Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:49

-

Marquez-in vətənində artıq markesanə ekzotik ədəbiyyat son nəfəsini verir...

“Düşən əyşaların səsi” romanı, Nabokovun diliylə desəm, “onurğa sütunumu” titrətdi...

Oxunmalı kitablar

QİSMƏT

DÜŞƏN ƏŞYALARIN SƏSİ

Neçə ildir düşünürəm ki, necə olur-olsun, dünya mədəniyyətinin dilində danışmağı öyrənməli və dünya ədəbiyyatındakı proseslərə ən azı bir-iki informasiya cığırı vasitəsilə qoşulmalı, üstəlik nəhayət ki, mənim cığır dediyim bu bilgialma kanallarının daimiliyinə nail olmalıyıq.

Hamımız çox yaxşı bilirik ki, ən yeni çıxan romanları, şeir kitablarını yaxın zaman kəsiyində dilimizə çevirə bilmirik, nəzəri-fəlsəfi kitablardan isə yəqin heç danışmağa dəyməz.

Əvvəllər heç olmasa rus ədəbiyyatından yeni kitablar az-çox dilimizə çevrilirdi, artıq o vərdişi də itirmişik.

Ötən ay İstanbuldaydım, kitab evlərini ələk-vələk elədim və gördüm ki, türklər artıq çağdaş rus ədəbiyyatının aparıcı imzalarının az qala hamısını çeviriblər.

Məsələn, Zaxar Prilepinin son kitabı Türkiyədə artıq rəflərdəki yerini tutub və deyim ki, xeyli də maraq var.

Yaxud artıq silsilə şəkildə Mo Yanın, Alis Munronun kitablarının tərcüməsinə girişiblər.

Gabriel Garcia Marquez

Gabriel Garcia Marquez

Booker mükafatına, İMPAC Dublin ödülünə layiq görülənlər demək olar ki, hamısı çevrilib, yaxud çevrilməkdədir.

Tərcüməsi vaxt tələb edən, irihəcmli əsərlərlə bağlı isə çoxsaylı dərgilərdə yığcam təqdimatlar nə qədər desəniz.

Elə müəllif yoxdur ki, kitabının tərcüməsi hazır olmasa da, ən azı dərgilərdə bir hekayəsi, bir neçə şeiri, müsahibəsi, essesi çevrilməsin.

Zaman-zaman sayt redaktoru dostlara dediyim bir düşüncəmi yenidən bölüşmək istəyirəm. Fikrimcə, istər dərgilərimizdə, qəzetlərimİzdə, istərsə də saytlarda mütləq həftədə bir neçə dəfə aparıcı xarici saytlardakı yeni çıxan kitablarla bağlı tanıtım yazıları tərcümə edilməlidir.

Bunun üçün məncə böyük pula, yaxud komandaya ehtiyac yoxdur. Sadəcə, hər sənətyönümlü mətbu orqan ingilis, fransız dili bilən bir tərcüməçi ilə bəlli qonorar qarşılığında işləməlidir.

Həmin tərcüməçilər qəzet-jurnal, ya da saytlar üçün həftədə iki, ya üç dəfə dünyaca məşhur aparıcı ədəbi jurnallardakı həcmi çox da böyük olmayan (olsun maksimum 5 min işarə) tanıtım yazılarını, xırda müsahibələri, kiçik esseləri çevirməlidir.

Juan Gabriel Vasquez Mayami Kitab Festivalında, 2011

Juan Gabriel Vasquez Mayami Kitab Festivalında, 2011

Çevirməlidir ki, heç olmasa informasiya səviyyəsində dünyanın nələrlə maraqlandığından, nələri müzakirə etdiyindən informasiya səviyyəsində də olsa xəbərdar olaq, bilək ki, dünyanın müxtəlif yerlərindəki yaşıdlarımız, nəsildaşlarımız nə düşünür, necə düşünür.

***

Marquez tələbəlik illərində çoxları kimi mənə də təsir edib. Sonralar nisbətən sistemli mütaliəyə baş vurandan, üstəgəl get-gedə az-çox öz ədəbi əcdadlarımı müəyyənləşdirəndən sonra mənim üçün Vargas Llosa daha doğma və önəmli oldu. Artıq neçə ildir ki, əfsanəvi şöhrətə malik Marquezdən daha çox mənə Llosa, Borges doğma gəlir. Ən azı yaradıcılığa daha rasional yanaşdıqları üçün. Estetik plandakı digər məsələlər ayrıca bir yazının mövzusudur.

Bu il prestijli “İMPAC Dublin” mükafatına layiq görülən Kolumbiya yazıçısı Juan Gabriel Vasquez-in “Düşən əşyaların səsi” romanını oxuyanda da eyni şeyi düşündüm: deyəsən get-gedə Marquez-in vətənində artıq markesanə ekzotik ədəbiyyat son nəfəsini verir. Buna bəlkə də post-marquez dövrü də demək olar.

Təyyarənin qara qutusu. Onun rəngi heç vaxt qara olmur...

Təyyarənin qara qutusu. Onun rəngi heç vaxt qara olmur...

Vasquez-in romanının mövzusu yaddaşdır. Əsər bir kasetdəki səs yazısını dinləyib ağlamağa başlayan, sonra isə küçədə naməlum adamlar tərəfindən güllələnən Ricardo Laverdenin dostu Antonio Yammaranın dilindən nəql olunur. Antonio dostu vurularkən onun yanında olur, ona da güllə dəyir, yaralanır. Neçə aydan sonra xəstəxadan çıxan Yammara dostunun naməlum kasetə qulaq asanda niyə ağladığını düşünməyə başlayır.

Bu düşüncə heç cür onu tərk etmir, axırı həmin kaseti tapıb dinləyir və məlum olur ki, o kasetdəki səs yazısı bir təyyarənin qara qutusuna aiddir. Bu qara qutudakı səslər Ricardo Laverdenin uzun illərdən sonra vətənə qayıdan keçmiş həyat yoldaşının qəzaya düşdüyü təyyarədəndir, yəni düşənlərin səsi ilə doludur. Romanın bundan sonrası Antonionun dostu ilə bağlı hər şeyi araşdırması, bir növ onun həyatının ta başından sonunacan - vurulanacan yenidən ilmə-ilmə bərpa olunmasıdır.

Bu axtarışa paralel olaraq, Kolumbiyanın ziddiyyətli, terrorla, mafiya ilə, ölümün adiləşdiyi illərlə bağlı tarixi də gün işığına çıxır. Ən adi bir insanın həyatı analiz edilib bərpa olunarkən, ölkə tarixinin qaranlıq məqamları da yaddaşdan sızmağa başlayır, individual, fərdi tarixlə, rəsmi tarix toqquşur, yaddaşın məsamələrində iç-içə keçir.

Vasquez-in romanında magik realizmə xas ekzotik, mübaliğəli heç nə yoxdur; hər şey ayrı-ayrı real detallar, obrazlar, flashback-lər vasitəsilə açılır. Son illər oxuduğum kitablar içində “Düşən əyşaların səsi” mənə gözlənilməz keçidləri, estetcəsinə təsvirləri, obrazları ilə həddindən ziyadə zövq verdi, Nabokovun diliylə desəm, “onurğa sütunumu” titrətdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG