Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:50

Hesablarına həbs qoyulan QHT-lər «Həyəcan» qrupu yaradıb


Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmalı

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmalı

-

Hesablarına həbs qoyulan bir qrup qeyri-hökumət təşkilatı «Həyəcan» qrupu yaradıb.

Bunu AzadlıqRadiosuna bu günlərdə bank hesablarına həbs qoyulan Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.

«Pensiya hesabımdan başqa bütün şəxsi və iş hesablarımın hamısına həbs qoyulub. Bir təqaüd kartı deyəsən yaddan çıxıb. Mənə göndərilən məktubda Bakı Ağır Cinayətlər Məhkəməsində bu işlə bağlı yaradılan istintaq qrupunun üzvü Sənan Paşayevin təqdimatı əsasında belə bir addım atıldığı bildirilir. Qərar iyulun 8-də verilib, ayın 9-da UNİBANK-a bildiriblər. Çox təəccüblüdür ki, bunu bütün şəxsi hesablarıma aid ediblər. Bu gün qərarı götürmüşəm və biz məhkəməyə hazırlaşırıq».

- Hesablarınıza qoyulan həbslə bağlı məhkəmə qərarında nə deyilir, bu necə əsaslandırılır?

- Qeyd olunub ki, hesablara həbs qoyulması ölkədə çirkli pulların yuyulması ilə və korrupsiya ilə əlaqəli araşdırmalarla bağlıdır.

- Hesablarınıza həbs hansı layihə ilə bağlıdır və bu layihəni hansı donor maliyyələşdirir?

- Layihəmiz «mədən sənayesində şəffaflığın artırılması» ilə bağlıdır. Donor Brüsseldə yerləşən Avropa Demokratiyaya Yardım Fondudur. Deyirlər ki, sizin layihədəki adla hesaba pul göndərən təşkilatın adı uyğun gəlmir. Blanklarında o təşkilatın adı ingilis dilində, hesabda isə fransız dilində. Təşkilat bunun səbəbi ilə bağlı yazılı izahat göndərib. Bundan başqa lisenziyalarının olduğunu təsdiqləyən sənədi də göndəriblər. Amma buna baxmayaraq, təşkilatın hesabımıza göndərdiyi 19 min manatı bizə vermək istəmirlər. Donor təşkilata yazdım ki, siz pulunuzu geri götürün.

- Sizin layihədə hansı işlərin görülməsi nəzərdə tutulurdu?

- Layihəmiz mədən sənayesində şəffaflıqla bağlı beynəlxalq təcrübənin öyrənilməsi, qanunvericilik, neft şirkətlərinin şəffaflığı və bu məsələlərin mediada işıqlandırılmasını nəzərdə tuturdu. Bundan başqa kitablar çap etməli idik.

- Sizdən başqa daha kimlərin hesabına həbs qoyulub?

- Bildiyimə görə ümumilikdə 20-yə yaxın QHT hesabına həbs qoyulub. Amma bəziləri səsini çıxarmaq istəmir. Hamısı da korrupsiya və çirkli pullarla bağlı araşdırma aparılması ilə əsaslandırılır. Artıq ölkədəki korrupsionerləri deyil, QHT-ləri araşdırılar, sən demə bütün korrupsionerlər QHT-lər imiş.

- Siz bu məsələlərlə bağlı hansı addımlar atmağı planlaşdırırsınız?

- İyulun 9-da bizim bir yığıncağımız oldu. Toplantıda «Həyəcan» QHT qrupunu yaratdıq. Artıq fəaliyyət planımız da hazırdır. Biz müxtəlif ölkələrin rəhbərlərinə müraciətlər edəcəyik, flaşmoblar keçirəcəyik. Bir sözlə radikal və loyal tədbirlər keçirməyi planlaşdırırıq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG