Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:48

«AXC-nin köynəyindən çıxan istənilən partiya yubiley keçirməkdə özünü haqlı saya bilər»


İbrahim İbrahimli

İbrahim İbrahimli

-

İyulun 16-da Azərbaycan Xalq Cəbhəsinin(AXC) 25 illik yubileyi qeyd olunur. Vaxtilə bu qurumun icrayyə komitəsinin sədri olmuş İbrahim İbrahimli AzadlıqRadiosunun suallarını cavablandırıb.

- «Xalq cəbhəsi» ifadəsi, adətən, solçularda və özəlliklə kommunistlərdə rastlanır. Qurumun Azərbaycan Xalq Cəbhəsi adlandırılması demokratik hərəkata nə dərəcədə uyğun sayıla bilərdi?

- Tarixə nəzər salsaq, görərik ki, Avropada da bir çox təşkilatlar «cəbhə» adı ilə fəaliyyət göstərib. Bu adın istiqlal mübarizəsində simvollaşmasının əsas səbəblərindən biri bu təşkilatın toplumun təşkilatı olmasından irəli gəlir. «Berlin divarları»nın sökülməsindən, «Varşava paktı»nın ləğvindən bəri SSRİ-nin çöküşünün təsiri ilə başlanan demokratik dalğalar xalq cəbhələrinin simalarında meydana çıxdı. Sovet respublikalarında, eləcə də Azərbaycanda xalq cəbhələri yarandı. Sovetlər Birliyinin çökdürülməsində Baltikboyu respublikalarda, eləcə də Azərbaycan və Gürcüstanda fəaliyyət göstərən xalq cəbhələri mühüm rol oynadı. Sovet rəhbərliyi dağılmanın qarşısını almaq üçün silahla bu respublikalardakı əliyalın cəbhəçilərin üzərinə syeridi. Buna baxmayaraq, imperiya mənəvi baxımdan məğlubiyyətə uğradı. Ağır sınaqlardan keçən, milyonlarca insanı meydanlara toplaya bilən AXC-ni beynəlxalq ictimaiyyət də qiymətləndirdi. O ərəfədə Azərbaycan xalqı «İlin Xalqı» adını qazandı.

- AXC köynəyindən çıxan partiyalar indi müxtəlif istiqamətlərdə fəaliyyət göstərir. AXC adına kimlər iddia edə bilər? Hansı partiyalar bu qurumun varisi sayıla bilər?

- AXC istiqlal missiyasını yerinə yetirəndən sonra, yeni mərhələ – demokratiya mərhələsi başlandı. Nəticədə bu qurumun köynəyindən xeyli partiyalar meydana çıxdı. Bu, yenicə oturuşmaqda olan siyasi plürüalizmin əlamətləri idi. AXC-nin istiqlal missiyası bitəndən sonra bu təşkilatın daxilindəki müxtəlif fikirli, müxtəlif siyasi baxışlı qüvvələr yeni partiyalar yaratmağa başladılar. «Klassiklər» və «islahatçılar» adlanan qurumlar uzun müddət AXC tərkibində birgə fəaliyyət göstərdi. Nəhayət, parçalanma baş verdi. İslahatçılar indiki AXCP, klassiklərsə KXCP tərkibində fəaliyyət göstərməyə başladı. Hüquqi varis kimi qeydiyyatdan keçən indiki AXCP-dir. Buna baxmayaraq, AXC-nin köynəyindən çıxan istənilən partiya yubiley keçirməkdə özünü haqlı saya bilər.

- Sizcə, AXC Azərbaycan xalqına nə verdi, nə verə bilmədi?

- AXC Azərbaycan xalqına istiqlaliyyət gətirdi. Ötən əsrin əvvəllərində Müsavat Partiyasının yaratdığı Cümhuriyyəti bərpa etdi. Bu dönəm AXC ilə bağlıdır. AXC Azərbaycan Cümhuriyyətinin atributlarını bərpa etdi, qısa zaman kəsiyində milli valyutanı dövriyyəyə buraxdı, tibb və təhsil sahələrində islahatlar apardı. Özünümüdafiə batalyonlarını peşəkar orduya çevirməyə başladı. AXC ilk dəfə Azərbaycanın təbii sərvətlərinin sahibi kimi çıxış edərək, beynəlxalq korporosiyalarla neft müqavilələrinə dair müzakirələr apardı, qısa dövr ərzində şüurlarda inqilab etdi. Azərbaycanın müstəqil dövlət kimi BMT-yə üzv qəbul olunmasında AXC-nin danılmaz payı var. Rusiya Azərbaycanı yenidən öz təsir dairəsinə qaytarmaq üçün «5-ci kolon»un əli ilə AXC-ni devirdi. Ancaq Azərbaycanın Avropaya inteqrasiyasına dair AXC-nin dövlət mövqeyini 4 iyun qiyamından sonra da dəyişmək mümkün olmadı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG