Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:35

«Azərbaycan mühacirətinin siyasi tarixi» kitabı çapdan çıxıb


«Azərbaycan mühacirətinin siyasi tarixi», kitabın üz qabığı

«Azərbaycan mühacirətinin siyasi tarixi», kitabın üz qabığı

-

Müəlliflər – Fransada yaşayan alim Georgy MamuliaRamiz Abutalıbov 1920-1945-ci illərin nadir arxiv sənədlərini araşdıraraq, iki dünya müharibəsi arasında, Azərbaycan siyasi tarixinin xeyli suallarını cavablandırıblar.

YENİ, KOMPLEKS ARAŞDIRMA

Nəticədə, Azərbaycanın və bütövlükdə Qafqazın müstəqilliyinin bərpası uğrunda mühacirlərin mübarizəsini əks etdirən yeni kompleks araşdırma ortaya çıxarılıb.

«Odlar yurdu. Azadlıq və müstəqillik uğrunda mübarizədə. Azərbaycan mühacirətinin siyasi tarixi. 1920-1945-ci illər» adlanan və rus dilində nəşr edilən bu tədqiqat ölkə tarixinin önəmli bölümü haqqında dolğun təsəvvür yaratmağa imkan verəcək.

KİTABDA SAYSIZ ARXİV MATERİALLARINDAN İSTİFADƏ OLUNUB

G. Mamulia və R. Abutalıbov Fransa, Polşa, Gürcüstan, Rusiya və başqa ölkələrin arxivlərində saxlanan saysız faktik materialdan yararlanaraq, Azərbaycan və bütövlükdə Qafqaz siyasi mühacirlərinin fəaliyyətini uyğun dövrün ümumdünya prosesləri kontekstində işıqlandırmağa nail olublar.

GƏNCƏ QİYAMI

Kitabda 1920-ci ilin mayında bolşevik işğalına qarşı Gəncədə başlayan və tarixə «Gəncə qiyamı» adı ilə düşən qanlı hadisələrə ayrıca bölüm ayrılıb.

Gəncədə baş verən repressiyaların hətta Ankarada—Böyük Millət Məclisində müzakirəyə çıxarıldığı vurğulanıb.

Həmin vaxt Tiflisdə olan Azərbaycan Cümhuriyyətinin rəhbərləri Kremlin işğal siyasətini pisləyən rəsmi bəyanatla çıxış ediblər.

HƏSƏN BƏY AĞAYEVİN SON BƏYANATI...

Azərbaycan parlamentinin sədr müavini Həsən bəy Ağayev də iyunun 8-də Qafqazdakı komissarlıq vasitəsilə Fransa Xarici İşlər Nazirliyinə ünvanlanmış notasında həmin bəyanatı çatdırıb.

«8 MİN MÜSƏLMAN QIRILIB...»

Həsən bəy Ağayev Azərbaycan xalqının işğalçı zülmü ilə barışmayacağını xəbər verirdi:

«Azərbaycan xalqının xarici zülmkarlara qarşı apardığı qanlı mübarizədə yaşadığı dəhşətli və dözülməz zorakılıq onun öz taleyinə özünün fərman verməsinə dönməz iradəsini göstərir. Bu mübarizə zamanı başqa dəhşətlərlə yanaşı, Bakıdan sonra ən böyük şəhər sayılan Gəncə bombardmana məruz qalıb, 8 min müsəlman qırılıb, qırmızılar şəhəri işğal edərkən 1500 müsəlman qadını zorlayıb. Bütün bunlar yetərli sübutlardır...»

«İndi Azərbaycanın əksər ərazisini xalq üsyanları bürüyüb. Bu üsyanları rus qırmızı ordusu amansızcasına yatırır. Qadın və uşaqlar da daxil, bütün Azərbaycan vətəndaşlarının qanı axıdılır»

Kitabda diqqət çəkən materialların çoxu ilk dəfə elmi dövriyyəyə buraxılır.

Yeni kitabın elmi redaktoru tarixçi alim Aydın Balayevdir.

Kitab Aydın Balayevin yazdığı «Redaktordan» giriş sözü ilə açılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG