Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:45

-

İyulun 8-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

«Bizim Yol» qəzeti Ukrayna hadisələri, iqtisadi müharibələr və bunun nəticəsi kimi Rusiyada miqrantlar problemini Rusiya Prezidenti yanında Beynəlxalq Məsələlər Şurasının üzvü, Rusiya İctimai Palatasının beynəlxalq münasibətlər və ictimai diplomatiya üzrə işçi qrupunun üzvü, Beynəlxalq Əməkdaşlığa Yardım Fondunun prezidenti Aleksandr Sokolovla müzakirə edib. Sokolov deyib ki, Rusiyanın Ukrayna məsələsində öz mövqeyini müdafiə etməsi təbii haldır. Öz maraqlarını əsas götürən Moskva mövqeyini sərt, amma ədalətli şəkildə qoymalıdır: Ukrayna öz iqtisadi gələcəyini hansı modeldə gördüyünü aydınlaşdırmalıdır. Bunun üçün onun əlində kifayət qədər imkanlar var.

«Ukrayna rəhbərliyinin əsas səhvi odur ki, onlar iqtisadi məsələni siyasi ilə qarışdırdılar. Əslində Kiyev onun üçün Avropa Birliyindənsə Gömrük İttifaqının iqtisadi cəhətdən daha çox fayda verdiyini hesablamalıydı. Amma onlar bunun əvəzinə iqtisadi problemi Avropa-Rusiya qarşıdurması kimi qələmə verməyə başladılar. Onlara elə gəldi ki, Avropa ilə müqavilə imzalayan kimi, o dəqiqə bütün əhali Avropadakı kimi yaşayacaq. Məsələn, Əlcəzair və Mərakeş də Avropa ilə iqtisadi sənəd imzaladılar. İndi onlar Avropadakı kimi yaşayırlar? Təbii ki, xeyr. Avropalı kimi yaşamağın yolunun yalnız bir imzadan keçdiyini xalqa başa salmağa çalışanlar yalan deyir, xalqı aldadır və deyərdim ki, uçuruma aparırlar».

«DOLLARDAN İMTİNANIN PERSPEKTİVİNİ GÖRMÜRƏM»

«Yeni Müsavat»: Qərbin, xüsusən də ABŞ-ın sanksiyalarına cavab olaraq, Rusiya maliyyə əməliyyatlarında, xarici ticarətdə dollardan tədricən imtina etməyə başlayıb. İqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, dollardan imtinanın və Rusiya ilə qarşılıqlı ticarətin ancaq milli valyutalarla aparılması təklifinin perspektivini görmür:

«Bu təklifin siyasi yükü onun iqtisadi səmərəliliyindən daha çoxdur. Ola bilsin məhdud mal qrupu üzrə ticarət əlaqələrində dollardan imtina edilərək milli valyutalara üstünlük verilsin. Bundan artıq perspektiv görmürəm. Ümumilikdə isə ideyanı qeyri-real və səmərəsiz hesab edirəm».

FRANSADA AZƏRBAYCAN GÜNLƏRİ KEÇİRİLƏCƏK

İyulun 8-də Fransanın Kann şəhərində Azərbaycan günlərinə start veriləcək. AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə başlayan tədbirlər «Azərbaycan ənənələr və gələcək ölkəsi» şüarı altında keçiriləcək. Artıq Kann şəhəri və ictimai nəqliyyat Azərbaycanın təqdimat bannerləri ilə bəzədilib. İyulun 31-dək davam edəcək Azərbaycan günlərində ölkənin tarixini, adət-ənənələrini, eyni zamanda, müasir incəsənətini əks etdirən sərgilər, muğam sənəti, klassik və caz musiqisi, milli mətbəxdən nümunələr təqdim olunacaq. Azərbaycan günləri çərçivəsində Heydər Əliyev Fondunun «Müasir dəbdə Azərbaycan cazibəsi» layihəsi təqdim olunacaq.

GÜLƏN MƏKTƏBLƏRİ LİSEY OLACAQ

Fətullah Gülənin lideri olduğu Gülən camaatına məxsus özəl məktəblər Türkiyə Təhsil Nazirliyinin balansına keçirildi. ANS PRESS-in məlumatına görə, Gülən məktəblərinin (dərsanələr) adı dəyişdirilərək «Təməl Lisey»(çoxproqramlı) olacaq.

«Qafqazinfo»: Azərbaycanda isə hələ ki, ortalıqda qəti bir mövqe yoxdur. Övladlarının taleyi ilə maraqlanmaq üçün bura gələn valideynlərə də ayın 15-dən tez heç nə deyə bilməyəcəklərini deyirlər. Tutaq ki, uşaqları başqa məktəblərə paylaşdırdılar, bəs bu məktəbin binası necə olacaq? Çağ Öyrətimə məxsus əsas binanın üzərindən Bakı Özəl Türk Liseyi sözləri artıq çıxarılıb. Amma valideynlər hələ də uşaqlarını bu məktəblərdən çıxarmağa tələsmirlər. Onlar bu məktəbə alternativin olmadığını deyirlər. Təhsil Nazirliyi isə bu günə qədər özəl liseylərdən 245 şagirdin ölkənin orta məktəblərinə yerləşdirilməsini həyata keçirib. Xatırladaq ki, özəl türk liseylərində 3200 şagird təhsil alır. Müəllimlərin sayı isə 400-ə yaxındır. Yəni onların yerləşdirməsində elə bir ciddi əngəlin olacağı gözlənilmir.

PƏRVİZ HƏŞİMLİNİN APELYASİYA MƏHKƏMƏSİ BAŞLADI

Pərviz Həşimli

Pərviz Həşimli

«Azadlıq»: İyulun 7-də Bakı Apelyasiya Məhkəməsində jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Pərviz Həşimli prosesin qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsinə dair vəkillərinin qaldırdığı vəsatəti müdafiə edib. O, eyni zamanda, hakimlərə Cinayət Məcəlləsinin 295-ci maddəsində bilərəkdən qanunsuz hökmlər çıxartmağa görə nəzərdə tutulmuş həbs cəzasını xatırladıb. Jurnalist həmçinin dövlət başçısı İlham Əliyevin bugünlərdə Avropa Şurası Parlament Assambleyasındakı çıxışını yada salıb: «Prezident bəyan etdi ki, Azərbaycanda insan hüquqları qorunur. Hüquq pozanlara qarşı isə adekvat münasibət göstərilir. Siz də bu işə obyektiv baxmaqla sübut edin ki, İlham Əliyev doğru deyir. Vəsatətlərə gəlincə, xüsusən mənim üçün prinsipial olan həbs olunduğum gün sərhədi keçən İran vətəndaşlarının adları və fotoları haqda Dövlət Sərhəd Xidmətinə sorğu göndərilməsidir. Sizləri ədalətli olmağa çağırıram».

Çıxışlardan sonra hakimlər müşavirəyə gedərkən birdən yadlarına düşüb ki, heç prokurorun məsələyə münasibətini öyrənməyiblər. Qayıdıb Orxan Dəmirlinin fikrini soruşublar. O isə vəsatətin təmin olunmamasını istəyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG