Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:11

AŞPA prezidenti Anne Brasseur həbsdə olan REAL sədri İlqar Məmmədova məktub yazıb. Bu barədə AzadlıqRadiosuna REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli məlumat verib.

AŞPA prezidenti Azərbaycanda həbsdə olan vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər, hüquq müdafiəçiləri kimi İlqar Məmmədovun da işini diqqətlə izlədiyini yazır.

«2014-cü ilin mayında Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında etdiyim çıxışlar, eləcədə də, ən yüksək siyasi səviyyədə ölkə rəhbərliyi ilə görüşlər zamanı sizin üzləşdiyiniz məsələni dəfələrlə qaldırmışam.

Avropa İnsan Haqları məhkəməsinin həbsinizin qanunsuz hesab edildiyi 22 may 2014-cü il tarixli qərarında sizin həbsinizin və istintaq müddətinin uzadılmasını konvensiyanın pozulması kimi dəyərləndirməsi mənə sizinlə və Azərbaycanda hökuməti tənqid etdiyinə görə oxşar təzyiqlər, hədə-qorxu ilə üzləşən digər vətəndaşlarla bağlı məsələni qaldırmaqda yardımçı oldu. Mən əminəm ki, Avropa Məhkəməsi tərəfindən çıxarılmış bu qərar sizin tezliklə həbsdən azad edilmənizə yardım etmiş olacaq».

Anne Brasseur məktubunda İlqar Məmmədovla bağlı məsələni Parlament Assambleyasının Strasburqda keçirilən iclasında Azərbaycan prezidentinə də çatdırdığını yazır.

«Müzakirələr zamanı prezident bu, eləcə də demokratiya, insan hüquqları, qanunun aliliyi prinsipləri, eləcə də gündəmdə olan digər ətrafında fikir mübadiləsi aparmaq üçün məni Azərbaycana işgüzar səfərə dəvət etdi. Mən prezidentin bu təklifini qəbul etdim və hazırda bu səfərin reallaşması üçün əlverişli tarix nəzərdən keçirilir».

AŞPA prezidenti həm İlqar Məmmədov və Azərbaycanda həbsdə olan insan hüquqlarının müdafiəçilərinin azad edilməsi yolunda səylərini davam etdirəcəklərini bildirir. «Mən həmçinin həbsxanalarda saxlanılan fəallarla da görüşlər keçirməyi planlaşdırıram və əgər həmin vaxt siz hələ də həbsdə saxlanılacaqsınızsa, mən sizinlə də mütləq görüşməyi düşünürəm» deyə məktubda bildirilir.

Natiq Cəfərlinin dediyinə görə, AŞPA prezidentinin məktubunu İlqar Məmmədova iyulun 10-da Şəkiyə növbəti səfərləri zamanı çatdıracaqlar.

İlqar Məmmədov 2013-cü ilin yanvarda İsmayıllı rayonunda kütləvi iğtişaşlarla bağlı həbs olunub və 7 il müddətinə azadlıqdan məhrum edilib. Amnesty International beynəlxalq hüquq təşkilatı İ. Məmmədovu «vicdan məhbusu» kimi tanıyıb. Amma Azərbaycan hakimiyyəti İlqar Məmmədovun siyasi mülahizələrlə həbs edildiyini inkar edir. Mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi verdiyi qərarda bildirib ki, İlqar Məmmədovun həbsində məqsəd «onu susdurmaq və ya cəzalandırmaq» olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG