Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:02

Britaniya kraliçası üçün hicab


London parkında hicab geyinmiş iki müsəlman qadın

London parkında hicab geyinmiş iki müsəlman qadın

-

Britaniya hökuməti «nifrət vaizi» kimi tanınan müsəlman ruhani xadimi Anjem Choudary-yə bağlı üç islamçı təşkilatı qadağan edib.

Anjem Choudary öz moizələrində Britaniyanı İslam dövlətinə çevirmək arzusunu açıqlayıb.

Təşkilatların yasaqlanmasına onların Suriyada döyüşmək üçün cihad döyüşçüləri toplamaq cəhdləri səbəb olub.

Britaniyanın Daxili İşlər Nazirliyi bildirib ki, «Xilafət Uğrunda» («Need4Khilafah»), «Şəriət Layihəsi» («The Shariah Project») və «İslami Mübarizə Assosiasiyası» («The Islamic Dawah Association») qrupları, əslində, 2006-cı ildə yasaqlanmış sələfi-vəhabi təmayüllü «əl-Mühacirun» qruplaşmasının başqa-başqa adlarla modifikasiya olunmuş formalarıdır.

Ərəb dilində «mühacirlər» mənasını verən «əl-Mühacirun» daha əvvəllər də «əl-Qüraba» («qəriblər») «İxlas Təriqəti», «Müsəlmanlar Səlibə Qarşı», «İslami Yol», «Müsəlman Məhbuslar», «Birləşmiş Krallıq üçün İslam» («Islam4UK»), «Qadınlar Şəriət Naminə» («Women4Sharia»), «İslamın Fövqəladə Müdafiəsi» («Islamic Emergency Defence») təşkilatları adıyla fəaliyyət göstərib və göstərməkdədir.

«AVROPA, SƏNIN 11 SENTYABRIN HƏLƏ QARŞIDADIR…»

Big Ben və Parlament binası

Big Ben və Parlament binası

«Əl-Qüraba» və «İxlas Təriqəti» təşkilatları 2006-cı ildən qadağan olunub. O zaman onlar Londonun mərkəzində təşkil etdikləri yürüşdə əllərində «İslamı təhqir edənləri öldürün» və «Avropa, sənin 11 sentyabrın hələ qarşıdadır» kimi plakatlar daşıyırdılar.

«Birləşmiş Krallıq üçün İslam» təşkilatı 2010-cu ildən yasaqlanıb. O vaxt təşkilatın üzvləri israr edirdilər ki, Britaniya cəmiyyətinin İslama rəğbətini artırmaq məqsədilə dinc yollarla mübarizə aparırlar.

Onlar Britaniya müsəlmanları üçün şəriət qanunlarının tətbiqini də istəyirdilər.

«Müsəlmanlar Səlibə Qarşı» təşkilatı 2011-ci ildə Britaniyanın 12 şəhərini müstəqil islam dövlətinə çevirmək cəhdini elan etdikdən sonra yasaqlanıb.

Onların planına əsasən, bu 12 şəhər tam şəriət qanunları ilə idarə olunan anklava çevrilməliymiş.

ÇOXBAŞLI ƏJDAHA

Son qadağaları şərh edən təhlükəsizlik və mühacirət naziri James Brokenshire deyib ki, «terrorçu təşkilat adını dəyişməklə terrorçuluqdan çıxmır və bu səbəbdən gələcəkdə də belə təşkilatların fəaliyyətinə yol verilməyəcək».

O izah edib ki, «Xilafət Uğrunda» («Need4Khilafah»), «Şəriət Layihəsi» və «İslami Mübarizə Assosiasiyaları»nın əslində, yaxşı tanınan «əl-Qüraba» və «İxlas Təriqəti» ilə eyniliyi müəyyənləşdirilib və onlar qadağan ediliblər.

Nazirin sözlərinə görə, bu cür qrupları dəstəkləyənlərə qarşı cinayət işi qaldırılacaq.

Britaniya mediası hər gün bir adda təşkilat düşünən radikal islamçıları «çoxbaşlı əjdaha» adlandırıb.

DÖVLƏT HESABINA HÜQUQ TƏHSİLİ

Lakin şərhçilər bu qənaətdədirlər ki, belə təşkilatlarda üzvlüyə görə cinayət məcəlləsində nəzərdə tutulmuş həbs cəzası və ya 8 min dollarlıq cərimə Choudry kimi ekstremistlərin önünü kəsə bilməyəcək.

Anjem Choudary

Anjem Choudary

«Times of London» qəzetində diqqətə yetirilən hesabatda deyilir ki, Choudary-nin şəbəkəsi hazırda 11 müxtəlif ad altında fəaliyyət göstərsə də nə o, nə də davamçılarından heç biri qanunsuz təşkilata üzv olmaq ittihamı ilə həbs edilməyiblər.

AĞIZDAN QULAĞA

Əleyhinə mübarizə apardığı Britaniya dövlətinin sosial təminatı hesabına yaşayan Choudary son qadağalara da dikbaş reaksiya verib:

«Məni həbs etsələr, fəaliyyətimi həbsxanada da davam etdirəcəyəm. Mən həbsxanadakıların hamısını radikallaşdıracağam. Mənim cənnət və cəhənnəmim reallıqdan kənardadır. Mənim cənnətim ürəyimdədir. Onlar məni öldürsələr, şəhid kimi öləcəyəm».

Qəzet yazır ki, polis Choudry-ni addımbaaddım izləsə də, ona «ilişmək» çətindir, çünki vaiz qanunları yaxşı bilir. O, yenə də dövlət hesabına hüquq kurslarında təhsil alıb.

Şərhçilər bildirirlər ki, ekstremist təşkilatları hədəfləmək çox mürəkkəb məsələdir, çünki onlar gəncləri cihad üçün səfərbərliyə alan iclasları barədə internetdə məlumat yaymır, elanlarını, sadəcə, ağızdan-qulağa ötürürlər.

CAMERON-UN KABİNETİNDƏ XƏLİFƏ OTURACAQ

Arxiv foto

Arxiv foto

Bununla belə, Choudary-nin yaxın çevrəsindən 35 yaşlı britaniyalı islamçı Abu Waleed internetdə yaydığı bir neçə videoda Britaniyada İslam dövlətini necə təsəvvür etdiyini bildirib:

«Kafirlər boğazlarında qırmızı xalta gəzdirəcəklər, onların başları qırxılacaq və iki müxtəlif rəngli ayaqqabı geyinməyə məcbur ediləcəklər».

Başqa bir videoda Abu Waleed deyir ki, günlərin birində bir müsəlman Britaniya hökumətini yıxacaq və indiki baş nazirin kabinetində xəlifə əyləşəcək.

CİHAD HELİKOPTERİ BİG BEN ÇEVRƏSİNDƏ DÖVRƏ VURACAQ

Waleed bildirir ki, müsəlmanın idarə etdiyi helikopter Big Ben qülləsi ətrafında dövrə vurub saatın latın rəqəmlərini ərəb rəqəmləri ilə əvəzləyəcək.

Onun sözlərinə görə, baş nazir David Cameron dizin-dizin sürünərək cizyə ödəyəcək, kraliça ikinci Elizabeth və şahzadə Kate Middleton da daxil, bütün qadınlar hicablanacaq.

Mətbuat yazır ki, gerçək adı Shahid Janjua olan Waleed işsizdir, arvadı və üç şikəst uşağı üçün dövlətdən müavinət alır. Dövlət onun ailəsini varlıların yaşadığı Qərbi Londonda mülklə də təmin edib.

Bununla belə, Waleed Britaniya hökumətinin ödədiyi müavinətləri lağa qoyur və başqalarını da müavinət almaq üçün fırıldağa əl atmağa çağırır.

BU, MÜAVİNƏT YOX, KAFİRLƏRİN ÖDƏDİYİ CİZYƏDİR

O deyir ki, müavinət almaq üçün əlinə yalandan bir əsa götürüb, axsaya-axsaya sosial təminat şöbəsinə getmək yetərlidir.

Choudry isə düşünür ki, dövlətin ödədiyi müavinət və yardımlar onlara «halal»dır:

«Elə bilin ki, qeyri-müsəlmanlar bizə cizyə ödəyirlər».

Ömür boyu yalnız bir-iki gün işləmiş vaiz də arvadı və dörd övladı ilə dövlət təminatındadır.

Onun müavinətlərdən illik gəliri 25 min funt-sterlinq (43 min dollar) civarındadır.

DANİMARKA PARLAMENTİ İSLAM BAYRAĞI ALTINDA

Halbuki səhərdən axşama çalışan hər bir namuslu Britaniya vətəndaşının orta əməkhaqqı ildə 26 min 500 funt-sterlinqdir.

Beləcə, sanki Britaniyanı «abıra salmış» Choudry xarici səfərlərə də gedir. Danimarka televiziyası ilə çıxışında o, ölkənin «Xristianborq» adlanan parlament binasını «Müslimborq»a çevirməyi və binanın damından İslam bayrağı asmağı təklif edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG