Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:40

Attraksionlar təhlükəsizdirmi?


Arxiv foto
Arxiv foto

-

İyulun 17-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

ALTI AYDA 6 MİN NEFTÇİ İŞDƏN ÇIXARILIB

«Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı» İctimai Birliyi ölkənin neft sektorunda əmək qanunvericiliyinin icra vəziyyəti haqqında hesabatını açıqlayıb. Hesabat 2014-cü ilin ilk altı ayını əhatə edir. Bu barədə «Yeni Müsavat»a təşkilatın rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib. O bildirib ki, bu dövrdə ARDNŞ-də struktur dəyişikliyi ilə əlaqədar işçilərin qanunsuz olaraq işdən azad olunması və əmək müqavilələrinin ləğv edilməsi halları daha çox müşahidə olunub. ARDNŞ tərəfindən bu əsasla işdən azad olunan işçilərin sayı 6000 nəfərə yaxın olub. İxtisarlardan isə daha çox təqaüd yaşına çatmış, uzun illər təcrübəsi olan, lakin arxasız və qohumsuz insanlar əziyyət çəkib.

YEDİYİMİZ ÇÖRƏK HAQQINDA NƏ BİLİRİK?

«Bizim Yol»: Bu ilin aprelində Nazirlər Kabineti «Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları»nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Qərara əsasən, çörək-bulka məmulatlarının satışının xüsusiyyətləri müəyyən olunub. Lakin qərar çıxdıqdan sonra bir müddət ona riayət edilsə də, sonradan qayda-qanunlara məhəl qoyan olmadı. Belə ki, artıq hər birimiz çörəyin yenidən paketsiz satıldığını, çörəyi mağazaya daşıyanların, satıcıların əlcəkdən istifadə etmədiklərini və bu kimi digər halların şahidi oluruq.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov çörək istehsalı sektorunda ümumi durumun heç də ürək açan olmadığını deyib: «Çörəkbişirmə ölkədə bəlkə də yeganə sektordur ki, burada monopoliya yoxdur. Lakin bazarın belə azad sektorunda istehlakçı haqlarının çoxsaylı pozulması halları olur. Antisanitar şəkildə, misal üçün «Nənəmin təndiri» şəbəkəsində işçilərin təri tökülə-tökülə çörək bişirirlər və yaxud yol qırağında bişirilən çörəklər... Ölkədə istehsal edilən çörəklərin təxminən 60%-i heç də standartlara uyğun deyil. Onların nə texnologiyası, nə çəkisi, heç bir parametrləri standartlara uyğun gəlmir».

«AVROPAYA SARI BİZƏ NƏ QƏDƏR LAZIMDIRSA O QƏDƏR YOL GEDİRİK»

Milli Məclis sədrinin müavini, hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradovanın «Media forum» saytına müsahibəsində Azərbaycanın Avropa Birliyi ilə münasibətlərindən danışıb.

- Avropa İttifaqı ilə assosiasiya sazişi, azad ticarət müqaviləsi imzalamaq Azərbaycanın maraqlarına cavab vermir?

- Bu hələ prosesdir, biz bu prosesin ilk mərhələsindəyik. İkitərəfli danışıqlarda hər iki tərəf razılaşıb ki, Azərbaycan bu gün bu mərhələdədir. Sabah da hansı mərhələdə olacağı barədə danışıqlar gedir. Hadisələri qabaqlayıb bu nə verə bilərdi, niyə vermədi deyə proqnozlar səsləndirmək düzgün deyil. Avropaya sarı bizə nə qədər lazımdırsa o qədər yol gedirik. Avropa da bizə doğru nə qədər lazımdırsa o qədər gəlib. Bu, ikitərəfli yoldur. Biz yolun birini qaça-qaça gedib özümüzü onlara çatdırmaqla deyil ki... Proses nəyi tələb edirsə, o addımı da atmalıyıq. Ona görə də biz məsələni hansı ittifaq bizə nə verər formasında qoymuruq. Bizə nə və nə qədər lazımdırsa, o qədər də alacağıq. Hesab edirəm ki, bu, daha doğru yanaşmadır.

TƏHSİLİN KEYFİYYƏTİ İLDƏN-İLƏ PİSLƏŞİR

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 12-də I və IV ixtisas qruplarının abituriyentləri (bu ilin məzunları) üçün keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən, hər iki qrup üzrə müsabiqə şərtlərini dəyişərək keçid ballarını aşağı salıb. Təhsil eksperti Etibar Əliyev «Azadlıq» qəzetinə müsahibəsində deyir ki, səbəb abituriyentlərin aşağı nəticə göstərməsidir.

«I və IV qruplarda keçirilən qəbul imtahanlarından öncə keçirilən buraxılış imtahanlarının nəticələri burada özünü göstərməyə bilməzdi. Məzunların böyük əksəriyyəti ən sadə variantda keçirilən imtahanlarda «2» və «3» qiymətləndirilmişdilər. Bu amil sualların bilərəkdən çətinləşdirilməsi haqqında söz-söhbətlərə son qoyur. Yəni 8 suala cavab verib 3 qiymətini ala bilməyənlər, şübhəsiz ki, 25 suala, özü də bir qədər çətin suallara cavab verib yaxşı nəticələr qazana bilməzlər».

QANADLI YELLƏNCƏKLƏR

«Эхо» qəzeti ölkədəki attraksion-yelləncəklərin nə dərəcədə təhlükəsiz olmasını araşdırıb. Belə ki, əksər hallarda bu yelləncəklər sovet dövrünün mirasıdır. Bu səbəbdən attraksionlarda vaxtaşırı qəzalar da olur. Elə ötən həftə Zaqatalada attraksion sıradan çıxıb, bir neçə nəfər xəsarət alıb.

Dənizkənarı parkın direktoru müavini Nazim Məcidov echo.az-a deyib ki, Milli Parkda hər bir attraksiona məsuliyyət daşıyan işçi var. Bundan savayı, parkdakı attraksionların texniki durumuna mühəndis nəzarət edir. Onun sözlərinə görə, hər həftə attraksionların vacib detalları texniki işçilər tərəfindən yoxlanır, məlumatlar xüsusi jurnala qeyd olunur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG