görə də biz “Don Kixot”, yaxud “Madam Bovari”ni oxuyuruq, o dünyada yaşayırıq, ona inanırıq.

Roman ona görə ən dözüləsi dünyadır ki, öz sakinlərinə rahatlıq gətirir, onları ovundurur. Bizi mümkün gələcək reallığa qovuşdurur. Romançıya bir ümid verir ki, ola bilər, o yazdıqlarıyla, heç zaman görməyəcəyi gələcəyi yaradır.

Independent

Hazırladı Rövşən

Günün bütün mövzuları

XS
SM
MD
LG