Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:30

-

İyulun 6-da axşam saatlarında sələfi təriqətinə mənsub bir qrup adamın Sabirabad şəhərindəki «Bayraq meydanı» yaxınlığında yerləşən, yerli əhali arasında «Bakı dairəsi», «Qlobus» adlandırılan ərazidə görünməsi və ucadan «Allahu-əkbər» nidası səsləndirməsi sanki közərən ocağa benzin töküb. Daha sonra mediada ziddiyyətli məlumat və şayiələr dolaşmağa başlayıb.

«Qlobus» adlandırılan ərazi

«Qlobus» adlandırılan ərazi

Baş verənlərə yerli əhalinin münasibətini öyrənmək üçün iyulun 8-də AzadlıqRadiosunun müxbiri Sabirabada baş çəkib.

«BİR NƏFƏRƏ GÖRƏ RAYON ƏHALİSİ GÖZDƏN SALINMAMALIDIR»

Qızmar yay və Ramazan ayı şəhərə sakitlik gətirib. Oruc tutan inanclı insanlar vaxtını daha çox qapalı yerlərdə və ev təsərrüfatlarında keçirirlər. Rayon İcra Hakimiyyəti, mədəniyyət sarayı və çoxsaylı dövlət orqanlarının yerləşdiyi binaların əhatəsində olan meydanda tək-tək adam gözə dəyir. «Qul bazarı»nda iş axtaranların gözləri yol çəkir…

«Mənim 80 yaşım var. İndiyədək görməmişdim ki, başqa təriqətdən olanların şəxsiyyəti belə alçaldılsın». Sabirabad şəhər sakini Kamal Əzizov həmyerlisinin hərəkətini pisləyir. Onun fikrincə, fərqli inancları olan insanlar bir-birinə qarşı dözümlü olmalıdır: «Kimsə saqqal saxlayır, gödək şalvar geyir – bu, onun şəxsi işidir. Buna görə insanın şəxsiyyətini alçaltmaq olmaz. O adamın hərəkətinə Sabirabadda heç kəs haqq qazandırmır. Amma bir nəfərə görə rayon əhalisi gözdən salınmamalıdır».

«GƏRGİNLİYİ HAKİMİYYƏT NÜMAYƏNDƏLƏRİ YARADIB»

Sabirabad rayonunun Qalaqayın kəndində yaşayan Eldar Salamov gərginliyin hakimiyyət nümayəndələri tərəfindən süni surətdə yaradıldığını iddia edir:

«O saqqallı insanlar Sabirabada gələndə, gərək rayon rəhbərliyi, hüquq-mühafizə orqanları ictimaiyyətin nümayəndələri ilə – ağsaqqallarla, din xadimləri ilə birgə onlarla söhbət aparaydı. Təəssüflər olsun ki, bu, edilmədi. O adamları bu rayondan, sadəcə, qovdular. Elə gərginliyi də hakimiyyət nümayəndələri yaradıb və bütün məsuliyyət onların üzərinə düşür. Ortada cinayət faktı vardı, vətəndaşa təcavüz olunmuşdu. Bu əməli edən şəxs dərhal cəzalandırılmalı idi. Tələbin bu şəkildə qoyulması – bir qrup adamın rayona gəlməsi və ultimatum səsləndirməsi vaxtında qanuni tədbirlərin görülməməsi ilə bağlıdır.»

Eldar Salamov hesab edir ki, inanclı insanlar arasında ədavət salınmasında maraqlı qüvvələr var və onların qarşısı alınmalıdır:

«Bu hadisələr hakimiyyətin monolit olmamağı ilə bağlı Richard Morningstar-ın sözlərini yada salır. Baş verənlər mənə qurama gəlir. Bu hadisələr hakimiyyətdə olan xoşagəlməz əhval-ruhiyyədən, suyu bulandırıb ondan sui-istifadə etmək istəyən qüvvələrin fəaliyyətindən qaynaqlanır».

Sabirabad sakini Əlizamin Xəlilov dini təbliğatın düzgün aparılmadığını deyir: «Yas məclislərində mollalar sələfilərə qarşı çağırışlar səsləndirirlər. Bu, çox qorxulu meyldir və sonu bizi hara aparacaq? – bunu bilmirəm. Diqqət edin, hamının gözü qarşısında sələfinin saqqalını qırxan adam dini ədəbiyyat satılan mağazada işləyib».

«HAMI DÜŞÜB SAQQAL DALINCA...»

Sabirabad sakini

Sabirabad sakini

Mediada gedən yazılara reaksiyalar müxtəlifdir. Jurnalistlərin buraya axınından və mövzunun gündəmdə saxlanmasından şübhəyə düşənlər var. Adının çəkilməsini istəməyən şəhər sakini əsəbi şəkildə bildirdi: «Bir nəfər qələt qarışdırıb, 6-7 maşınla da bu rayona gələnlər olub. Bu nə boyda böyük hadisədir ki, bütün qəzetlərin, saytların baş xəbərinə çevrilib? Ölkənin başqa problemi yoxdur bəyəm? Camaat Sabirabadda işsizlikdən, səfalətdən əziyyət çəkir, əkinlər susuzluqdan yanır, kanalizasiya boruları tutulduğundan üfunət evləri bürüyüb. Baş, göz qıraqda qalıb, hamı düşüb elə saqqal dalınca. Bunu da məqsədli şəkildə ortaya atıblar ki, başqa problemlər unudulsun».

«GÖRMƏMİŞƏM, EŞİTMƏMİŞƏM, BİLMİRƏM»

Nə qədər sakit görünsə də, şəhər xof içərisindədir. Çayxanalarda, bazar-dükanlarda, ictimai nəqliyyatda hamı yeni xəbəri bölüşür:

- Deyirlər Rəmzini tutublar.

- «Tutub» nədir, artıq «etap» da ediblər.

- Atası saqqalı qırxılanın ailəsindən üzr istəyib…

Qarşımıza çıxan, üzünə kamera açdığımız sadə sabirabadlıların əksəriyyəti bu barədə danışmaq istəmir, «eşitməmişəm, bilmirəm, mən öz çörəyimi qazanan adamam, başqa işlərlə maraqlanmıram» deyirlər. Bəziləri bu sözləri də əlavə edirlər: «Allah prezidentimizə ömür versin».

HƏR YER POLİS NƏZARƏTİ ALTINDADIR

«Bayraq meydanı» ətrafında taksi sürücüləri ilə söhbət etdiyimiz vaxt saxlanılmağımız və polis idarəsinə aparılmağımız da elə bu xofdan yaranır. Sabirabad Rayon Polis Şöbəsi rəisinin müavini bir qədər vaxtımı aldığı üçün üzrxahlıq edir:

«Rayona gələn hər kəslə maraqlanırıq. Bilmək istəyirik kimdir, nəçidir, rayona niyə gəlib».

Şərhləri göstər

XS
SM
MD
LG