Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:10

Dostoyevsky Tolstoyun “yalan”ı və “saxta qəhrəmanları” haqda


Tolstoy və Dostoyevsky
Tolstoy və Dostoyevsky

-

“Mən bu kitabı çox da məsum əsər hesab eləmirəm. İndi bu kitab ortalıqda olan, çeynənmiş bir çevrədən başqa heç kimə təsir etmir və edə də bilməz”.

Rus yazıçısı Fyodor Dostoyevsky publisistik yazılarını "Yazıçının gündəliyi" adıyla hissə-hissə ayrıca buraxılış şəklində çap etdirirdi. O öz müasiri olan Lev Tolstoyun "Anna Karenina" romanının qəhrəmanlarını - Levini və başqa liberalları tənqid edir. Türkiyə ilə savaşa qarşı çıxdıqları, Balkanlardakı slavyanların müdafiəsinə qoşulmadıqları üçün.

Fyodor Dostoyevsky

YAZIÇININ GÜNDƏLİYİ

əvvəli burda

IV. İmanı mujikdən öyrənən mülkədar

İndi, hisslərimi ifadə edəndən sonra, bəlkə də belə böyük bir müəllifin böyük ümumrus əqidəsindən ayrılmağı və onun əsərin başıbəlalı səkkizincə fəslində xalqa çatdırdığı paradoksal yalanın mənə necə pis təsir elədiyini anlamış olarsınız.

O, sadəcə, xalqın dəyərlərini əlindən alır, onu həyatının ən vacib mənasından məhrum edir. Əgər xalqımız inanclarına görə əzab çəkmiş qardaşları uğrunda ayağa qalxmasaydı, o sözsüz ki, çox məmnun qalardı.

Bu mənada o, gün kimi aydın olanın mövcudluğunu inkar edir. Əlbəttə, bunlar sadəcə onun saxta qəhrəmanlarının dilində ifadə olunur, amma təkrar edirəm, onların dilindən müəllifin sözlərini asanlıqla eşitmək olur.

Düzdü, bu, səmimi kitabdı, müəllif ürəkdən danışır. Hətta ən qıcıqlandırıcı şeylər (əsərdə isə qıcıqlandırıcı şeylər çoxdur) elə təsadüfi imiş kimi ifadə olunub ki, siz bunları düz söz kimi qəbul edir və ağlınıza zərrə qədər də pis şey gətirmirsiniz.

Bununla belə, mən bu kitabı çox da məsum əsər hesab eləmirəm. İndi bu kitab ortalıqda olan, çeynənmiş bir çevrədən başqa heç kimə təsir etmir və edə də bilməz. Amma müəllifin belə yazmağı faktının özü çox kədərlidir. Gələcəyimizə görə kədərlidir.

Bu arada, yaxışısı budur, sözə başlayım: mən etiraz eləmək istəyirəm və xüsusilə təsirləndiyim yerləri qeyd eləmək fikrindəyəm. Əvvəlcə Levindən, gördüyüm qədərilə romanın əsas qəhrəmanından danışım.

Demək olar ki, bütün yaxşı keyfiyyətlər bu adamda birləşib, o sanki romanın digər qəhrəmanlarını məhv edən ya da zədələyən bütün anormallıqlara qarşı qoyulub. Bu qəhrəman, görünür, müəllifə ona görə lazımmış ki, onun dili ilə öz sözlərini desin.

Bununla belə, Levin hələ mükəmməl deyil, onda hələ nəsə çatmır, bununla məşğul olmaq və bunu həll etmək lazım idi ki, Levin daha heç bir sual və şübhə doğurmasın.

Sonda oxucu mənim niyə əsas mövzuya keçməzdən əvvəl məhz onun üzərində dayanmağımın səbəbini başa düşəcək.

"Anna Karenina"
"Anna Karenina"

Levin xoşbəxtdir, romanın sonu onun şöhrətinə səbəb oldu, amma onun mənəvi dünyası kasad qaldı. O, bəşəriyyəti əbədi narahat edən suallarla – tanrı, əbədi həyat, xeyir və şərlə bağlı suallar içində qıvrıla-qıvrıla qaldı.

O, inanclı olmadığına görə, hamının könül rahatlığı tapdığı şeydə öz sakitliyini tapa bilmədiyinə, yəni öz şəxsiyyətinə pərəstişdən, öz idollarından heyranlıq duymaqla, özünü sevməklə rahat ola bilmədiyinə görə əzab çəkir. Bu, ürəyin böyüklüyünün göstəricisidir, elə deyilmi? Amma Levindən bundan azını gözləmək də olmazdı.

Bu arada məlum olur ki, Levin xeyli kitab oxuyub, o, yazıçıları, filosofları, pozitivistləri tanıyır. Amma onu heç nə qane etmir, əksinə hər şey daha çox dolaşdırır, odur ki, o, təsərrüfatdan başı açılanda meşələrə, pöhrəliklərə gedir, əsəbiləşir, öz Kitisini layiq olduğu qədər qiymətləndirmir. Budur, qəfildən o, bir mujiklə rastlaşır və o, əxlaqi tərəfləri fərqlənər iki mujik – Mityuxa və Fokanıç barədə danışanda bunları deyir:

- ... Mityuxaya necə güzəştə getməyəsən! O, adamın gözün çıxarıb, lazım olanı alar. Onun xristianlara rəhmi yoxdu, amma Fokanıç əmi insanın dərisini soymağa razı olmaz. Ya borc verər, ya tamam bağışlayar.

- Niyə bağışlayır ki?

- Ona görə ki insanlar fərqlidilər. Biri ancaq özü üçün yaşayır, məsələn, Mityuxa, o ancaq öz qarnını güdür. Fokanıç isə ədalətli qocadır. O, o biri dünyasını fikirləşir, allahı yaddan çıxartmır.

- Necə yəni allahı yadından çıxartmır? Necə yəni o dünyasını düşünür? – Levin az qala qışqırdı.

- Lap elə. Ədalətlə yaşayır, allahın əmr elədiyi kimi. Axı insanlar fərqlidilər. Məsələn, elə sizi götürək, axı siz də heç kimin xətrinə dəymirsiniz.

- Hə, hə, yaxşı, hələlik! – həyəcandan dili tutulan Levin, çevrilib, ağacını əlinə alaraq, tez evə sarı yollandı.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

O, yenə də meşəyə qaçdı, ağacların altında uzanıb, həyəcanla düşünməyə başladı. O lazım olanı tapmışdı, əbədi məsələlər həll olunmuşdu, özü də buna səbəb sadə bir mujikin işlətdiyi sözlər idi: "Adam o dünyasını fikirləşməlidir, allahı yaddan çıxartmamalıdı ".

Düzdü, mujik ona təzə heç nə deməmişdi, bunların hamısını o əvvəl də bilirdi. Amma mujik onun fikrini istiqamətləndirmiş və ən qıcıqlandırıcı anda ona çıxış yolunu göstərmişdi.

Lev Tolstoy
Lev Tolstoy

Bunun ardınca Levinin uzun-uzadı, amma olduqca inamlı və dəqiq ifadə olunmuş mülahizələri gəlir. Levinin fikri budur: həyatın verdiyi şeyi, hər bir insanın yanında doğulan və hər bir insanın əməl eləməli olduğu, əməl elədiyi şeyi ağılla axtarmağın nə mənası var? İnsan doğulanda vicdanla, xeyir-şər anlayışı ilə doğulur, bəlkə də həyatının məqsədi – xeyir üçün yaşamaq və şərə nifrət etmək - ilə birlikdə doğulur. Mujik də, zadəgan da, fransız da, rus da, türk də bununla birlikdə doğulur – hamı xeyrə ehtiram göstərir (N.B. Hərçənd, çoxları bunu dəhşətli özünəməxsusluqla edir).

Levin deyir ki, axı mən hər şeyi riyaziyyatla, elmlə, ağılla dərk etmək istəyir, möcüzə gözləyirdim, amma sən demə, möcüzə elə mənimlə bir yerdə doğulub. Onun mənə havayı verildiyini təsdiq edən birbaşa sübutlar var: dünyada hamı başa düşür və ya başa düşməlidi ki, insan öz doğmasını ən azı özü qədər sevməlidir. İsanın bəyan elədiyi bütün insanlıq qanunu da elə bu bilgidədir. Bununla belə, bu bilgi anadangəlmədi, yəni insana havayı verilib, çünki heç bir halda ağıl belə bir bilgini verə bilməzdi. Niyə? Ona görə ki, ağılla düşünəndə, «doğma adamını sevmək» adama o qədər də ağıllı iş kimi görünmür.

- Bunu mən hardan çıxardım? (Levin soruşur). Mən doğmamı sevmək gərəkdiyi, onu əzməyin lazım olmadığı fikrinə ağıllamı gəlib çıxdım? Bunu mənə uşaqlıqda deyiblər, mən də sevinclə inanmışdım, çünki mənə qəlbimdə gəzdirdiyim şeyi demişdilər? Ağlımda yox, qəlbimdə. Ağıl mövcudluq və mənim arzularımı həyata keçirməyimə mane olanların hamısını boğmağı tələb edən qanun uğrunda mübarizəni kəşf edib. Ağlın gəldiyi qənaət budur. Başqasını sevməyi isə ağıl kəşf edə bilməzdi, çünki başqasını sevmək ağlabatan deyil.

Sonra Levin uşaqlarla bağlı səhnənin şahidi oldu. Uşaqlar moruq dolu kasanı şamın üstündə qızdırır, südü vəhşi kimi içirlər. Onları bu iş üstündə yaxalayan anaları onlara deyir ki, əgər uşaqlar qabı sındırıb, südü dağıtsalar, onların nə qabları, nə də südləri olacaq. Amma uşaqlar görünür, ona inanmadılar, çünki sahib olduqlarının qədərini, dəyərini bilmirdilər. Bunu da bilmirdilər ki, əslində var olmalarına kömək edən şeyləri dağıdırlar.

Onlar düşünürdülər ki, "Bütün bunlarda maraqlı və vacib heç nə yoxdur, bunlar həmişə olub və olacaq. Özü də həmişə, özü də həmişə məhz bunlar. Bu barədə düşünmək də lazım deyil, bu onsuz da hazır var; bizsə nəsə özümüz, özü də təzə bir şey fikirləşmək istəyirik. Budur, biz təzə üsul tapmışıq – moruğu kasaya yığıb, şamların üstündə qızardacağıq, südü də birbaşa bir-birimizin ağzına tökəcəyik. Həm təzə bir şeydi, həm şənlənə bilirik, həm də fincandan içməkdən daha əyləncəlidi ".

"Məgər ağıl gücü ilə insan həyatının mənasını və təbiətin gücünü axtaranda, biz də eyni şeyi etmirikmi?" – Levin düşünür.

"Bəyəm bütün fəlsəfi nəzəriyyələr insana xas olmayan, qəribə fikirlər yolu ilə onu çoxdan bildiyi, özü də bunsuz yaşaya bilməyəcəyini düşünmək dərəcəsində dəqiq bildiyi şeylərə istiqamətləndirəndə eyni şeyi eləmirmi? Məgər bütün filosofların nəzəriyyələrinin inkişafından bəlli deyilmi ki, o, mujik Fyodorun gəldiyi qənaəti bəri başdan bilir, ondan daha yaxşı bilir ki, həyatın əsas qayəsi nədir. Sadəcə, bu filosoflar hamının bəri başdan bildiyi şeyə dumanlı ağıl yolu ilə gəlməyə çalışırlar.

Yaıçının gündəliyi
Yaıçının gündəliyi

Bax, bu uşaqları məcbur eləsən ki, sındırmaq istədikləri qabı özləri düzəltsinlər, inəyi özləri sağsınlar, nə olacaqdı? Onlar yenə belə dəcəllik eləyərdilərmi? Onlar acından ölərdilər. Hə, siz də bizi öz ehtiraslarımızla, fikirlərimizlə, içimizdə tanrı inancı olmadan, təkbaşına buraxın! Ya da xeyrin olmadığı, insan əxlaqında şərin nə olduğunu izah etmədən, təkbaşına buraxın bizi!

Hə, biz də bu anlayışlar olmadan nəsə qurmağa çalışaq!

Biz ancaq dağıtmağı bacarırıq, çünki ruhən doymuşuq. Biz uşağıq!"

Bir sözlə, şübhələr bitir və Levin inanır. Nəyə? O bunu hələ müəyyən etməyib, amma artıq inanır. Bu – inanc deyilmi? O sevinə-sevinə özündən soruşur: "Bu, inanc deyilmi?" Düşünmək olar ki, bu hələ inanc deyil. Hələ bu da var ki, Levin kimi adamlar bir şeyə qəti şəkildə inana bilməzlər. Levin özünü xalq adlandırmağı sevir, amma o, orta-ali zümrəyə xas, qraf L. N. Tolstoyun salnaməçisi olduğu Moskva zadəganlarındandı.

Mujik Levinə yeni heç nə deməsə də, ona ideya verir və bu ideya ilə onu iman yoluna yönəldir. Levin elə təkcə buna görə başa düşməli idi ki, o heç də xalq deyil və öz-özünə «xalq - mənəm» deməməlidir. Amma bu barədə sonra. Demək istəyirəm ki, Levin kimiləri xalqın yanında, xalqın içində nə qədər yaşasalar da, nəinki heç vaxt xalqın özü ola bilmirlər, hətta bəzi məsələlərdə xalqı heç vaxt başa düşə bilməzlər.

Xalq olmaq üçün bir şübhə, ya da bir iradə, özü də belə hoqqabazcasına iradə nümayişi azdır. O, lap mülkədar, özü də zəhmətkeş, mujik əməyinin nə olduğunu bilən, ot biçən, araba qoşmağı bacaran mülkədar olsa da. İstənilən halda, içində o qanla ötürülən, fiziki və mənəvi yaddaşında var olan əhli-kef çalar həmişə qalacaq, o həmişə hər zadəganı xalqın özü kimi görəcək. Amma elə bu barədə də sonra danışarıq.

İnancına gəldikdə isə, bu inancı o özü darmadağın edəcək, bu inanc onun içində çox qalmayacaq: içində təzə nəsə cücərəcək və hər şey məhv olacaq. Kiti getdi və büdrədi, amma niyə büdrədi axı? Əgər büdrədisə, deməli, büdrəməyə bilməzdi; onun niyə büdrədiyi isə aydındı. Aydındı ki, bu məsələdə hər şey qəti müəyyən olunmuş qanunlardan asılı idi. Əgər belədisə, deməli, elm hər yerdədi. Bəs məna hanı? Onun rolu nədədir? İnsanın məsuliyyəti hardadır? Əgər məna yoxdusa, mən necə allaha və başqa şeylərə inana bilərəm? Bir düz xətti götürüb, sonsuzluğa buraxın. Bir sözlə bu vicdanlı adam əhlikef və xaotik mənəviyata malikdir, yoxsa o, müasir rus intelegensiyası, müasir rus zadəganı, özü də orta-ali zadəgan zümrəsinə mənsub ola bilməzdi.

O bunu imana gələndən bir saat sonra parlaq şəkildə sübut eləyir. Sübut eləyir ki, rus xalqı ümumiyyətlə insanların hiss elədiyini hiss edə bilməz, o, xalqın ruhunu ən hökmran şəkildə darmadağın edir, bu da azmış kimi, elan edir ki, özü insan əzabına qarşı heç bir rəhm hiss eləmir. O bəyan edir ki, "slavyanların əzilməyinə qarşı heç nə hiss eləmir və eləyə də bilməz" – özü də bu nəinki onda, heç bir rusda ola bilməz, axı xalq da elə o özüdür. Onlar rus xalqına həddən artıq ucuz qiymətləndirilər. Qiymət qoymaq işində geridə qalıblar.

İmana gəlməyindən bir saat keçmədi ki, adam şam alovunda moruq qızartmağa başladı.

Tərcümə: Günel Mövlud

XS
SM
MD
LG