Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:59

Prezident Əliyev: «1 milyon 300 min iş yeri açılıb»


İlham Əliyev
İlham Əliyev

-

İyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib. İlham Əliyev giriş nitqində deyib ki, birinci altı ayda iqtisadiyyat 2,1 faiz artıb.

«Bəlkə də əvvəlki dövrlərlə müqayisədə bu, o qədər də böyük rəqəm deyil. Ancaq bu gün dünyada, bölgədə və Avropada yaşanan iqtisadi çətinliklər fonunda hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki, - mən bunu sevinc hissi ilə qeyd edirəm, - son illər ərzində qeyri-neft sektorumuz uğurla artır və qeyri-neft sektorumuzda inkişaf 7 faiz səviyyəsindədir. Bu da əlbəttə ki, dediyim məsələlərin nəticəsidir. Çünki əgər biz vaxtilə neft kapitalını insan kapitalına, infrastruktur layihələrinə yönəltməsəydik, bu gün qeyri-neft sektorumuz bu qədər arta bilməzdi. Bəlkə də tənəzzülə uğrayardı və onda biz ancaq neft amilindən asılı ola bilərdik. Gələcək illərdə ayrılan vəsait və aparılan islahatlar qeyri-neft sektorunun daha da böyük çəkiyə malik olmasına gətirib çıxaracaq».

«BİZİM VAXTIMIZ YOXDUR»

Arxiv foto
Arxiv foto

Prezident inflyasiyanın 1,6 faiz təşkil etdiyini söyləyib. O, ölkənin 54 milyarddan çox valyuta ehtiyatının olduğunu bildirib.

«Dünyanı bürümüş iqtisadi, maliyyə böhranı Azərbaycan əhalisinə, iqtisadiyyatına bir faiz də təsir etməyib. Bunu yəqin, gələcəkdə alimlər araşdıracaq və təhlil aparacaq ki, bu, nə üçün belədir. Bizim, sadəcə olaraq, buna vaxtımız yoxdur, biz işlə məşğuluq və işimiz göz qabağındadır. Biz böyük maliyyə resurslarına malik olan ölkəyik. Bir daha qeyd etmək istəyirəm, biz ildən-ilə maliyyə resurslarını artırırıq, artıracağıq. Bu resurslardan səmərəli şəkildə istifadə etməyimiz, bizə əlbəttə ki, əlavə gəlirlər gətirir və bu gün öz investisiya portfelimizi şaxələndiririk - həm sahələr üzrə, həm də xaricdə qoyulan investisiyaların coğrafiyası genişlənir».

2003-DƏN BU YANA 1 MİLYON 300 MİN İŞ YERİ

«Bu il üçüncü regional inkişaf proqramı qəbul edilib. Bu proqramın icrası nəticəsində artıq ilin altı ayında 65 min yeni iş yeri açılıb ki, onlardan 52 mini daimi iş yeridir. 2003-cü ildən bu günə qədər - bu proqramlar icra edilməyə başlayandan sonra 1 milyon 300 min iş yeri açılıb ki, onlardan təqribən 1 milyonu daimi iş yeridir. Demək olar ki, işsizlik böyük dərəcədə aradan qaldırılıb, çox aşağı səviyyədədir. Ancaq onu nəzərə almalıyıq ki, bizim uğurlu iqtisadi və siyasi addımlar nəticəsində Azərbaycanda, - bu da çox sevindirici bir haldır, - əhali sürətlə artır. İldən-ilə artan əhali hökuməti də, əlbəttə ki, daha da fəal olmağa çağırmalıdır. Eyni zamanda, bu, onu deməyə əsas verir ki, yeni iş yerlərinin açılması daimi proses olmalıdır. Biz deyə bilmərik ki, artıq bir milyon daimi iş yeri açılıb, gəlin, indi bu məsələyə diqqət yetirməyək. Yox, bu, daimi proses olmalıdır. Sənayeləşmə, kənd təsərrüfatı, yüksək texnologiyalar, digər sahələr sürətlə inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə də iş yerləri ilə təmin edə bilək».

Prezidentin sözlərinə görə, uzunmüddətli məşğulluq konsepsiyasının müzakirəsini başlanmalıdır. Dövlət başçısı növbəti illərdə TANAP layihəsinin icrası ilə bağlı Azərbaycanda on minlərlə yeni iş yerinin açılacağını bildirib.

3-4 İLƏ TƏMİRSİZ KƏND YOLU QALMAYACAQ

«İnfrastruktur layihələri arasında biz son vaxtlar daha çox kənd yollarının tikintisinə diqqət göstəririk. Çünki buna böyük ehtiyac var. Yerlərdən gələn xahişlər də bunu göstərir. Bəlkə ona görə ki, son illər digər infrastruktur layihələrinə, xüsusilə elektrik enerjisi, qazlaşdırma ilə bağlı böyük investisiyalar qoyulub. Ancaq bu sahədə vəziyyət hələ bizi tam şəkildə qane etmir. Buna baxmayaraq müəyyən uğurlu addımlar atılıb... Kənd yolları isə hər bir insanı əlbəttə ki, narahat edən məsələdir. Bütövlükdə son illərdə kənd yollarının tikintisinə ayrılan vəsait artır və əhalimizin böyük əksəriyyəti, xüsusilə kəndlərdə yaşayan əhali yaxşı yollarla artıq təmin edilibdir. Ancaq hələ ki, bərbad vəziyyətdə olan yollar çoxdur. Mənim bölgələrə səfərlərim zamanı bu məsələ daim müzakirə edilir.

...Hesab edirəm ki, biz indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaq. Məsələ də belə qoyulub. Bütün kənd yollarında asfalt olmalıdır, keyfiyyətli tikilməlidir ki, vətəndaşlar əziyyət çəkməsinlər».

QAZLAŞDIRMA LƏNG GEDİR

Prezident deyib ki, içməli su və kanalizasiya layihələri bütün ölkə üzrə gedir, o cümlədən Bakıda. Dövlət büdcəsi hesabına böyük investisiyalar qoyulur, həm də kreditlər verilir.

«Qazlaşdırma ilə bağlı qeyd etməliyəm ki, bu il bu proses bir qədər ləng gedir. Əvvəlki illərdə daha sürətlə gedirdi və biz əlbəttə, çalışmalıyıq ki, qazlaşdırmanı Azərbaycanda 95, bəlkə də 97 faizə qaldıraq. Ona nail olmaq üçün imkanlar var».

«Bu il ölkə iqtisadiyyatına böyük həcmdə investisiyalar qoyulub. Burada bu rəqəm səsləndi – 7,6 milyard manat. Yəni, 6 ayda 11,5 milyard dollar investisiya qoyulub. Bu, çox böyük rəqəmdir. Əminəm ki, bu il də ölkəyə qoyulan investisiyaların həcmi 20 milyardı ötəcək. Biz bu templəri saxlayırıq. Bu, bizə imkan verir ki, bütün infrastruktur, sosial layihələri icra edək.
İnflyasiya qeyd etdiyim kimi, çox aşağı səviyyədədir. Çalışmalıyıq ki, aşağı səviyyədə də qalsın. Makroiqtisadi sabitlik bizim iqtisadi inkişafımızın əsas məsələsidir».

NİYƏ DAHA ÇOX İSTEHLAK KREDİTİ AYRILIR?

«Bu gün dövlət büdcəsində banklara güzəştli şərtlərlə nəzərdə tutulan 300 milyon manat kreditlər verilir ki, banklar bu vəsaiti sahibkarlara paylasınlar. Yəni, bu, bankların öz resursları deyil, dövlətdən verilən resurslardır. Banklar bunu paylayır, eyni zamanda, hələ pul da qazanırlar. Yəni, bu, Azərbaycan dövlətinin özəl banklara olan böyük bir imtiyazıdır, güzəştidir. Hansı ölkədə dövlət özəl banklara pul verir, özü də bu şərtlərlə?! Amma bizdə Mərkəzi Bank lazım gəldikdə özəl banklara kredit resursları verir ki, onlar pul qazansınlar. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə banklara hər il 300 milyon manat verilir ki, pul qazansınlar. Bəs onlar nə üçün iqtisadiyyatın real sektoruna kreditlər ayırmırlar? Nə üçün daha çox istehlak kreditləri verirlər? Pul qazanmaq üçün».

AVTOBUSLARIN SAYINI 10-A QALDIRAQ

ASAN xidmət Astarada
ASAN xidmət Astarada

«ASAN xidmət»in fəaliyyəti xüsusi əhəmiyyətə malik olan fəaliyyətdir. İl yarım ərzində 2 milyondan artıq müraciət olub. Bu, nəyi göstərir? Onu göstərir ki, insanlar bu quruma inanırlar, görürlər ki, orada onlardan rüşvət tələb etmirlər, süründürməçilik yoxdur, şəffafdır, gənclər xidmət göstərirlər, yüzlərlə könüllü bu işlərə cəlb olunub. Görün insanların rahatlığı, gənc nəslin yetişdirilməsi, hazırlanması, vətənpərvərliyin möhkəmləndirilməsi, gücləndirilməsi üçün bunun nə qədər böyük faydası vardır. Ümumiyyətlə, bu sistem cəmiyyətə yeni bir ab-hava, ictimai xidmətlər sahəsinə yenilik gətirdi. Biz indi səyyar avtobusları bölgələrə göndəririk. Mənə yerlərdən məlumat gəlir ki, orada insanlar bu avtobusları bir bölgədən başqa bölgəyə getməyə qoymurlar. Nə üçün? Çünki orada onlardan rüşvət tələb edilir. Deməli, əgər belə olmasaydı, onda bu avtobuslara bu qədər maraq göstərilməzdi. Ona görə, hesab edirəm ki, aidiyyatı qurumlar, prokurorluq və digər qurumlar, icra nümayəndələri bu məsələyə çox ciddi diqqət verməlidir. Bizdə hər yerdə şəffaflıq təmin edilməlidir. O ki qaldı «ASAN xidmət»in fəaliyyətinə, hesab edirəm ki, biz avtobusların sayını artırmalıyıq. İndi cəmi iki avtobus vardır. Biz onların sayını 10-a çatdırmalıyıq. Ona görə, Maliyyə Nazirliyi məsələyə baxsın və təklif versin. Qısa müddət ərzində 10 avtobus daim hərəkətdə olmalıdır ki, insanlar razı qalsınlar». /AzərTac/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG