Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:12

Bir Siemens yadigarı: Gədəbəyin «Qanlı Körpü»sü


-

Siemens qardaşları Gədəbəydə parlaq iz buraxıblar. XIX əsrin ortalarında Azərbaycanın bu bölgəsində mis yataqları tapılandan sonra bir canlanma yaşandı. 1855 – 1856-cı illərdə yerli sahibkarlar Gədəbəydə zavod tikdilər. 1865-ci ildə alman sahibkar Fon Siemens bu zavodu satın aldı. O gündən bəri gözəl Gədəbəydə Siemens-in yadigarları yer almağa başladı.

AD BELƏ DOĞULUB

Adi yolların əlverişsizliyini görən «Siemens» şirkəti Cənubi Qafqazda ilk dəfə uzunluğu 28 km olan və Gədəbəyi Qalakəndlə birləşdirən dəmiryolu çəkdi. Dörd lokomotiv və 33 vaqonun hərəkət edəcəyi dəmiryoluna əlavə kimi daş körpülər salındı. Relyefə uyğun olaraq, körpülərin sayı artdı. Kiçik bir ərazidə körpü sayı 7-yə çatdı.

Bu, irili-xırdalı, körpülərin bəzisi indi də sap-sağlam təsir bağışlayır. Bəzisi də artıq çökməkdədir. Onlardan ən seçiləni el arasında «Qanlı Körpü» deyiləndir. Yerli sakinlərin sözlərinə görə, yedditağlı bu körpü öz adını bir bədbəxt hadisədən götürür: Fəhlələrlə dolu qatar mədəndən qayıdarkən həmin körpüdən aşır və hamı ölür. «Qanlı Körpü» o günlərin – həmin olayın yaddaşlardakı izidir.

Körpünün üstündə gəzərkən indi izi qalan rels araları o dövrdənqalma ərimiş metal qırıntılarıyla doludur. 150 ilə yaxın yaşı olan bu və digər abidələrin varlığından, sadəcə, yaxın kənd sakinlərinin xəbəri var. Onlar da, adətən, bu ərazidə mal-qara, qoyun-quzu otardıqları üçün.

LAL ÇOBAN SUSDU...

«Qanlı Körpü»nün yan-yörəsində bir xeyli heyvan otlayır. Sürünün çobanı sakit, gülərüz və ortayaşlı bir kişidir. Siemens-in məndə oyatdığı ruh yüksəkliyindən «çırpınıb», çobanla söhbətləşmək istəyirəm... Amma o... susur, sonra him-cimlə lal olduğunu bildirib gülümsəyir...

Sonra 22 yaşlı Elvinə rast gəlirəm. Onun otardığı qoyun-quzu düpbəbəz «Qanlı Körpü» tağlarının arasından keçib üzü dağa yönəlir. Elvin çoban olmadığını, sadəcə, yay günlərində vaxt öldürmək üçün öz heyvanlarını buraya gətirdiyini söyləyir. O, daha sonra uzaqdakı yaşıl yamaclı dağları göstərib – «İndi əsil çobanlar ordadır, heyvanları götürüb dağlara, yaylağa qalxıblar», - deyir.

Elvinlə bir az da Siemens-in buradakı izlərindən danışırıq. O qədər də məlumatlı olmadığından gileylənir və bildirir ki, sadəcə, nənə-babadanqalma əhvalatlardan xəbəri var.

VƏ TƏBİİ SUAL

Beləcə, təbii bir sual ortaya çıxır: Görəsən, bu nənə-babalar dünyadan köçəndən sonra biz bu izləri necə tapıb üzə çıxaracağıq? O nənə-babalarla bu tarix də itib-getməyəcək və yaddaşlardan silinməyəcəkmi? Axı nə qədər axtarsaq da, bu körpülərdən və Siemens-lərin burdakı fəaliyyətindən köklü məlumat əldə edə bilmədik. Axı kiçicik məlumat və yaşlı adamların əsatirlərə dönmüş bədbəxt hadisələr fonunda danışdıqlarından uzağa gedə bilmirik və... Zamanın küləklərinin daşı-daş üstündə qoymadığını umursamırıq.

XS
SM
MD
LG