Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:24

«Dedi, cərrah bilərəkdən xəstənin damarını kəsib»


Arxiv fotosu
Arxiv fotosu

-

“Dedi ki, cərrahın mənimlə qərəzçiliyi var. Cərrahiyyə vaxtı xəstənin damarlarından birini bilə-bilə kəsib ki, məni tutdursun”.

Söhbət 3 azyaşlı övlad anası olmuş 24 yaşlı Əsmər Əzizovanın iyulun 14-də Hacıqabuldakı doğum evində baş vermiş ölümündən gedir. Azadlıqradiosunun “Qaynar xətt”inə danışansa qardaşı, Atbulaq sakini İsmayıl Muradovdur.

17 GÜNLÜK KÖRPƏNİ ABORT EDƏRKƏN...

Eyni kənddə yaşayan Əsmər Əzizova iyulun 2-də 17 günlük körpədən abort yolu ilə azad olmaq üçün doğum evinə üz tutub. Doğuş şöbəsinin müdiri Rəfiqə Həmzəyevanın nəzarəti altında həyata keçirilən abort uğursuz alınıb, qadının uşaqlığında fəsadlar buraxıb. 2 gündən sonra vəziyyəti ağırlaşan qadını Şirvan xəstəxanasına aparıblar. Həkim müayinəsindən sonra xəstənin qəbul etməsi üçün bir neçə dərman və sistem yazılıb. Dava-dərmanın kara gəlmədiyini görən ailə üzvləri 2-3 gün sonra onu yenə Hacıqabuldakı doğum evinə gətiriblər. Daha sonra nələr olub, Əsmər əzizovanın qardaşı danışır:

"DEDİ, NARAHAT OLMAYIN, XƏSTƏNİ ÖZÜM DİRİLDƏCƏM"

“Həkimlər dedilər ki, bunu doğuş şöbəsinin müdiri Rəfiqə Həmzəyeva abort edib, ancaq indi Qubada istirahətdədir. Götürün aparın, həkim istirahətdən qayıdanda gətirərsiniz. Biz səs-küy yaratdıq, mən DİN 102 xidmətinə, Səhiyyə nazirliyinin “qaynar xətt”inə zəng vurdum ki, xəstəmiz ölür, deyirlər həkim istirahətdədir, sonra gələrsiniz. Bundan sonra həkim özü zəng vurdu, dedi, yoldayam, gəlirəm. 6 saatdan sonra gəldi. Bacımın vəziyyəti olduqca pis idi. Rəfiqə xanım baxıb dedi ki, narahat olmayın, özüm bunu dirildəcəm”.

Əsmər Əzizovanı əməliyyat masasına çıxarıblar. Uşaqlığı götürülüb, ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. Həmin gündən yaxınları onun haqqında yalnız şöbə müdiri vasitəsilə məlumat alıblar. O məlumatları ki, indi doğruluğuna şübhə edirlər:

"BACIMI BAKIYA GÖTÜRMƏYİMİZƏ İMKAN VERMƏDİ"

“Bizə deyirdi ki, vəziyyəti getdikcə düzəlir. Gah deyirdi əlini tərpətdi, gah deyirdi gözünü açdı... Bircə dəfə də imkan vermədi ki, biz ona kənardan baxaq. Mənim bacım komada olub, ancaq şöbə həkimi qorxub ki, biz onu Bakıya götürsək, gördükləri bərbad işin üstü açılacaq. Sona qədər bizi aldatdı. Bacımın ölümündən 2-3 gün əvvəl Bakıdakı özəl xəstəxanaların birindən özü təcili yardım briqadası çağırdı. Bakıdan gələn həkimlər bildirdilər ki, artıq gecdir, xəstə ölür. Heç bir xəstəxana qəbul etməyəcək”.

Şikayətçi deyir, iyulun 13-də şöbə həkimi xəstənin yaxın qohumlarını və ailə üzvlərini başına toplayıb:

“Bizi başına yığıb dedi ki, iş-işdən keçib. Artıq gecdir. Olan şeydir. Mənlik bir iş yoxdur. Cərrahın mənimlə qərəzi var idi, əməliyyat vaxtı bilə-bilə xəstənin damarlarından birini kəsib ki, məni tutsunlar”.

"SƏHƏR SAAT 6-DA ZƏNG GƏLDİ Kİ..."

İyulun 14-nə keçən gecə Əsmər Əzizova gözlərini əbədi bağlayıb:

“Xəstəxanadan ayrılmırdıq. Reanimasiya otağının qarşısında növbə çəkirdik. Srağagün gecə şöbə həkimi bacımın yoldaşını aldadıb ki, xəstənin vəziyyəti normallaşır, çıx get evə, bir az dincəl. O da başqa bir qohumumuzu xəstəxanada qoyaraq evə gəlib. Səhər saat 6 olardı, qohum zəng vurdu ki, tez olun, gəlin. Həkim bütün işçiləri taksiylə xəstəxanadan yola saldı, bura da çoxlu polis yığdı. Əsmər keçinib. Onu Şirvandakı morqa aparmaq istəyirlər. Biz xəstəxanaya çatanda bacımı aparırdılar”.

İsmayıl Muradovun sözlərinə görə, bacısının vəziyyəti ağırlaşan gündən o, Səhiyyə Nazirliyinin “qaynar xətt”inə və əlinə keçən daha bir neçə telefonun nömrəsinə zəng vurub. Hər dəfə ona vəziyyətə nzəarət etdiklərini deyiblər. O isə tələb edib ki, nəzarət yox, tədbir görsünlər.

SƏHİYYƏ NAZİRLİYİNİN DEDİKLƏRİ İLƏ RAZILAŞMIRLAR

Səhiyyə Nazirliyi bu hadisə ilə bağlı rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, iyulun 14-də Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında 24 yaşlı Əzizova Əsmər bir necə gün əvvəl etdirdiyi abortdan sonra dünyasını dəyişib.

Abortdan sonra səhhəti kəskin pisləşmiş Ə.Əzizova xəstəxanaya da çox gec - vəziyyəti pisləşdikdən 5 gün sonra kritik ağır vəziyyətdə gətirilib. Onun müalicəsi üçün Bakıdan mütəxəssislər cəlb olunub. Lakin aparılan müailicə tədbirlərinin təsiri olmayıb və qadın dünyasını dəyişib.

Ancaq ölənin ailə üzvləri Nazirliyin məlumatı ilə razılaşmırlar. İsmayıl Muradov bu məlumatın həkimləri məsuliyyətdən kənarda saxlanmasına hesablandığını deyir.

Nazirlik isə bildirib ki, fakt qurumun doğuşayardım komissiyası tərəfindən araşdırılır. Hadisə ilə bağlı tibbi ekspertiza işləri aparılır və baş vermə səbəbləri müəyyənləşdirilir.

XS
SM
MD
LG