Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:16

Nazir: AB Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır


Şahin Mustafayev
Şahin Mustafayev

-

«Azərbaycan» qəzeti iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin məqaləsini dərc edib. «Azərbaycanın xarici iqtisadi əlaqələri yeni mərhələdə» başlıqlı məqalədə deyilir ki, son 10 il ərzində ÜDM 3,2 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, dövlət büdcəsinin gəlirləri 16 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə artıb. Bu dövr ərzində əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb, yoxsulluq səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faiz təşkil edib, 1,2 milyondan çox iş yeri açılıb, işsizlik səviyyəsi 5 faiz təşkil edib.

CƏNUBİ QAFQAZDA İQTİSADİYYATIN 75 FAİZİ

Yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində indiyədək ölkə iqtisadiyyatına 180 milyard dollara yaxın investisiya qoyulub ki, bunun da yarısı xarici investisiyalardır. Adambaşına düşən xarici investisiyaların göstəricilərinə görə Azərbaycan MDB ölkələri arasında qabaqcıl yerlərdən birini tutur.

Bu gün Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. Dünyada etibarlı tərəfdaş kimi tanınan və beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirən Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

ÜDM 2 DƏFƏ ARTACAQ

Ölkəmizin gələcək inkişafının davamlılığının təmin edilməsi üçün təsdiq olunmuş «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında çox iddialı, eyni zamanda, real hədəflər müəyyənləşdirilib. Belə ki, 2020-ci il üçün neft amilindən asılılıq minimuma endiriləcək, qeyri-neft sektorunun inkişafı hesabına ÜDM 2 dəfə artacaq.

83 MİLYARD DOLLAR XARİCİ İNVESTİSİYA

1995-ci ildən etibarən 2013-cü ilin sonunadək Azərbaycan iqtisadiyyatına 83,8 milyard dollar xarici investisiya qoyulub və bu vəsaitdən 35 milyard dollar qeyri-neft sektorunun payına düşüb.

Qeyri-neft sektoruna birbaşa xarici sərmayələr üzrə ən böyük investorlar 26 faizlik payla Türkiyə, 16 faizlik payla Böyük Britaniya və 12 faizlik payla ABŞ olub. Azərbaycanda əsas kapitala xarici investisiya qismində isə Böyük Britaniyadan 18 milyard, ABŞ-dan 7 milyard, Yaponiyadan 4 milyard dollar vəsait yatırılıb.

AB ƏSAS XARİCİ TƏRƏFDAŞDIR

Xarici şirkətlər eyni zamanda, Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə podratçı və subpodratçı qismində fəal iştirak edirlər. Məsələn, Türkiyənin şirkətləri müqavilə dəyəri 10,4 mlrd ABŞ dolları təşkil edən 153 layihəyə, Çexiyanın şirkətləri müqavilə dəyəri 2 milyard dollar olan 6 layihəyə, Fransa şirkətləri müqavilə dəyəri 1,8 milyard dollar olan 22 layihəyə cəlb olunub.

Avropa Birliyi ölkələri Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Ötən il ticarət dövriyyəmizin 44 faizi, yəni, 15,3 milyard dolları bu ölkələrin payına düşüb. Son 10 ildə Azərbaycanda əsas kapitala yönəlmiş xarici investisiyaların yarıdan çoxu, qeyri-neft sektoruna birbaşa xarici investisiyaların isə 35,3 faizi bu təşkilatın üzv dövlətlərinin payına düşüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG