Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:02

-

Orxan İsmayıl

Yalan qalibdir

Həqiqət vərəqlərini sadaladı barmaqlarım,

Tez qurtardı.

Doğrunu salıb altına təpikləyir Ali Yalan,

O bacardı.

Bu savaşın nəticəsi bəlli oldu hər birinə,

Həftə sonu.

Uçurdular əlahəzrət şah yalanın xatirinə,

Şar balonu.

Hər yalanın hədiyyəsi özü boyda yalan oldu,

Əyri oldu.

Doğruları yandırmaqçün icazə də alan oldu,

Xeyri oldu.

Qalaqlayıb, bir quyuya tökürdülər, üstlərinə

Qara torpaq.

Doğruların hökmdarın tulladılar ən dərinə,

“Öl, ay axmaq”.

Ölüm baba qarşıladı meyitləri hissə-hissə,

Bədən-bədən.

Şənlik idi, “xalq” sevinir, yoxuydu üzlərdə qüssə,

Nə ah çəkən.

Sona çatdı, həqiqətin, ədalətin rəngləri də,

Silindilər.

Yalanlarsa ayaq tutdu, dəstələrə, takımlara,

Bölündülər.

Biz sevgili olmamışıq

“Sevgimiz bitdi” deyirsən.

Mən bilən yaranmamışdı heç.

Bir dəfə nəfəs alıb-verməkdirmi sevgi?

On cüt barmaq ittifaqıdırmı sevgi?

İki bədən yapışmadı bir-birinə,

İki dodaq bircə dəfə görüşdülər.

Yetim uşaqlar kimi mehriban

Saatdan gileylənən qocalar kimi həssas

Cənublular kimi istiqanlı.

Bu yəqin hiss uyuşması, nəfəs dərdləşməsi imiş.

Mən bilən sevgi belə olmur.

Mən bilən sevgi bu deyil.

Bu yol yamanca qısa oldu, addımlığında bitdi.

Bu istək böyümədi, kükrəmədi, ucalmadı.

Bu istək tez əridi, bərkimədi, havadaca gözdən itdi.

Özümü tənha hiss etmirəm, əksinə

Çox şey dəyişmədi.

Dəyişən bircə dəfə nəfəslərimiz oldu.

Yad barmaqlar tanıdı barmaqlarım.

Yol yoldaşı oldu gözlərimiz.

Sən də rahat yaşa, həyatın hələ qabaqdadır.

İslanma hər yağışa, quruma hər istiyə.

Aparma özünü sevgidən yanmış, çox usanmış,

...güzgüdən utanmış.

Bax özünə - gələcəyi, həyatını güzgüdə gör.

Gülümsə, heç nə olmamışdı.

Biz tanış olmamışdıq.

Sən, bütün dərdlərdən özün qədər uzaq, özün qədər yaxın bir qız.

Xoşbəxtsən, varlısan, gözəlliyindir sənin manatların.

Axıracan xərcləmək istəmədim,

Cəmi bir neçə qəpik mənimsədim.

Günün bütün mövzuları

XS
SM
MD
LG