Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:50

-

Dilqəm

Əli Xəyyama nəzirə

..morfinə

dərindədi mənim hisslərim,

çox dərindədi, burdan görünmür, baxma..

baxma, bulanıq baxışlı sevgilim mənim

gözlərin bulaşır bədənimə,

ürəyimə düşür islaq saçların, çiyinlərimdən keçib, getmə..

keçib getmə məndən, sevgilim,

izin qalsın əllərimdə heç olmasa qoy!

yoxluğun kəsib deyərəm, ən sənsiz halda..

ac qarına və sənsiz içdiyim dərmanları çıxart içimdən,

mane olur ruhumun qırıntılarını yığışdıran musiqi tanrılarına..

götür dodağıma ilişdirdiyin yarımçıq siqaretini də,

mən belə dərd çəkmirəm!

hanı bunun nikotini, sevgilim?!

dodaqlarının qırmızısı, qırmızı izi hanı, sevgilim?

boş ver.

mən buraxmışam onsuz çəkməyi də daha,

çəkmirəm daha, sevgilim.

burdakı siqaretlərin üstündə

`sağlamlığım üçün təhlükəlidir` yazısı yoxdur,

`bağlandığım üçün sənə, təhlükəlidir` yazısı var..

yoruldun?

otur, sol tərəfim boşdu, çox boşdu..

dəniz ölüsü sevgilim mənim,

mən nə edim ki, daha uzundu saçların bu iyrənc həyatımdan?!

daha qısadı boyum ətrafındakı zir-zibillərin sayındn!

özümdən böyük danışdım, bilirəm,

keç bu sətri, keç bir az o tərəfdə ağla,

bəlkə birdən öldüm, səsini eşidib..

..gecələrə

yuxusuz olur yatağım,

necə də daş olur bədənim və

necə də dərin görsənir yoxluğunun qarşısında..

bir qədər də sənsizlik sığışdırıram sanki evimizə,

o məcbur olduğumuz bir otaqlı sevgilər

indi bir neçə otaqdır artıq..

sənsizlik çox rahatdı o otaqlarda, evimizdə,

mən səndən daha çox doymuram sanki

və sanki daha sakit olur sənsiz Bakının küçələri..

içki siqaretim az olmur bir-birindən sıx yazılı paketlər,

heç kim anlamır gecələrdən, şair, heç kim..

səssizlikdə qalıb ölümdən yazmalıyam yenə,

düşünmədən, çəkinmədən, qorxmadan, necə gəldi içimdən,

özüm özümə qarşı ölməliyəm bu gecə..

bu gecə unudub bütün içkiləri, qan içməliyəm,

bu gecə ciyərlərimə tüstü yox, bir az boşluq çəkməliyəm,

içimdə ölmüş birinin saçları var sanki, içimə tökülür..

öz səssizliyimdə bu qədər boğulduğum halda,

bu qadınlar hardan çıxır, şair?

kədərlərim qarışdıqca yarımçıq gecəli otaqlarıma

və bulaşdıqca yalnızlığım bu bir otaqlı sevginin divarlarına,

tanımadığım insanların ölmünə gülməyim gəlir..

gülməyim gəlir, şair, çox ciddiyə alma məni, özünü də

bu şeirlərə nə qatırsan belə, dadları zibilə çevirir adamı..

gecələr..

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG