Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:35

«Azərbaycan və Türkiyə İŞİD-in planından kənardır»


İslamçı yaraqlılar bayraqlarını yelləyir,Suriya

İslamçı yaraqlılar bayraqlarını yelləyir,Suriya

-

İyulun 9-da Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

MEHRİBAN ƏLİYEVA «AZƏRBAYCAN CAZI» GECƏSİNDƏ

«Azərbaycan»: İyulun 8-də Fransanın Kann şəhərində Azərbaycan günləri başlanıb. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və iyulun 31-dək davam edəcək Azərbaycan günləri «Azərbaycan cazı» konsert proqramı ilə start götürüb. Gecədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib. Konsertdə Azərbaycan cazının tarixini və müasir improvizasiyalarını əks etdirən kompozisiyalar təqdim olunub.Gecədə iştirak edən qonaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycanın tarixini, milli və modern musiqi ənənələrini əks etdirən kitablar təqdim olunub.

«AZƏRBAYCAN VƏ TÜRKİYƏ İŞİD-İN PLANINDAN KƏNARDADIR»

«Bizim Yol» parçalanmış İraq, İranın bu münaqişənin nizamlanmasında rolu, İŞİD-in növbəti təhlükələri, həmçinin bu prosesin Azərbaycanı nə dərəcədə narahat edib-etməməsi ətrafında, Dubayda yaşayan tanınmış iranlı politoloq, Yaxın Şərq üzrə ekspert Məsud Əlfaqla müzakirə edib.

- İŞİD Azərbaycan və Türkiyənin ünvanına da hədələrlə çıxış edir. Sizcə, İŞİD təhlükəsi bu ölkələr üçün realdırmı?

Hesab etmirəm ki, hazırda İŞİD-in Azərbaycan və Türkiyəyə qarşı hazır hücum planı mövcuddur. İndi onların hədəfi Yaxın Şərq və ərəb ölkələridir. Azərbaycan və Türkiyəyə hücum imkansızdır, amma əgər İŞİD Yaxın Şərqdə möhkəmlənə bilsə, bütün dövlətlər, həmçinin bu iki dövlət üçün də problemlərin olacağı istisna deyil.

QHT-LƏRƏ BASQININ ARXASINDA NƏLƏR DAYANIR?

Ələsgər Məmmədli

Ələsgər Məmmədli

«Azadlıq» qəzeti: Azərbaycanda QHT-lərə qarşı amansız münasibət hər gün hiss olunur və hökumət bütün vasitələrlə QHT-lərin fəaliyyətinə nəzarəti ələ keçirmək istəyir... İndi QHT-lərlə bağlı qanunların sərtləşdirilməsi də bu siyasətin tərkib hissəsidir və müstəqil təşkilatları sıradan çıxarmağa xidmət edir. Media hüququ üzrə ekspert Ələsgər Məmmədli hesab edir ki, yürüdülən siyasət Azərbaycandan QHT-lərin çıxarılmasına xidmət edir: «Son dövrlər qanunların sərtləşdirilməsinə start verildi. Xüsusilə də QHT-lərin fəaliyyəti önə çəkildi və beynəlxalq nümayəndəliklərə də bu qanunlar şamil edildi. Digər hüquqi şəxslərdən fərqli olaraq, QHT-lərə daha çox prosedurlar tətbiq edildi. Məsələn, hüquqi şəxslərdən fərqli olaraq, QHT-lər 40 gün müddətində qeydə alınır. Yaxud QHT-lər vergi və digər hesabatları hüquqi şəxslərdən çox verirlər. Ümumi yanaşanda QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması prosesi gedir. Belə bir tendensiya var ki, Azərbaycan demokratik, inkişaf etmiş ölkədir və QHT-lərin, beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyətinə ehtiyac yoxdur. Rəsmi siyasət onu göstərir ki, qanunvericiliyə edilmiş dəyişikliklər bu təşkilatların ölkədən getməsini sürətləndirmək üçündür».

ƏYALƏTLƏRDƏ MƏMURLAR CAMAATA ZÜLM EDİR

«Yeni Müsavat» əhalinin hüquq müdafiəçilərinə şikayətlərinin əsasən hansı orqanlardan olmasını araşdırıb. Hüquq müdafiəçisi İradə Cavadova deyir ki, şikayətlərin çoxu sahibkarlıq və mülkiyyət hüquqlarının pozulması ilə bağlıdır. Onun sözlərinə görə, rayonlardan olduğu kimi şəhərdən də şikayətlərin sayı heç də az deyil. Rayonlarda daha çox özbaşına tikinti, mülkiyyət hüquqlarının pozulması halları ilə bağlı müraciətlər çoxdur: «ATƏT-in Bakı ofisi ilə 4 illik layihəmiz çərçivəsində sahibkarların problemləri ilə maraqlandıq. Sahibkarlarla bağlı şikayətlər çox idi».

BAHAR MURADOVANIN MƏKTUBU

Bahar Muradova

Bahar Muradova

İyunun 28-dən iyulun 2-dək Bakıda ATƏT Parlament Assambleyasının «Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru» devizi altında iyirmi üçüncü illik sessiyası keçirilib. «Azərbaycan» qəzeti yazır ki, Milli Məclisin Sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-dakı həmkarlarına məktubla müraciət edib. Məktubda «Helsinki+40» və onun prinsiplərinin ATƏT regionunda hər kəs üçünmü keçərli olduğu soruşulur.

«Fransalı deputata ATƏT regionunda sərbəst hərəkət üçün viza istəyirsiniz. Bu, Azərbaycan hökumətinin əlindədir. Əgər o, bu qurumlara müəyyən olunmuş şəkildə müraciət edərsə, maneəsiz viza verilə bilər.

Bəs 1 milyon Azərbaycan vətəndaşına, o cümlədən mənə - Dağlıq Qarabağ ətrafındakı Füzuli rayonundan köçkün olan Muradova Bahar Əvəz qızına, Azərbaycan Respublikasının Milli Məclisinin vitse-spikerinə, ATƏT PA-da nümayəndə heyətinin rəhbərinə ATƏT regionuna daxil olan ölkələrə deyil, öz evimə - Füzuliyə, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa qayıtmaq icazəsini kim verməlidir? Sizin həmkarınıza, tanıdığınız bir şəxsə, həm etnik azərbaycanlı soydaşlarımın, həm də «Böyük Ermənistan» ideyasının xırda girovuna çevrilmiş, Dağlıq Qarabağda iqtisadi və sosial çətinliklər içərisində boğulan erməni əsilli Azərbaycan vətəndaşlarının haqlarını eyni dərəcədə qorumağa çağıran bir həmkarınızın sualına cavab vermək istərdinizmi?».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG