Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:47

Arif Əliyev: «O işlərin üçünün də üstünün açıldığını düşünürəm...»


-

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev Azadlıqradiosuna müsahibəsində Azərbaycan mediasının bugünkü durumunu dəyərləndirib.

- Arif bəy, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Azərbaycanda medianın durumundan narahatlığını dilə gətirib və vəziyyəti yerində öyrənmək üçün Azərbaycan hakimiyyətindən icazə gözləyir. Siz medianın bugünkü durumunu necə dəyərləndirirsiniz?

- Heç bir yeni proses getmir. Təxminən 15 il əvvəl başlanan böhran hələ də davam edir. Bu vəziyyət də Azərbaycan mediasının keyfiyyətcə çökməsinə gətirib çıxarır.

- Amma Azərbaycan mediasının gələcəyi ilə bağlı əvvəllər daha nikbin təsir bağışlayırdınız...

- Müstəqillik olmayan yerdə medianın inkişafı absurddur. Nə qədər vəsait qoyursan-qoy, xeyri yoxdur. 1998-ci ildə bizim media bazarının 55 faizi müstəqil KİV-in əlində idi. Bu gün müstəqillik maksimum 3-4 faizdir. Qalan KİV-lər bu və ya digər formada, amma gözlə açıq görünən şəkildə siyasi və maliyyə mərkəzlərindən asılıdır.

- Demək, əsas pul deyil və ya pul hələ müstəqillik deyil?

- Əlbəttə, yox. Müstəqillik çox baha bir şeydir. Həm də müstəqillik odur ki, gərək pulunu özün qazanasan. Ödənişlər başqa mərkəzlərdən gəlirsə, bu, müstəqillikdən xəbər vermir. Maddi müstəqillik olmayan yerdə media müstəqil davranmaqdan çəkinir. Bugünkü redaktorların əksəriyyəti ən konservativ və yenilik istəməyən bir qrupa, dəstəyə çevrilib. Çünki istənilən yenilik onların oturuşmuş vəziyyətinə təhlükə törədir.

- Bir vaxtlar hansısa qəzet bağlananda, jurnalistə hücum və ya qəzet yayımı ilə bağlı problemlər olanda Redaktorlar Birliyi toplanıb vəziyyəti dartışardı. Bunun müəyyən nəticəsi də olardı. Nə oldu birdən-birə?

- İstənilən sahəni götürün... Sürəkli təzyiqlərə, uzunmüddətli mübarizəyə heç siyasətçilər dözmür, o ki qalsın jurnalistlər...

- İndi Redaktorlar Birliyi fəaliyyət göstərmir?

- Onu diriltmək cəhdi çox eybəcərliklərə yol açar – bir il əvvəlki kimi. Kimlərsə Redaktorlar Birliyi adından toplaşmaq istəyəndə, məlum oldu ki, yarıreket, yarısiyasi qruplar bir araya gəlib. Bir-iki nəfər tutulunca, yığılan adamlar tezcə dağılışdılar.

- Jurnalistlərə dövlət hesabına mənzillərin verilməsini də jurnalistlərin birlik həlqəsini zəiflədən hallara daxil etmək olar?

- Bu elə medianı ələ almanın tərkib hissələrindən biridir. Mən başa düşürəm ki, əlilə, imkansıza yardım etmək lazımdır. Amma bu gün, baxaq-görək, Azərbaycan müəlliminin vəziyyəti jurnalistlərin vəziyyətindən yaxşıdırmı... Velosipedi yenidən icad etmək lazım deyil. Dəfələrlə yoxlanılıb ki, hökumətin jurnalistə ənam, pul, mənzil və digər üstünlüklər verməsi yalnız bir nəticəyə gətirir – jurnalistin ondan asılılığına...

- «Yeni Müsavat» qəzetinə qarşı başlanmış və 2010-cu ildə qapadılmış «Ayı işi»ni nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov yenidən qaldırıb. İndi Anar Məmmədov Nizami rayon Məhkəməsinə müraciət edib ki, qəzet ondan ovaxtkı işə görə üzr istəsin. Amma baş redaktor hesab edir ki, qarşı tərəf bu addımla səhvə yol verib. Bu məsələyə münasibətiniz necədir?

- Bunların hamısı vahid bir prosesin ayrı-ayrı hissələridir. Bu gün media qanunun deyil, ayrı-ayrı oliqarx qrupların inhisarındadır. Bu, dövlət qəzetlərində də hiss olunur. «Yeni Müsavat»a gəlincə, baş verənlər qəzetin müxbiri Fərahim İlqaroğlunun döyülməsindən – qəzetin bu döyülmədə müəyyən faktlara əsaslanıb Ziya Məmmədovun üstünə getməsindən qaynaqlanır. Çünki sözügedən məhkəmə prosesini neçə ildən sonra qaldırmaq üzr tələb edən şəxsin xeyrinə deyil. Axı bu, unudulmuş bir məsələ idi. İndi o ayı kababı yemək məsələsi təzədən hamının yadına düşdü...

- Bu işin məhkəmə perspektivini necə görürsünüz?

- Üzr istəyirəm bu ifadəyə görə, təəssüf ki, bizdə məhkəmələrin çoxu notariat kontorlarına bənzəyir. Əvvəlcədən qəbul olunmuş qərarlara qanuni forma verilir və təsdiqlənir. Jurnalistlərə qarşı qaldırılan məhkəmə işlərinin minimum 90 faizində qərarlar əvvəlcədən bəlli olur. Bu günlərdə – bloqqer Ömər Məmmədovun çıxışını oxuyanda ürəyim parçalandı. Bu cür savadlı, bacarıqlı gənci həbsxanaya salmaqla, gələcəkdə onlardan nə hazırlamaq istəyirik? Günahı da odur ki, kimisə tənqid edib. Şeytani məntiqdən başqa bu proseslərin məntiqini heç cür anlamaq olmur. Şeytani məntiq də odur ki, əvvəlcədən qərar qəbul edilib: «Bu adam cəzalandırılmalıdır!».

- Dediyiniz o şeytani məntiqli qərarları kimlər verir ki?

- Bu vahid bir mərkəz olsaydı, misal üçün, dövlət başçısından və ya Prezident Administrasiyasından gəlsəydi, hiss olunardı. Çox təəssüf ki, bir çox güc mərkəzlərinin bu cür təsir imkanları var.

- Bəlkə məhkəmələr elə yuxarıların xoşuna gəlmək üçün belə qərarlar qəbul edirlər?

- İstənilən insanı ziyankar bir hərəkətə sövq etmək üçün mütləq xarici təsir, hansısa maraq lazımdır. Düzdür, bir çox şeyləri deməyə əlində faktların olmalıdır, amma elə hallar da var ki, onu faktsız da demək olur. Hər şey göz önündədir.

- Elmar Hüseynov qətlə yetirildi, qatil tapılmadı, Bahəddin Həziyevi oğurlayıb Masazır gölünün yaxınlığında işgəncəyə məruz qoydular, ayaqlarının üstündən maşınla keçdilər, amma bu işi törədənlər aşkarlanmadı. Rafiq Tağıya sui-qəsd oldu, bir neçə gün sonra xəstəxanada vəfat etdi və... bunun da üstü açılmadı. Niyə bu qətllərin üstü açılmır, buna nə mane olur?

- Düşünürəm ki, o üç işin üçünün də üstü açıqdır. Xatırladım sizə: Elmar Hüseynovun ölümündən iki ay keçməmişdi ki, Türkiyənin polis orqanları işin üstünün açıldığını bəyan etdi. Mən buna inanıram. Sadəcə, onlar elan olunmur. Birincisi, düşünürəm ki, bu, çox mühüm mövqeli adamların maraqlarına toxunur. O dərəcədə mühüm adamların ki, onlar istintaqın gedişinə və nəticəsinə təsir göstərə bilirlər. İkincisi, belə mühit əlverişlidir, çünki jurnalistlər və media qorxu içərisində yaşamalıdır.

- O halda bu hadisələrin üstü nə vaxt açıla bilər?

- Bilmirəm...

- Media və internetdə fikirlər səslənir ki, bu, siyasi hakimiyyət dəyişikliyindən sonra baş verə bilər. Hətta Ukraynada öldürülən jurnalistlə bağlı işi də buna misal çəkir və deyirlər ki, Kuchma hakimiyyətdən gedəndən sonra jurnalist Gongadze-nin qətlinin üstü açılıb...

- Onu deyə bilmərəm. Ümumi cavabım odur ki, buna hüququn və qanunun aliliyinin təmin edildiyi demokratik mühit lazımdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG