Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:00

İntihar etmiş sovet yazıçıları

-

Bir çox adamın təsdiqlədiyi bir versiya var ki, Fadeyev qısa bir məktub yazıb və orda bildirib: “Mən Stalinin siyasətinə, Jdanovun estetikasına, Lısenkonun genetikasına görə özümü güllələdim”...

Qalaktion Tabidzenin özünü evinin pəncərəsindən atdığını və təcili yardım gələnə kimi eləcə küçədə uzanıqlı qaldığını bircə adam da ağzına alıb demədi...

Əlbəttə ki, həkimlərə əvvəlcədən nə edəcəkləri başa salınmışdı və onlar Valentin Oveçkini “Moskva” mehmanxanasından birbaşa ruhi xəstəxanaya aparırlar...

Bu məqalənin müəllifi Yuri Krotkov keçən əsrin 50-60-cı illərində SSRİ-də kifayət qədər tanınmış dramaturq və ssenarist olub. O 1963-cü ildə Qərbə gedəndə özü açıqca KQB əməkdaşı olduğunu etiraf etmişdi. Yuri Krotkov az sayda adamın bildiyi bir çox mətləblərdən hali idi, ən azından xeyli müddət onun bildiyi şeyləri heç yerdə yayınlamamışdılar. Yuri Krotkovun bu məqaləsi isə Amerikada çap olunan “Noviy Jurnal”da çıxıb.

1925-ci ildə Leninqradda Serqey Yesenin özünü asdı.

Sonra Moskvada Vladimir Mayakovski özünü güllələdi. Stalin terrorunun qaynar dövründə Lavrenti Beriya gürcü şairi Paulo Yavişvilinin qarşısına iki seçim qoyur, ya özünü ifşa etmək, ya da həbs olunub NKVD tərəfindən dəhşətli işgənclərlə öldürülmək. Bu halda o eləməyib tənbəllik öz ovçu tüfəngini götürür, barıtla doldurur və tüfəngin lüləsini ağzına dirəyib tətiyi çəkir.

Müharibə vaxtı mühacirətdən qayıdan gözəl şairə Marina Svetayeva özünü asdı. Lakin Yeseninin, Mayakovskinin, Yavişvilinin və Svetayevanın ölümü lazımı qədər “öyrənilsə” də, nə SSRİ-də, nə də Qərbdə Aleksandr Fadeyev, Qalaktion Tabidze və Valentin Oveçkinin ölümü öyrənilməyib.

Demək olar ki, bu üç adam haqqında heç bir şey yazılmayıb, intiharlarının səbəbləri çox az araşdırılıb, mən bir Moskva ədibi kimi bacardıqca tarixdəki bu ağ ləkəni silməyə çalışacam. Əvvəlcədən deyim ki, Valentin Oveçkin özünü güllə ilə vurmuşdu, ancaq həkimlər onu xilas etmiş və o yaşamağa davam etmişdi. O bir müddət sonra Daşkənddə dünyasını dəyişir. Onun həyatı təbii ölümlə sona çatır. Yaxşısı budur onu yarım intiharçı adlandıraq, bir yandan da onun da intihar səbəbi digər sovet yazarlarının intihar səbəbi ilə eynidir.

Aleksandr Fadeyevdən başlayaq

Sovet ölkəsində Aleksandr Fadeyevi kim tanımır ki. O, “Gənc qvardiya” kimi dillər əzbəri olan əsərin müəllifidir. Bizim yazıçı çevrəmizdə onu həmişə marşal adlandırırdılar. O, uzun illər SSRİ Yazıçılar Birliyinin idarə heyətinin baş katibi, dəfələrlə SSRİ ali sovetinin deputatı, iki dəfə Lenin ordeni laureatı, Stalin mükafatı laureatı, Stalin mükafatının təltifetmə komissiyasının katibi, ən əsası da Stalinin şəxsi məsləhətçisi və sevimlisi olmuşdu... Bundan böyük kim olasan?

Fadeyev haqda düşünərkən dərhal otuz il öncə, onunla, elə onun Vorovski küçəsindəki kabinetində görüşməmizi xatırlayıram. O zamanlar mən Yazıçıların İttifaqının Ədəbiyyat İnstitutuna daxil olmaq üçün Tbilisidən Moskvaya gəlmişdim. Mənim əlimdə ən yaşlı gürcü dramaturqlarından biri, eyni zamanda müqəddəs knyaz Şalva Dadianinin Fadeyevə ünvanlandığı tövsiyə məktubu vardı. Görüş yayda baş tutmuşdu. Fadeyev başdan-ayağa ağappaq geyinib stol arxasında oturmuşdu, onun saçları yüngülcə çallaşmış, üzü gün yanığından qırmızıya çalırdı, gözləri şən və parlaq idi. Danışanda boynunun damarları nəzərə çarpırdı, səsi isə çox qəribə, hətta deyərdim gülməli səslənirdi, zal boyda olan otağında əks-səda verirdi. Fadeyev sadə, xeyirxah, deyərdim ki, nəzərəçarpacaq dərəcədə demokratik adam idi, amma di gəl ki, onun masasının üstündə birbaşa Kremllə əlaqə saxlamaq üçün telefon vardı, belə telefon onun Peredelkinodakı bağında da vardı, qapıda onu dövlət adamlarına xas sirenası olan maşın gözləyirdi, qəbul otağı isə “iriçaplı” xalq komissarlarının qəbul otağı kimi xahiş-minnətə gələnlərlə ağzına kimi dolu idi.

Daha sonra mən Fadeyevi Ədiblərin klubunda gördüm, o gözəl, bəlağətli, alovlu çıxış edirdi, bircə dənə də şişirtmə söz istifadə etmirdi.

Mən Fadeyevi müharibədən az əvvəl Kazanda da gördüm. O, Kazana cəbhədən, hərbi formada, böyründə Naqan tapançası, çiynində briqada komissarı rütbəsi ilə gəlmişdi. Sənaye Evinin böyük zalında çamadanları, karton arakəsmələrlə bir-birindən ayrılmış Moskvadan evakuasiya olunmuş sovet yazıçılarının ailələri bu günkü kimi yadımdadır. Bu bir növ qaraçı taborunu xatırladırdı. “Böyük” yazarlar qızdırıcı soba arxasınca qaçır, sıyıq və qənd payı üçün uzun növbələrə düzülür, Sovet informasiya bürosunun xəbərlərini müzakirə edirdilər. Burda da “intriqada olanalar” bir-birinun üzünə baxmırdılar. Fadeyev bu böyük zala daxil olanda sanki bir günəş doğdu, hər tərəfdən qışqırıqlar qopdu: “Saşa! Aleksandr! San Sanıç... Fadeyev... Yoldaş Fadeyev!..”

Boris Pasternak

Boris Pasternak

Müharibədən sonra, 1951-ci ildə Fadeyevin əlli illik yubileyində də iştirak etmək mənə nəsib oldu. Yubiley Moskvanın Çaykovski adına Konsert zalında keçirilirdi. Onda Aleksandr Aleksandroviç qara kostyumda, məşhur artistin öz mahnı gecəsinə gəldiyi kimi, konsert səhnəsinə daxil oldu, son nəfəsinə qədər Stalinə, kommunizm ideyasına bağlılığından bəhs edən ilham dolu məşhur nitqini söylədi. Fadeyev Stalinə sadiqliyinə and içirdi və o zamanlar zalda oturan mən bu sadiqliyə inanırdım. Qəribəsi həm də odur ki, o zaman eşitdiyim bir şayiəyə görə Fadeyev “Araqvi” restoranında sərxoş olana qədər yeyib-içdikdən sonra Boris Pasternaka zəng vurur və deyir:

- Borenka, axı sən bizim aramızda yeganə yalan danışmayan adamsan...

Və mən bu şayiəyə də əsl həqiqət kimi inanıram.

Bir neçə il sonra Pasternakın arvadı Zinaida Nikolayevna mənə ərinin həyatından bir neçə məişət epizodunu danışdı.

Müharibənin əvvəlində Zinaida Nikolayevnanın ilk evlilikdən olan Adik adlı oğlu dünyasını dəyişmişdi. Pasternak Fadeyevdən xahiş edir ki, Adikin Peredelkinodakı evinin həyətində dəfn olunmasına icazə versin (bu, Adikin sonuncu istəyi idi). Bu sovet qanunlarına zidd olsa da, Fadeyev bunu etdi. Ümumiyyətlə, Fadeyev tez-tez Pasternakın ziyarətinə gedirmiş, o özü ilə bir şüşə içki aparar, Zinaida Nikolayevnadan kartof qızartması xahiş edərmiş, Fadeyev çoxlu içdikdən sonra elə şeylər danışarmış ki, Boris Leonidoviç həmin günün səhərindən öz qulluqçusuyla Fadeyevə belə bir məktub yollayarmış: Sən bizdə olmayıbsan və heç nə danışmayıbsan.

Zinaida Nikolayevnanın oğlu pianoçu Stanislav Neyhauz Şopen adına musiqi müsabiqəsində iştirak etmək istəyəndə, onu Varşavaya buraxmırlarmış. Zinaida Fadeyevin yanına gedib xahiş edir. Fadeyev isə cavab verir?

- Əziz Zina, bizdə adamları xaricə buraxmazdan əvvəl yoxlayırlar. Özü də düz edirlər...

- Axı Stasiki özün tanıyırsan – deyə Zinaida Nikolayevna cavab verir, - axı o sənin gözünün qabağında böyüyüb.

Fadeyev etiraz edib qəribə bir qəzəblə qışqırır:

- E-e-e, bəsdir. Sənin Stasikini ki Borya tərbiyə edib.

Zinaida Nikolayevna inciyir və deyir: “Bu etirafın münasibətilə səni təbrik edirəm!” – bu söhbətdən sonra onlar uzun müddətliyinə Fadeyevlə küsülü qalırlar.

Yeri gəlmişkən, hələ də heç kim bilmir ki, niyə Stalin Pasternakı həbs etdirməyib. Axı Pasternakın ətrafında kim vardısa, hamısını həbs etmişdilər, Pasternaksa təkbaşına hədəfdə qalmışdı. O vaxt şayiə gəzirdi ki, Pasternakı elə Fadeyev xilas etmişdi. Fadeyev ürəyinin dərinliyində onu sevir və Stalinlə söhbətlərdə onu müdafiə edə bilirdi.

Sual olunur: bəs görəsən Fadeyevin beynində nə fikirlər dönürdü, o, Stalinə inanırdımı, kommunizmə bağlıydımı, yoxsa bu, ölüm qorxusunun bir göstəricisi idi? Görəsən Fadeyev həqiqətənmi “sosialist cəmiyyəti” uğrunda mübarizə aparırdı, yoxsa bu yolla sadəcə Stalinin kölgəsi arxasında gizlənirdi? Fadeyev haqqında qoşulan: “Heç nədənsə, yalan yaxşıdır?” deyimi ədalətliydimi?

İnanırdı, yoxsa inanmırdı? Fadeyev kimi bir şəxsiyyət haqda danışanda buna cavab vermək çətindir. Mən SSRİ-də yaşayanda özüm də bu suala cavab tapa bilmirdim. Dəfələrlə özümə bu sualı vermişdim: “Bəs mən Stalinə inanıram, ya yox?” Belə sual ən kiçik yaradıcı işlə məşğul olanların belə qarşısında dururdu.

İosif Stalin yazıçı Maksim Qorki ilə.

İosif Stalin yazıçı Maksim Qorki ilə.

Fadeyev onun çoxlu əziz yazıçı dostlarının həbsi üçün orderi imzalamış Stalini sevə bilərdimi?

(Fadeyev özü isə təkcə özünün yaşadığı Peredelkinodan, həmçinin Spasskidən iyirmiyə yaxın yazarın həbsinə icazə vermişdi).

Bəs Fadeyev onu “Gənc qvardiya”da kommunist partiyasının Qırmızı ordunun qurulmasında təşkilatçı rolunun yaxşı əks olunmaması səbəbi ilə əsərin birinci bölümünü yenidən yazmağa məcbur edən Stalini sevə bilərdimi? Axı müəllifin öz fikrinə görə romanın ən gözəl yazılmış hissəsi məhz ilk hissəsidir.

Fadeyev gecə-gündüz, ara vermədən içirdi. Bəzən sərxoşluğu iki-üç həftə, Stalinin növbəti zənginə qədər çəkirdi. Stalin zəng vuran kimi həkimlər onu qaydaya salır, maşına oturdur, Moskvaya yollayırdı. Fadeyev içirdi və əlbəttə bu özü ilə hesablaşmasına kömək edirdi, bu, faciəvi sualların cavabı idi, bu ona vicdanını terrorla, istedadını partiya direktivləri ilə, proletar keçmişini Kreml vəzifəsi ilə barışdırmaq üçün lazım idi.

Bütün bunlara baxmayaraq mənim fikrimcə, Stalinin ölümü Fadeyevin faciəsinin başlanğıc nöqtəsi oldu. Qoy saxta olsun, qoy yalançı olsun, qoy hələ bir ikrah da oyatsın, qoy fürsətçilik də adlandırılsın, amma Fadeyev Stalinə inanırdı. Sovet höküməti onun höküməti idi, Stalin rejimi onun öz rejimi idi.

Stalinin ölümündən sonra Nikita Xruşşovun Kommunist Partiyasının XX qurultayındakı hesabatından sonra, Fadeyevin həyatının sonuncu mərhələsi gəldi. Stalin ideyaları, dominant inanclar hamısı bir anın içində yox olub getdi, indi rejim içərisində öz yerini, öz rolunu yenidən bəlli etmək lazım idi.

Beləliklə, əsərlərində “Yaşamaq və öz borcunu yerinə yetirmək lazım idi” yazan insan, 13 may 1956-cı ildə daha yaşayışa dözə bilmədi, revolverdən düz ürəyinə atəş açdı. Həyat və onun insan üzərinə qoyduğu vəzifələrdən qurtuldu.

Bəs bundan qaçmaq olmazdımı? Məgər Fadeyev də başqaları kimi özünü təmizə çıxara bilməzdimi, hamı kimi susub, vicdanını rahatlada bilməzdimi?

Bilərdi. Amma o bunu etmədi. Etmədi, çünki onun həm yazıçılıq, həm də vətəndaşlıq istedadı vardı. O, qorxaq deyildi və keçmişinə görə cavab verməyə hazır idi. Cavab verdi də.

“Pravda” qəzeti yazırdı ki, Fadeyevin intiharı uzun müddətli xəstəliyi, alkoqolizmin nəticəsi idi. Bu da “Pravda”nın növbəti yalanı idi. Çünki Moskvanın yazıçı çevrəsində bilirdilər ki, ölümündən üç ay əvvəl Fadeyev içkini tərgitmişdi.

Bütün bu vaxt ərzində o tam ayıq olub, həyatına da tamam ayıq başla son qoymaq qərarını verib. Bundan əlavə həm də məlumdur ki, Fadayev uzun müddət və diqqətlə intiharı üçün hazılaşmışdı. Məlumdur ki, o, əzizlərinin məzarı üstə gedir, köhnə dostları ilə görüşür, bir növ vidalaşırdı.

Şübhəsiz ki, Fadeyevin ölümünün əsas səbəbi aşağıdakılardır:

Fadeyevin məzarı

Fadeyevin məzarı

Stalinin ölümündən sonra onun dövründə zərər çəkmiş qurbanlara bəraət verirdilər, Fadeyevin də bir zamanlar həbs və sürgün əmrini verdiyi insanlar indi dəstə-dəstə Moskvaya qayıdırdılar. Onlar arasında soy adının baş hərfi M ilə adlandırdığım bir yazıçı da vardı. Bu insan ictimaiyyət qarşısında Fadeyevi əclaf adlandırmış və az qalmışdı ki, onun üzünə tüpürsün. Bunun ardınca M. özünü asaraq intihar edir.

İndi Fadeyev bunu sakitcə içinəmi ataydı? Doğrudur elələri də vardı ki, belə vəziyyətə düşəndə gülümsəyirdilər də. Amma axı yazıçı M. Stalinin yaratdığı islah-əmək düşərgələrində ona görə dözüm gətirmişdi ki, Moskvaya qayıdıb Fadeyevin gözlərinin içinə baxaraq ona sözünü deyə bilsin və məhz bundan sonra özünü öldürsün.

Görünür, Fadeyevi qurbanlarının kölgəsi qarabaqara izləyirdi. Onlardan birinin ortaya çıxıb sözünü deməsi isə Fadeyevin hesablaşma vaxtının gəldiyini anlaması üçün kifayət idi.

Ölüm günündə Aleksandr Fadeyev Peredelkinodakı bağında kabinetinə qalxıb birinci məktubunu arvadı, Moskva Bədii Teatrının aktrisası Stepanovaya, ikinci məktubunu Kommunist Partiyasının Mərkəzi Komitəsinə yazıb, divana uzanır, ürəyinin üstünə yastıq qoyub atəş açır.

Yanılmıramsa, Fadeyevin cəsədini Kreml divarları yaxınlığında Kommunist Partiyasının digər görkəmli üzvlərinin dəfn edildiyi yerdə basdırırlar. Bir dəfə Mixaıl Şoloxov Moskvaya gələndə o zamanlar SSRİ Ali Sovetinin katibi olan Voroşilova zəng vurub ondan Fadeyevin Mərkəzi Komitəyə yazdığı son məktubunun mətni ilə maraqlanır. Voroşilov dünyasını dəyişmiş yazarı yaxşıca söyür və bildirir:

- Əgər onun bizə nə yazdığını bilsəydin, bu sualı verməzdin.

Şair Aleksandr Tvardovski də Xruşşova həmin sualı verir. Xruşşov cavabında deyir:

- Yoldaş Tvardovski, partiyanın elə sirləri olur ki, ancaq iki-üç nəfərin ondan xəbəri olur.

Fadeyevin nə az-nə çox 38 il üzvü olduğu partiyanın Mərkəzi Komitəsinə yazdığı məktubun məzmunu heç kimə bəlli deyil.

Ancaq bir çox adamın təsdiqlədiyi bir versiya var ki, Fadeyev qısa bir məktub yazıb və orda bildirib: “Mən Stalinin siyasətinə, Jdanovun estetikasına, Lısenkonun genetikasına görə özümü güllələdim”.

Qalaktion Tabidze

Qalaktion Tabidze

Qalaktion Tabidze

Lenin ordeninin nə anlama gəldiyini və necə göründüyünü bilirsinizmi?

Hər şeydən öncə Lenin ordeni SSRİ-nın ən yüksək dövlət mükafatıdır. Orden Leninin qızıl barelyefindən ibarətdir, bəzən hətta platindən də düzəldilir. Xatirimdə var ki, əvvəllər onu sadəcə pencəyin yaxasına taxırdılar, sonradan isə xüsusi zolaqlı lentlə birlikdə taxmağa başladılar. Hörmətli orden idi. Həm də nəzərə alın ki, bu, nadir adamlarda olurdu və çox dəyərli idi, ən azından otuzuncu illərdə ona sahib olanları barmaqla saymaq olardı. O illərdə Gürcüstanın Mərkəzi Komitəsinin orqanı olan “Zarya Vostoka” qəzetində belə bir elan çıxır. Lenin ordeni itirilib, tapanlardan xahiş olunur onu “Zarya Vostoka” qəzetinin elanlar şöbəsinə geri qaytarsınlar, həmin şəxsi mükafat gözləyir.

İtirilmişdi! O zamanlar hələ partiya biletini itirənləri partiyadan xaric edir və az qala həbs edirdilər, qaldı ki, Lenin ordeni olsun. Partiya bileti nədir ki, balaca bir dəftərçədir. Burda isə söhbət Lenin ordenindən gedir! Əlbəttə ki, dərhal bu xəbər bütün Tbilisiyə yayıldı və ordenin sahibinin kim olduğu ortaya çıxdı. O dövrdə Lenin ordeni sahibi olan çox az adam vardı. Onları barmaqla saymaq olardı, saydılar da, məlum oldu ki, xalq yazıçısı Qalaktion Tabidzenin döşündəki orden yoxa çıxıb. İnsanlar nəfəsini saxlayıb düşünürdülər. Bəs görəsən nə olacaq? Onu repressiyamı edəcəklər? Məlum oldu ki, Qalaktion öz döş nişanını hardasa yeyib-içəndən sonra sərxoş vəziyyətdə itirib. İndi onudamı ucqar bölgələrin birinə sürgün edəcəklər? O dövrdə isə insanları ən önəmsiz səbəblərdən sürgün edirdilər.

Amma insanların gözlədiyi olmadı. Qalaktion Tabidzeni bağışladılar. Stalin yoldaş xalq yazıçısına mərhəmət göstərdi və yanılmıramsa ona itirdiyi ordenin surətini verdilər...

Bu tragikomik hadisəni danışmaqda məqsədim nədir? Mənə elə gəlir bu, intiharçı şair Qalaktion Tabidzenin xarakterini çox yaxşı açır. Mən Qalaktionu uşaq vaxtlarımdan tanıyıram. Biz onu küçədə harda görsək arxasınca qaçardıq. O, yaşlanandan sonra saqqal buraxmışdı, amma elə gənc çağlarında da qısa saqqal saxlayırdı. O orta boylu birisi idi, qocalanda beli yaman bükülmüşdü, kökəlmişdi. Onun səsi həmişə xırıltılı olurdu. Qəribə şəkildə yeriyirdi, bir az yana tərəf yıxılırdı həmişə, güman ki, daimi sərxoşluğun nəticəsi idi. Ancaq gürcülər üçün, sərxoş şair elə normal şairdir. Burda qəribə heç nə yoxdur. Adətən ilham pəriləri sərxoşlarla dostluq edir. Həm də Gürcüstanda şərabı su əvəzinə içirlər, çünki heç də hər yerdə suyun keyfiyyəti yoxdur. Mən Tisian Tabidze, Paulo Yavişvili, Nikola Miçişvili və b. gürcü şairlərin arasında böyümüşəm. Onlar hamısı çox içir və gözəl şeirlər yazırdılar.

Ancaq Qalaktion onların hamısından fərqlənirdi. O, şəxsi malikanəsi olan, həm dini, həm də yaradıcı kökə malik bir ailədən gəlirdi, onun bayaq sadaladığım sadə xalqın içindən çıxan şairlərlə elə bir bağlılığı yox idi. Amma o da gəncliyində bir müddət simvolistlər və impressionistlərlə maraqlanmışdı.

Heç şübhəsiz, Qalaktion Tabidze Gürcüstanın ən məçhur şairlərindən biri idi və məşhurluğu həqiqətən xalq arasında qazandığı nüfuzundan gəlirdi. Gürcüstanda yeganə xalq şairi adı ona verilmişdi. Onun şeirləri sadə adamlar tərəfindən anlaşılırdı. Adamlar küçələrdə onun şeirlərini oxuyur, kəndlərdə onun şeirlərini əzbərdən bilirdilər.

Qalaktionun sözlərinə yazılmış mahnılar isə bütün Gürcüstanda oxunurdu. İndi mənim qulağımda onun sözlərinə yazılmış çox gözəl bir mahnı “Çxaltubo da Kutaisi...” səslənir.

1944-cü ildə Qalaktion Tabidzeni Gürcüstan Elmlər Akademiyasının həqiqi üzvü seçirlər. Bundan sonra o, Sovet hakimiyyətinə sadiqliklə bağlı şeirlər yazmağa başlayır. “Böyük Stalin” haqqında isə hamıdan çox yazırdı. Bununla belə bacardığı qədər çox içirdi. 1937-ci ildə Tisiana Tabidze həbs olunmuş, Paulo Yavişvili güllələnmiş, Nikola Miçişvili, romançı Davaxişvili və daha xeyli adam həbs edilmişdi. Lakin Qalaktiona toxunan olmur, o, Stalinə tərifnamələr yazmaqda davam edir. Yenə də bacardığından da qat-qat çox içməyə davam edir. Bir dəfə mən onu küçədə uzanan yerdə görmüşdüm ki, bu gürcü üçün ən əskik haldır, istənilən sərxoş gürcü evə getməyi bacarır, evdə isə döşəməyə yıxılır. (Evdə olar, amma küçədə olmaz). Qalaktion küçədə uzanmışdı. Ola bilsin onda o artıq öz sonunu gözləyirmiş?

Tabidzenin məzarı

Tabidzenin məzarı

Yenə də həmin sualı soruşmaq lazım gəlir: Qalaktion Tabidze Stalinə inanırdımı, o, Stalinə buna görəmi xidmət edirdi, “yeni həyatın şəfəqi”nin yetişdiyini deyərkən səmimiydimi, yoxsa bu sadəcə güzəşt, vicdanını satmaq, fürsətçilik idi?

Cavab elə həmin cavabdır. Mənim gözümdə Qalaktion heyrətamiz, əvvəl heç kəsdə görmədiyim bir inam və inamsızlığı daşıyırdı içində, hər ikisi onun daxilində eyni zamanda yaşayırdı, amma bu iki şey uzun müddət birlikdə yaşaya bilməz, beləliklə gözlənildiyi kimi onun həyatında bir partlayış baş verdi.

1959-cu ilin əvvəllərində “Zarya Vostoka” qəzetində Qalaktion Tabidzenin ölüm xəbəri verildi. Xəbərdə deyilirdi ki, o vəfat edib. Sadəcə, dünyasını dəyişib. Qalaktion haqqında, nekroloqlar, xatirələr, onun poemaları ilə bağlı məqalələr çap olundu. Bir sözlə, xalq şairinin ölümü necə lazımdır eləcə də qeyd olundu. Dəfndə partiya rəsmiləri və sovet “bossları”, hətta Moskva təmsilçiləri də iştirak edirdilər. Əlbəttə ki, təmtəraqlı dəfn nitqləri söyləndi. Amma bircə adam balası da ağzına alıb demədi ki, Qalaktion Tabidze həyatının 66-cı ilində özünə qəsd edərək dünyasını dəyişdi. Onun özünü evinin pəncərəsindən atdığı və təcili yardım gələnə kimi eləcə küçədə uzanıqlı qaldığını bircə adam da ağzına alıb demədi. Və ən əsası onun bunu tamamilə ayıq vaxtında, əvvəlcədən planlaşdıraraq etdiyini də deyən olmadı. Və nəhayət onu götürməyə gələn təcili yardımın arxasınca özünü yetirib vaxtilə Qalaktionun bütün ədəbi arxivini aparan KQB agentləri haqda da bir söz deyilmədi.

Qalaktion Tabidze indi Tbilisidə yazıçıların dəfn oldunğu Mtaçminda məzarlığında torpağa tapşırılıb. Ah, kaş o, məzarından qalxıb danışa biləydi! Onun arxivi də hələ susur...

Valentin Oveçkin

Valentin Oveçkinin başına gələnlər əsasında bir pyes yazmaq olardı. Bəlkə də bu pyes nə vaxtsa yazılacaq. Görəsən dram olacaq? Niyə faciə olmasın ki?

Oveçkinin də faciəsinə baxarkən görürük ki, kommunizmin qurbanı olan bu şəxs elə özü kommunistdir, kommunizm sistemi əsasən ona ən ləyaqətlə, dürüst, ürəkdən xidmət edən adamları qurbanlıq edirdi.

Heyrətamiz mexanizmdir!

Valentin Oveçkin

Valentin Oveçkin

Bu sovet Hamleti yüzdə-yüz proletar idi və həm mənşəyinə, həm təbiətində görə işçi təbəqədən idi, cavanlığında çəkməçi işləmiş, savadsızlığın aradan qaldırılması üçün müəllim kimi çalışmışdı, daha sonra kəndə qayıtmış və kolxoz sədri olmuşdu, əlbəttə ki, partiyaya daxil olmuş, hətta həyatının bir dövründə partiya komitəsinin katibi də olmuşdu. Bir sözlə bir kommunist üçün “dəmir bioqrafiya” idi.

Bir dövrdə “yuxarılar” Oveçkini fərq etməyə başlayırlar. Onun tənqidi oçerkləri və hekayələri “Pravda”da az qala böyük sütunları tuturdu. (Bu şərəf ancaq Korneyçuk, Simonov, Şoloxov kimi adamlara müəssər olurdu). Onun “Rayonda iş günləri”, “Elə həmin rayonda” və son olaraq “Çətin bahar” oçerkləri böyük məşhurluq qazanmışdı.

Müəllif yaxşı və pis müdirləri, sədrləri önə çıxarıb göstərirdi. O, adətən Kommunist Partiyasının rayon şuralarının birinci katibini bürokrat və axmaq kimi, ikinci katibi isə ağıllı və humanist kimi qələmə verirdi. Fikrimcə, Oveçkin bu ideyaya inanırdı, o bu haqda kifayət qədər alovlu, yanğılı yazılar yazırdı. O ürəyini ağrıdan, onun üçün mühüm olan şeylərdən də yazırdı.

Günlərin bir günü hadisələrin axını ora gətirib çıxartdı ki, Oveçkini “yüksəltdilər”. O əvvəl Rusiya Yazıçılar İttifaqının idarə heyəti üzvlüyünə, daha sonra isə SSRİ Yazıçılar İttifaqının idarə heyətinə “seçildi”.

Bunun ardınca isə ən qaynar hadisələr baş verməyə başladı. Hakimiyyətə yenicə keçmiş Xruşşov öz “yeniliyini” etməyə başladı. Bu, kolxozlara da təsir edirdi. Oveçkin bu tədbirlərə əvvəl diqqət kəsildi, sonra isə kəskin şəkildə qarşı çıxdı. O vaxtlar Oveçkin Kurskda yaşayırdı və Kommunist Partiyasının əyalət komitəsinin üzvü kimi çalışırdı. Xruşşovun yenilikləri əyalət komitəsinin rəhbərliyində narahatçılıq oyatmışdı. Bəzi günlər rayon komitəsinin rəhbərliyi bir yerə yığışıb balıq tutmağa gedir, sonra dairəvi masa ətrafında araq içərək Nikitanın “avantüralarından” danışırdılar. Bu söhbətlərdə Oveçkin də iştirak edir. Onun mühafizəkar olduğunu düşünmürəm, amma o, Xruşşovun əleyhinəydi, bu dəqiqdir. Oveçkin daha çox yerli “müxalifətə” rəhbərlik edirdi, Kommunist Partiyasının XXII qurultayı qabağı əyalətlərdə partiya iclasları keçirilirdi, Oveçkin də bu hadisədən istifadə edib əyalət partiya komitəsində partiya qiyamı etmək istəyirdi. O, partiyaya etiraz olaraq qurultaya nümayəndə heyəti göndərməməyi qarşıya məqsəd qoymuşdu. Bu o vaxtkı həyat şərtlərimizə görə tamamilə mümkünsüz, ağlasığmaz bir şey idi.

Oveçkin ümid edirdi ki, qurultay üçün seçilmiş nümayəndə heyətinin üzləri onu dəstəkləyəcəklər. Bundan əlavə onun ideyası yerli kolxozlarda da yayılırdı.

Nikita Xruşşov

Nikita Xruşşov

İclas günü gəlib çatanda Valentin Oveçkin eynilə Xruşşovun Kommunist Partiyasının XX qurultayında çıxışında olduğu kimi Kursk əyaləti üzrə partiya iclasında tribunaya çıxır.

Partiya rəhbərləri hamısı onun əleyhinə çıxır, heç kim onu dəstəkləmir. Oveçkin onları az qala vətən xainləri adlandırır.

Evə qayıdanda özünü nə qədər böyük faciəyə saldığını anlayan Oveçkin, birdən-birə hər şeyin bu sistemin əsasında dayandığını, onu dəyişdirməyin mümkünsüz olacağını, sistemin şəxsiyyətə önəm vermədiyini dərk edib, bir tarixi-məntiqi nəticəyə gəlir: “Olum, ya ölüm”

Böyük ehtimalla bu anda Oveçkinin təsəvvüründə partiya borcundan, sovet yazıçısı vəzifəsindən, kolxoz maraqlarından daha böyük şeylər canlanırdı. O hər şeyi yenidən dəyərləndirir və hər şeydən öncə insanın dəyərini göz önünə gətirir. Bu anda o özünə və ətrafındakılara olduğundan tamam fərqli baxır. Pasternakın təbirincə, “ölümsüzlüyün qoxusunu” hiss edir. Bütün bu fikirlərdən sonra, Oveçkin divardan asılmış kiçik kalibrli tüfəngini əlinə alır, içinə patron doldurur və öz başına dirəyib atəş açır.

Oveçkin dərhal dünyasını dəyişmir, kiçik kalibrli silah ona ölümcül təsir etmir. Onu huşsuz vəziyyətdə təyyarəyə mindirib Moskvaya yollayırlar. Burda Burdenko adına neyrocərrahiyyə klinikasında Valentin Oveçkinin həyatını xilas edirlər, o, yalnız bir gözünü itirir.

Oveçkinin müalicə olunduğu günlərdə palatasına bircə Konstantin Simonovu buraxırlar. Yeri gəlmişkən, Oveçkinin ona elə xüsusi rəğbəti yox idi, bunu çoxlu şahidlər qarşısında açıqca da demişdi.

Hökümət bütün gücü ilə “Oveçkinin işi”ni bağlamağa, yaranan səs-küyü yatırmağa çalışırdı. İstənilən halda belə bir kommunist cəzadan yayına bilməzdi, o, Xruşşova qarşı çıxmışdı. Anoloji vəziyyətdə partiyaya qarşı çıxıb sonra intihar edən adamlara hökümətin amansız münasibəti bəlli idi, amma nədənsə Oveçkinə belə münasibət göstərilmədi. Hətta onun klinikada olduğu dövrdə “Ədəbiyyat qəzeti”ndə, nə vaxtsa yazdığı məqalə, yaxud oçerkləri yayınlanmağa başladı. Bir müddət sonra ona yeni mükafatlar verməyə də başladılar. Onu “Novı mir” jurnalının redaksiya heyətinə üzv etdilər, İttifaq yazıçılarının 4-cü qurultayında isə onu idarə heyətinə “seçdilər”. Özü də Oveçkinin Kurskda partiyaya qarşı çıxdığı, özünə atəş açdığı haqda heç yerdə bircə kəlmə də deyilmirdi. Oveçkinin Xruşşovla barışdırılmasında, yenidən yüksəldilməsində partiya emissarı kimi Simonovun böyük rolu olmuşdu. Ona edilən bütün bu yaxşılıqlar əslində aldadıcı həmlələr idi. Belə ki, bir müddət sonra Oveçkin ruhi xəstəxanaya salınır.

Bəs niyə onun bütün istəklərini yerinə yetirdikdən sonra ruhi xəstəxanaya saldılar. Nəzərə almaq lazımdır ki, daxili təlatüm, ruhi sarsıntılar ona rahatlıq vermirdi. Onu da nəzərə almaq lazımdır ki, o da çıxış yolunu məhz alkoqolda tapmışdı.

(Bəs içki olmasaydı, yer üzündə yaşamaq mümkün olardmı?! Bəs onda Fadeyev, Qalaktion Tabidze, Valentin Oveçkin, elə Şoloxov, Tvardovski, Berqolts, Yuri Olyoşa və Mixayıl Svetlov necə yaşayardılar... Sonuncu bir dəfə mənə demişdi: “Qulaq as, qardaşım, məgər bu dünyada daim ayıq olmaq mümkündürmü?”)

Günlərin bir günü necə olursa, Oveçkin Moskvaya təşrif buyurur, o “Moskva” mehmanxanasında qalır və çoxlu içəndən sonra paltarlarını soyunub pəncərədən özünü atmağa cəhd edir. Vəziyyət o həddə çatır ki, onu xilas etmək üçün dərhal yanğınsöndürən maşın gəlib brezent örtük açır. Dərhal, “qayğıkeş” adamlar həkimlərə zəng vurur və böyük bir həkim briqadası gəlir. Əlbəttə ki, həkimlərə əvvəlcədən nə edəcəkləri başa salınmışdı və onlar Valentin Oveçkini “Moskva” mehmanxanasından birbaşa ruhi xəstəxanaya aparırlar.

Çevirdi: Namiq Hüseynli

Günün bütün mövzuları

XS
SM
MD
LG